“Xalq Cəbhəsinin nümayəndələrindən biri dərs vaxtı mənim qalstukumdan tutub dartıb yerə saldı”
“Xalq Cəbhəsinin nümayəndələrindən biri dərs vaxtı mənim qalstukumdan tutub dartıb yerə saldı”

Mais Güləliyev: “Rusiyada kimlərsə qızışdırdıqları millətçilik odunda əllərini isidirlər”

Son günlərdə ölkədə baş verən proseslərlə və Rusiyadakı soydaşlarımıza qarşı başlanmış kampaniya ilə bağlı suallarımızı Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyev cavablandırır.

-Mais müəllim, Rusiya mətbuatı Azərbaycanda vəhabi təriqətindən qaynaqlana biləcək potensial dini-sosial təhlükə barədə yazmağa başlayıb. Yadınıza salım ki, amma bir müddət əvvəl QMİ-nin başçısı Allahşükür Paşazadə bildirmişdi ki, ölkədə dini zəmində təfriqə sala biləcək qüvvə yoxdur. Sizcə, dini təriqətlər zəminində ölkədə qatışıqlıq yaradılması perspektivi nə dərəcədə realdır?
-Vəhabilik təriqətinin Azərbaycanda nə dərəcədə güclü olması barədə məlumatım çox azdır və fikrimcə, sualdakı problemlə bağlı müvafiq dövlət qurumları daha dəqiq cavab verməyə borcludur. Amma bölgədə və o cümlədən ölkədə dini zəmində konflikt yaratmaq bir sıra beynəlxalq dairələrin planında ola bilər. Neçə illərdir ki, xarci dövlətlər müsəlman ölkələrində daxili münaqişələr yaratmaq üçün məhz dini təriqətlərdən istifadə edir. Azərbaycanda da qeyri-sabitlik yaratmaq üçün bu rıçaqlardan istifadə edə bilərlər. Suriyada bu gün nə baş verir? Məhz təriqətlərarası münaqişəni qızışdırırlar. Digər müsəlman ölkələrində də bu tip münaqişələr dəfələrlə törədilib. Əksər böyük dövlətlərin, xüsusən də Birləşmiş Ştatların xarici siyasətində yer alan əsas metodlardan biri də budur. Yəni hakimiyyətlə onların dəstəklədiyi müxalifət arasında qarşıdurmalar yaratmaq və bu yolla da cəmiyyəti zəiflədib idarə etmək. Yəni Azərbaycanda da belə bir təhlükə var. Ancaq bu ssenaridə kimlərdən, hansı dini təriqətlərdən istifadə edilə biləcəyi barədə mülahizə yürüdə bilmərəm.
-Rusiyada daha bir həmyerlimizin döyülüb şikəst edilməsi barədə məlumat yayılıb. Sizcə, son zamanlar Rusiyada soydaşlarımıza qarşı başlayan kampaniya rus millətçilərinin spontan davranışının nəticəsidir, yoxsa konkret planla bağlıdır?
