"Milli Şura"da dərəbəylikdir
"Milli Şura"da dərəbəylikdir

"Doğulması" ilə dağılması arasındakı məsafə addımla sayılacaq qədər qısa olan "Milli Şura"nın "kitabı bağlanır". Formalaşma dövrünü keçə bilməyən bu qurumda nəinki "yarpaq tökümü" başlayıb, parçalanma fəslidir. Bunun da səbəbi kimi "Milli Şura"nın prezidentliyə uğursuz namizəd imicini qazanan Cəmil Həsənlinin ayağının düşərsizliyi göstərilir. Doğrudur, destruktiv müxalifətin bir araya gələ bilmədiyi düşərgədə belə düşünənlərlə yanaşı, AXCP-Müsavat cütlüyünün digər siyasi partiyalar üzərində hökmranlıq iddiasının da rol oynadığını söyləyənlər tapılır. Bir sözlə, "Milli Şura"da həmrəylik əvəzinə dərəbəylik hökm sürür. Qurumun əsas funksionerlərinin bir-bir "aradan çıxması" məhz buradakı dərəbəylikdən soraq verir.

"Milli Şura"nı özfəaliyyət dərnəyi kimi tanıyan və oradan uzaqlaşmağa qərar verənlərdən biri ACP-nin sabiq sədri Rəsul Quliyev oldu. Müsavat Partiyası sədrinin müşaviri Mustafa Hacıbəyli bildirir ki, Rəsul Quliyevin "Milli Şura"dan kənarlaşdırılmasını tələb edənlər var: "Milli Şura"da tək mən yox, başqaları da Rəsul Quliyevin çıxarılmasının tərəfdarıdır. Gültəkin Hacıbəyli, Səxavət Soltanlı və başqaları da Rəsul Quliyevin "Milli Şura"ya yaraşan adam olmadığını bildiriblər".
"Milli Şura"da "ciddi müzakirə" olunan məsələlərdən biri də İsa Qəmbərin Müsavat Partiyasının sədrliyindən uzaqlaşdırılması və ya könüllü istefasıdir. Bu məsələni "ürək ağrısı" ilə qarşılayanlarla yanaşı, ona başqa prizmadan yanaşanlar da var. Bəziləri Müsavat başqanının 20 illik postundan uzaqlaşacağı təqdirdə partiyanın dağılacağını proqnozlaşdırdığı halda, bunun əksini söyləyənlər də az deyil. Partiyadaxili ziddiyyətlər artıq açıq müstəviyə keçir ki, onun da konturları görünməkdədir.
Bəzi Müsavat funksionerləri tərəfindən İsa Qəmbərin partiya sədrliyindən gedəcəyi təqdirdə partiyada istefaların olacağı barədə səsləndirilən fikirlərə münasibət də birmənalı deyil. Köhnə sədrə "yaxşı yol" arzulayanlar onun könlünü almaq üçün deyirlər ki, İsa Qəmbər yalnız başqanlıqdan gedəcək, partiyadakı fəaliyyəti isə davam edəcək. Yəni, onun başqanlıqdan getməsi, partiyadan çıxması anlamına gələ bilməz.
Maraqlı olduğu qədər də təzadlı görünən məqamlardan biri isə Müsavatla AXCP-nin birləşməsi və Cəmil Həsənlinin bu "birliyə" sədr seçilməsi barədə səsləndirilən təklifdir. Hər iki partiya tərəfindən soyuq qarşılanan bu fikrin, yaxud ideyanın Müsavatdan gəlməsi də adıçəkilən siyasi qurumun artıq bu ad altında fəaliyyətinin mümkünsüzlüyünə bir işarədir.
Prezident seçkilərindəki uğursuzluğundan sonra üzvlərini bir-bir itirən "Milli Şura"da baş verənləri (dartışmalar və dağılmalar nəzərdə tutulur) demokratiyanın təzahürü sayanlar özləri də yaxşı bilirlər ki, burada toplaşan partiya sədrləri illərdir, siyasi arenada öz "kapitalını" xərcələyərək tükənmiş insanlardır. Bu üzdən də onlar yeni qüvvələrə könüllü meydan verməkdən çəkinirlər.
