“İran nüvə proqramından geri çəkilsə, ardınca başqa tələblər gələcək”
“İran nüvə proqramından geri çəkilsə, ardınca başqa tələblər gələcək”

Zərdüşt Əlizadə: “Milli Şuranı ciddi sınaqlar gözləyir”

Son günlərdə ölkədə və o cümlədən bölgədə baş verməkdə olan siyasi proseslərlə bağlı suallarımızı politoloq Zərdüşt Əlizadə cavablandırır.

-Zərdüşt bəy, prezident seçkilərinə qədərki Milli Şura ilə indiki Milli Şuranın fəaliyyətində fərqli cəhətlər müşahidə olunur. Parlament seçkilərinə qədər bu qurum nə dərəcədə effektli çalışa biləcək?
-Azərbaycanda müxalifətin tam şəkildə fəaliyyət göstərməsi üçün əlverişli imkanlar çox məhduddur. Prezident seçkilərinə qədərki Milli Şuranın əsasını üç siyasi qüvvə təşkil edirdi: Ziyalılar Forumu, Müsavat Partiyası və AXCP. Müsavat Partiyası o zaman Milli Şuraya qoşulmq baxımından bir sıra manevrlər etdi. O zaman bildirdim ki, İsa Qəmbər Milli Şuraya qoşulmaq istəmirsə, bunu açıq şəkildə bəyan etməlidir. Onun Şuraya qoşulduqdan sonra öz müavinləri və tərəfdarları vasitəsilə Milli Şuranı Rusiyaya işləməkdə ittiham etməsi qeyri-səmimi siyasətçi olduğunu söyləməyə əsas yaradır Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Milli Şura ilə bağlı tənqidi fikirlər səsləndirirdi. Özünü Rəsulzadə-Elçibəy yoluna sadiq olduğunu deyən Müsavat funksioneri Milli Şura kimi qurumlara qoşulmayacağını bəyan etməklə Şuranın rusmeylli siyasət yürütdüyünə eyham vururdu. Amma qeyd etməliyəm ki, Pənah Hüseyn və Arif Hacılı müstəqil siyasətçi deyillər və onlar müstəqil fikir söyləyə bilməzlər. Həm Pənah Hüseyn, həm də Arif Hacılı birmənalı şəkildə İsa Qəmbərin tapşırıq və göstərişləri ilə fikir bildirirdilər. Onlar müstəqil siyasətçi deyillər və Milli Şura haqqında söylədikləri İsa Qəmbərin sifarişidir. Əgər İsa Qəmbər hesab edirdisə, Milli Şura rusmeyllidir, o zaman deyə bilərdi ki, mən qərbin, şərqin, marsın, yupiterin adamıyam və onlarla birlikdə ola bilmərəm. Təəssüf ki, o qeyri-səmimi siyasətini bu gün də davam etdirir. Rüstəm İbrahimbəyov çox tanınmış, mötəbər, hörmətli bir adamdır. Heç kəs deyə bilməz ki, Rüstəm İbrahimbəyov dövlət büdcəsindən “nuş” edib. 1989-cu ildən Azərbaycandakı bütün seçkilərdə ya namizəd, ya müşahidəçi, ya vəkil olaraq iştirak etmişəm. Onu deyə bilərəm ki, bütün seçkilərdə qələbə imkanı var, bu, resurslardan və insanlardan asılıdır. 2005-ci ildə bir dairədə 3 namizəd iştirak edirdi. Sadəcə, Azərbaycanda qanunsuzluq o zaman olur ki, məhkəmə bu barədə qərar çıxardır və əlaqədar qurumlar bunun qarşısını alır. Əgər bu baş vermirsə, “bacarana can qurban” sözləri işləyir. Amma prezident seçkilərindən sonrakı durum tamamilə başqadır və Milli Şuranı ciddi sınaqlar gözləyir. Unutmayaq ki, daim Azərbaycanda gedən siyasi proseslərdə xarici faktorun rolu olub. İstər 1990-cı il, istərsə də 1992-ci il prezident seçkilərində Elçibəyin seçilməsində Türkiyənin və Rusiyanın rolu oldu. Düzdür, 10 il əvvəlki kimi xarici faktor rol oynamır, ancaq mühüm rol oynaya bilər. Rusiya və ya Qərb mətbuatında elə şeylər yazarlar ki, bunlar halbuki yoxdur. Məsələn, o qədər yazdılar ki, Qəzzafi Benqazidə əhalini havadan atəşə tutdu və devirib öldürdülər. Sonra məlum oldu ki, Benqazidə elə şey də olmayıb. Necə ki, Ayaz Mütəllibov haqqında yazırdılar ki, Xocalı faciəsini o təşkil edib, sonradan Rusiyanın hazırladığı plan əsasında faciənin baş verdiyi aşkarlandı.
