Müxalifətin mitinq məğlubiyyəti
Müxalifətin mitinq məğlubiyyəti

Aksiyalara son verildi

Demokratik Qüvvələrin Milli Şurasının mitinqləri hələlik təxirə salınıb.Bu barədə məlumat verən Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, mitinqlər qurumun prezidentliyə keçmiş namizədi Cəmil Həsənlinin xarici səfərləri səbəbindən hələlik keçirilmir. Onun sözlərinə görə, Milli Şuranın mitinqlərinin davamlı keçirilməsi nəzərdə tutulur: “Mitinqlərin təxirə salınması ilə bağlı qərar yoxdur. Sadəcə, Cəmil Həsənli bu aralar ölkədə olmadığına görə, aksiyaların keçirilməsinə müəyyən müddətə ara verilib”.
Amma ekspertlər hesab edir ki, mitinqlərin təxirə salınması heç də bu səfərlə bağlı deyil. Sadəcə olaraq müxalifət artıq reallığı qəbul etməyə başlayıb və bu şəkildə mübarizənin aparılmasını faydasız hesab edirlər. Nəyə görə? İlk növbədə ona görə ki, müxalifət hesab edirdi ki, seçkilər sona çatandan sonra mitinq keçirtmək üçün hakimiyyətdən yer istəyəcəklər və hakimiyyət bundan imtina edəndən sonra küçə yürüşləri keçirtməklə beynəlxalq təşkilatların diqqətin Azərbaycana yönəldəcəklər. Amma gözlənilmədən hakimiyyət müxalifətin hər iki müraciətinə razılıq verdi və hər hansı bir qarşıdurmanın yaranmasına imkan tanımadı. Belə olan halda müxalifət iki dəfə aksiya təşkil etdi. Amma bu aksiyalara müxalifət güc çıxara bilmədi və nəticədə son mitinqdə biabırçılıq oldu. Buna görə gücsüzləşən və cəmiyyəti ətrafına toplaya bilməyən müxalifət mitinqdən imtina etdi. Mitinqdən imtinanın başqa bir səbəbi isə faktiki Milli Şuranın parçalanmasıdır. Son mitinqdə də aydın oldu ki, artıq heç bir partiya öz üzvlərini bu prosesə cəlb etmək niyyətində deyil.Bununla da KAXCP, ALP və ACP mitinqdə faktiki iştirak etmədilər. AXCP və Müsavata gəldikdə isə təşkilatlanma işi yararsız durumda idi və demək olar ki, hər partiya bir neçə rayon təşkilatının üzvlərini mitinqə gətirmişdi. Bütün bunlar isə sözsüz ki, müxalifətin çöküşü demək idi. Bunu da qeyd edək ki, öncələr AXCP daha çox aktivlik göstərsə də sonradan partiya sədrinin oğlunun həbsi və AXCP sədrinin müavini Asəf Quliyevin istefasından sonra AXCP-də geri çəkilməyə başladı. Ümumiyyətlə bildirilir ki, bu seçkilərdə istər AXCP, istərsə də Müsavat tam güclərini ortaya qoymadılar və maksimum dərəcədə Cəmil Həsənliyə görə üzvlərinin həbsi təhlükəsini qəbul etmədilər. Ekspertlər bildirir ki, müxalifətin Milli Şura daxilində parçalanmalarının başqa bir səbəbi də məhz bu oldu. Nəhayət başqa səbəblərdən biri də bu oldu ki, müxalifət üzvləri və liderləri bir-birini ittiham etməyə başladılar. Nəticədə belə bir mənzərə yarandı ki, sanki müxalifət liderlərinin hər biri ayrı-ayrılıqda hakimiyyətlə iş birliyindədirlər. Bunun nəticəsi olaraq cəmiyyətdə müxalifətə olan az-maz inamda yoxa çıxdı. Görünür bu səbəbdən son mitinqdə Cəmil Həsənlinin yanında bir nəfərdə olsa müxalifət lideri yox idi və Cəmil Həsənli 40 dəqiqəlik mitinqi gənclərlə yola verə bildi. Məhz bundan sonra müxalifət mitinq erasına nöqtə qoydu. Ekspertlər hesab edir ki, bundan sonra müxalifət uzax başı bir aksiyada təşkil etməklə, Cəmil Həsənli ilə yollarını ayıracaq və seçkilərin nəticələri ilə razılaşmalı olacaqlar.

Fuad