"EL"in sədr müavini Köçəri Nağıbəyli bildirib ki, "Milli Şura"da davamiyyət və başqa məsələlər qurumun etika komissiyasında müzakirə olunacaq və növbəti sessiyada "Milli Şura"dan çıxarıla və yeni üzvlərlə bağlı qərar verilə bilər.
Onun sözlərinə görə, sessiyada "Milli Şura"nın həmsədrlik məsələsi də müzakirəyə çıxarıla bilər. Bu da o deməkdir ki, "Milli Şura"nın heç bir tədbirinə qatılmayan Rüstəm İbrahimbəyov yaxın zamanlarda Cəmil Həsənli ilə əvəzlənə bilər. Çünki Cəmil Həsənlinin "Milli Şura"nın prezidentliyə "əlavə vahid namizəd" dövrü başa çatdığı üçün o, hazırda bu qurumda konkret olaraq heç bir vəzifə daşımır. İsa Qəmbərdən yaxa qurtarmağa çalışan müsavatçıların AXCP ilə Müsavatın birləşdirilərək Cəmil Həsənlinin bu yeni partiyaya sədr qoyulması barədə təkliflərini ötəri və heç də təsadüfi hesab etmək olmazdı. "Milli Şura"nı Müsavatın təsiri altında saxlamaqla AXCP-ni tərksilah etməyə hesablanmış bu ideya cəbhəçilərin diqqətindən yayına bilməz.
Sıravi müsavatçıların bəzilərinin Cəmil Həsənlinin İsa Qəmbərin boşaldacağı posta gətiriləcəyi barədə verdiyi açıqlamalar da düşərgədə qıcıqlanmalara səbəb olub. Bəzi müsavatçı funksionerlər bunu yozdurmaq üçün söyləyirlər ki, Cəmil Həsənli nəinki Müsavat Partiyasına, əslində, yaradılacaq "super partiya"ya sədrliyə real namizəddir.
Burada "super partiya" yaratmaq ideyasının nədən ortaya atılmasını min yerə yozsalar da, məqsəd "Milli Şura"nın fəaliyyətsizliyini kompensasiya etmək, cırtdan partiyalar üzərində Müsavatın hökmranlığını dolayısı ilə gücləndirməkdir.
Lalə Şövkəti "Milli Şura"ya xəyanətdə ittiham edən "Yeni Müsavat" qəzetinin baş yazarı Rauf Arifoğlunun prezident seçkilərində və sonrakı dönəmdə susmasına və bu qondarma qurumdan uzaqlaşmasına özünəməxsus yanaşması da maraqlıdır: "Lalə Şövkət tipik əliyevçidir. O, öz xarakterindən, xasiyyətindən ayıla, qopa, demokrat ola bilmədi. Proseslərin ən kritik nöqtəsində də bunu büruzə verdi, bütün müxalifət liderlərini aşağılayan bir açıqlama ilə çıxış etdi. Bu da onu göstərir ki, bu xanım onu Azərbaycan siyasətinə gətirən Heydər Əliyevi unuda bilməyib. Belə görünür ki, qarşısına çıxan, onunla əməkdaşlıq edən hər kəsi onunla müqayisə edir və onun aləmində Heydər Əliyev qalib gəlir. Mən hesab edirəm ki, mövcud hakimiyyətə qarşı qurulan bir alyansda bu hakimiyyətin qurucusunu, memarını özünə ideal hesab edən bir şəxsin yeri olmamalıdır. Lalə Şövkət də bunu anladı və getdi".
ALP sədri Əvəz Temirxanla Müsavat funksionerləri arasında davam edən qalmaqallı mübahisələr və dartışmalar da məhz buradan qaynaqlanır. Lalə Şövkətin "Milli Şura"dan istefasını acı təbəssümlə qarşılayanlara Əvəz Temirxanın xatırlatmaları qarşı tərəfə "ciddi mesaj"dır.
Alı