-Belə məsələlər heç vaxt spontan şəkildə baş verə bilməz. Hadisələr xaotik şəkildə başlasaydı, bu səviyyədə təbliğat işi qurulmazdı. Hazırda Rusiyada əsasən bizim miqrantlara qarşı mübarizə başlayıb. Bu proseslərin kökündə müəyyən siyasi-iqtisadi maraqlar durur. Həm də yüksək səviyyədə müəyyən insanların bölgədə sabitliyi pozmaq maraqları hiss olunur. Belə durumlarda millətçilər həmişə prosesin önündə getməyə çalışırlar. Dünya tarixinə fikir verilsə, məhz millətçiliyi qızışdırmaqla bir dövləti digərinin üzərinə saldırıblar və yaxud müharibələr törədiblər. I və II dünya müharibələrinin başlanğıcında məhz etnik konfliktlər həlledici olub. Moskvada müəyyən iqtisadi dairələr var ki, bu və yaxud digər bazarı, ərazini, iqtisadi rayonu ələ keçirtmək üçün sosial və yaxud etnik zəmində konfliktlər törədir. Adətən, bu konfliktləri müəyyən qanuni formaya transfer edirlər. İndiki halda miqrantlara qarşı mübarizə adı altında hərəkət edirlər. O vaxt Dağlıq Qarabağ problemini törədəndə də, təxminən, bu cür üsullardan istifadə etdilər. O vaxt Rusiya mətbuatı bu baxımdan çox fitnəkar yazılar dərc edirdi. İndi Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. Onların 600 minə qədəri Rusiya vətəndaşıdır, qalanları isə orada qanunsuz şəkildə yaşayır. Rusiya KİV bu gün bilərəkdən etnik zəmində konfliktin yaranmasına xidmət edir. Fikir verirsinizsə, son zamanlar Rusiyada Jirinovski kimi millətçilərin reytinqi hədsiz dərəcədə yüksəlib. Sözügedən konfliktin qızışmasında onların xüsusi xidmətləri oldu. Onlar özlərinin siyasi mübarizələrində bu vəziyyətdən xeyli istifadə etdilər. Bunların hamısı sonda, aydın məsələdir ki, etnik qarşıdurmaları yaratmaqla hakimiyyət uğrunda mübarizədən qazancla çıxmağı güdür. Amma düşünürəm ki, çoxmillətli Rusiyanın gələcəyi orada hər bir millətə, onun adət və ənənəsinə, ruhuna, mili özünəməxsusluğuna hörmətlə yanaşmaqdan çox asılı olacaq. Rusiyada bu cəhətlərə fikir verilməlidir. Ancaq görünən budur ki, hazırda Rusiyada soydaşlarımıza qarşı başlayan kampaniya açıq-aşkar siyasi xarakter daşıyır. Rusiyada kimlərsə qızışdırdıqları millətçilik odunda əllərini isidirlər. Amma etiraf edilməlidir ki, miqrantlar da Rusiyada müəyyən problemlər yaradırlar. Rusiyada qanunsuz şəkildə yaşayan soydaşlarımızın əksəriyyəti bu ölkənin qanunlarını bilmir. Onların çoxusu hətta qeydiyyat proseduruna da əməl etmirlər. Qeydiyyatdan keçməyəndən sonra da qeyri-leqal şəkildə yaşayıb qeyri-leqal şəkildə də işləyirlər. Aydın məsələdir ki, sonda da zorakılığa məruz qalırlar. Rusiyanın hüquq-mühafizə orqanlarında çalışanların 10 faizi qanuna riaət edib işləyirsə, 90 faizi qanunu gözləmir və bu qeyri-qanuni miqrantlar həmin 90 faizə aid olanlarla rastlaşanda istər-istəməz zorakılq faktları qeydə alınacaq. Yəni soydaşımız olan miqrantlar mümkün qədər Rusiyanın qanunlarına əməl etməlidirlər. Bəs İngiltərədə və yaxud Almaniyada niyə belə faktlar müşahidə olunmur? Birləşmiş Ştatlarda gedib gizlincə işləmək olarmı? Düzünü demək lazımdır. Bu miqrantların Rusiyada qalıb işləməsi üçün lazımi şərait yaradılmalıdır. O şərait də bundan ibarətdir ki, onlar qanunları, rus dilini, yerli əhali ilə davranmağı öyrənməlidirlər. Əgər alverlə məşğul olurlarsa, Rusiyanın ticarət və vergi qanunlarını bilməlidirlər. Axı onlar adi vətəndaş deyillər, orada Azərbaycanı təmsil edirlər. Azərbaycanı təmsil edən insanlar fikirləşməlidirlər ki, onların hər bir hərəkətinə görə hansısa günahsız bir soydaşımız, Rusiyanın qanunlarına doğrudan da əməl edən soydaşlarımız da və ümumən Azərbaycan xalqı əziyyət çəkəcək. Marşrut avtobusunda döyülmüş uşaq kimlərinsə neçə illər boyu göstərdiyi ədabazlığın, qanunlara
hörmət etməməyinin qurbanı olub. Xaricdən gələnlər Azərbaycanda bu cür hərəkətlər eləsə, biz dözərik? Dözmərik! Ona görə də nə qədər mümkündürsə, miqrantlar Rusiyanın qanunlarına hörmətlə yanaşmalı və onun tələblərinə əməl etməlidirlər. Kimsə Bakıdan Yekaterinburqa işləməyə gedirsə, zəhmət çəksin, qeydiyyatdan keçsin, zəhmət çəksin, işə girəndə əmək müqaviləsi imzalasın. Müqavilə bağlanmırsa, deməli, orada işləmək lazım deyil. Zəhmət çəkib vətəndə qalsın və yaşamaq uğrunda mübarizəni burada aparsın. Gedib orada xalqın adını biabır edən formada yaşamağın axır nəticəsi də məhz belə olmalıdır.
