Azərbaycanda elektron hökumət necə qurulur?

Tanınmış ekspert: "Bu sahədə ciddi problemlər qalır"

"Elektron hökumət quruculuğu ilə bağlı mühüm addımlar atılsa da, son vaxtlar bu istiqamətdə konseptual addımların, infrastruktur işlərinin zəiflədiyi hiss olunur. Elektron hökumət quruculuğunun 2013-2015-ci illərdə inkişaflı ilə bağlı dövlət proqramından da hələlik bir xəbər yoxdur". Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz "media forum" saytına belə deyib.

Osman Gündüz daha sonra bildirib: "Əvvəllər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində qapalı və qeyri-şəffaf formada fəaliyyət göstərən elektron hökumət quruculuğu üzrə əlaqələndirmə qurumu vardı. Effektivliyi yetərli olmasa da, vaxtaşırı bu qurumun toplantıları olurdu, fikir mübadiləsi aparılırdı. Elektron hökumət quruculuğu sahəsində müəyyən səlahiyyətlər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinə veriləndən sonra bu əlaqələndirmə qurumunun fəaliyyəti dayandırılıb, yeni əlaqələndirici format isə yoxdur. Fikrimcə, bu qurumun fəaliyyətinin daha təkmil və yeni formatda təşkil edilməsinə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin, digər əlaqəli dövlət təşkilatlarının, özəl sektorun iştirakı ilə daimi fəaliyyət göstərən əlaqələndirici bir mexanizm hazırlanmasına ciddi ehtiyac var. Elektron hökumət portalının da informasiya təminatı üzrə idarəetmə mexanizmi təkmilləşdirilməlidir".
Osman Gündüzün fikrincə, elektron xidmətlərin təşviqi üzrə İctimai Şuranın apardığı işlər bu istiqamətdə problemlərin yetərincə olduğunu göstərir: "Hökumətin təsdiqlədiyi 420-dək xidmətdən təxminən 150-si hələ də elektron formaya keçirilməyib, xidmətlərin 60 faizi portala inteqrasiya olunmayıb, 35 faizi isə elektron xidmətlər reyestrinə daxil edilməyib. Məlumat bazalarının inteqrasiyası, mühüm əhəmiyyət kəsb edən sosial əhəmiyyətli xidmətlərin elektron formaya keçirilməsi, xidmətlərin keyfiyyəti, bəzi dövlət qurumlarında sadəcə vəsait çatışmazlığı ucbatından elektron xidmətlərin təşkilinin mümkünsüzlüyü kimi problemlər qalmaqdadır. Vahid təşkilati-texniki tələblərin müəyyən edilməsinə çox ehtiyac var. Dövlət informasiya bazaları üzrə vətəndaşlar üçün vahid fərdi identifikasiya nömrəsinin olmaması inteqrasiyaya əngəl yaradan problem kimi qalmaqdadır.
Ümumiyyətlə görünən budur ki, elektron hökumət quruculuğu sahəsində ciddi problemlər qalır və səlahiyyətli qurumların buna ciddi reaksiya verməsinə ehtiyac duyulur".
Sənan Mirzə