-Sizcə, yaxın beş ildə Azərbaycan müxalifətinin fəaliyyəti hansı yöndə və hansı xarakterdə ola bilər?
-Təxminən, 2018-2019-cu ilə qədər müxalifət güclənə bilər. Bu ehtimal çox yüksəkdir. Çünki müxalifətin indi və sonralar dedikləri müəyyən müddətdən sonra imperativliyə çevriləcək. Bundan sonra əhalinin müxalifətə yanaşması daha da genişlənə bilər. Amma mənim qorxduğum tamamilə başqa bir məsələdir. Qorxduğum budur ki, bu prosesin gedişində həmin müxalifət indiki hökumətdən daha qorxulu qüvvəyə çevrilsin. Yəni müxalifətin elə bir qanadı irəli düşə bilər ki, bu hökumətdən milyon dəfə pis ola bilər. Bax, mən bundan qorxuram. Çünki müxalifətin indiki hökumətin proqramından fərqli və gələcəyə yönəlik bir proqramı yoxdursa, problemləri həll etməyə hazır platforması yoxdursa, elmi şəkildə əsaslandırılmış proqramı yoxdursa və yalnız populistcəsinə çıxışlar edib əhalini öz arxasınca aparmağa can atması fəlakətə səbəb olacaq. Bu, böyük bəladır. Belə olan halda mən o müxalifəti deyil, məhz bu hakmiyyəti dəstəkləməyə məcbur olacağam. Ya da ki, 93-cü ildəki kimi bu müxalifətə qarşı mübarizə aparacağam. 93-cü ildə mən Azərbaycan Dövlət Universitetinin dosenti idim və Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətinə qarşı ən güclü mübarizə aparmaq əzmində olan müəllimlərdən biri idim. Hətta Xalq Cəbhəsinin nümayəndələrindən biri dərs vaxtı mənim qalstukumdan tutub dartıb yerə saldı ki, “Səni həbs etdirəcəyəm!” Hazırda Azərbaycan xalqı çox çətin bir seçim qarşısındadır. Mən adını çəkmək istəmirdim, ancaq, məsələn, Milli Şura deyirsə ki, ölkəni korrupsiya yeyir, bunu biz də deyirik. Amma biz deyirik ki, korrupsiya ölkəni ona görə yeyir ki, Azərbaycanın valyuta yığımı barədə maksimum və minimum hədləri Beynəlxalq Valyuta Fondu müəyyən edir. Bu fond tələb edir ki, artıq valyuta xərclənməlidir, vəssalam. Başqa cür ola bilməz. Hara xərcləyirsiniz, xərcləyin, daşa-divara xərcləyin, körpü tikin, bir yolu əlli dəfə təmir edin, amma xərcləyin, artıq yığım ola bilməz. Bu müxalifət də hakimiyyətdə olsa, Beynəlxalq Valyuta Fondu bunu tələb edəcək və onlar da bu tələbə əməl edəcəklər. Kim BVF-nun Azərbaycan iqtisadiyyatını fəlakətli həddə gətirib çıxartmış tələblərinə qarşı çıxacaqsa, mən onu müdafiə edəcəyəm.
Söhbətləşdi:
Fərzuq Seyidbəyli