-Son zamanlar Qərb-İran münasibətlərində bir yumşalma, dialoq ruhu hiss olunur. Sizcə, bu mülayimləşmə bölgəyə və Azərbaycana nə verə bilər?
-Qərblə İran arasında uzun illər davam edən gərginlik həqiqətən də zəifləməyə doğru gedir. Tərəflərin müsbət fikirləri problemin həlli istiqamətinə doğru gedilməsindən xəbər verir. Əgər tərəflər deyirsə ki, hansısa ilkin müsbət nəticələr var, deməli, hadisələr məsələnin həlli istiqamətində də davam edir. Maydakı görüşlərdən hansı nəticənin hasil olması maraqlıdır. Hər halda bu, özü-özlüyündə müsbət hadisədir ki, bölgəni müharibə şəraitindən uzaqlaşdırmağa xidmət edən addımlar atılır. Amma buna heç kim zəmanət verə bilməz. Çünki orada xeyli sayda iştirakçı var və onların hərəsinin öz məqsədi var. Hər halda görünür müharibə nə İrana, nə də Qərbə yaxşı heç nə vəd etmir. Ona görə də tərəflər məcburdurlar ki, hər iki tərəf üçün faydalı olan güzəştlər istiqamətində hərəkətə başlasınlar. Qərbin gözləntisi budur ki, İran indiyə kimi icazə vermədiyi hərbi obyektlərə, ilk növbədə Parçin hərbi bazasına MAQATE müfəttişlərini buraxacaq. Bu, İranın xoş niyyətinin nümayişi olacaq. İranın gözləntisi isə budur ki, Qərbin İranı hədələməsinə son qoyulacaq, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar ləğv ediləcək. Bu da Qərbin xoş niyyətinin göstəricisi olacaq. Bundan sonra İranın nüvə proqramının yalnız dinc səciyyə daşımasına zəmanət verən hansısa konkret addımlar barədə danışmaq olar. Eyni zamanda da İran özünün nüvə proqramını inkişaf etdirmək hüququnun tanınmasını tələb edə bilər. Bununla da İran-Qərb münaqişəsi aradan götürülə bilər. Qərb və İran arasında olan yumşalma müsbət bir haldır. Tərəfləri maraqlandıran, müzakirə üçün əsas ola bilən təkliflərin masa üstündə olması və bu təkliflərin gələn ay Moskvada müzakirəsinin davam etdirilməsi bunlar özü özlüyündə müsbət hadisədir və beynəlxalq sülhün möhkəmlənməsinə, gərginliyin azalmasına xidmət edən addımlardır. Həmçinin müharibə arzusunda olanların ümidlərini zəiflədən addımlardır. Mən hesab edirəm ki, hər bir ağlı başında olan insan, xüsusilə bu bölgədə yaşayan insanlar belə meylləri alqışlamalıdırlar ki, Qərb və İran arasında gərginlik azalır. İran rəsmiləri ilə Qərb diplomatlarının təmaslarında Qərbin əsas marağı İranı nüvə proqramından çəkindirməkdir. Əgər nüvə proqramından İran geri çəkilsə, ardıyca başqa tələblər gələcək. Qərbin, xüsusilə də Amerikanın siyasəti budur ki, kim onların qabağından qaçırsa, onun üzərinə gedirlər. Başqa tələblər səsləndirirlər. Geri çəkilmə baş versə, o saat milli azlıqlar məsələsini və başqa məsələləri ortalığa atacaqlar. Təsadüfü deyil ki, artıq Bakıda İranın parçalanmasına həsr olunmuş tədbir keçirilib. Sonra başlayacaqlar milli azlıqlar məsələsini qabardacaqlar. Sonra silahlı mübarizə üsullarına başlayacaqlar. Daha sonra isə humanitar təcavüz haqqında məsələ qaldıracaqlar. Çinlə Rusiya buna imkan verməsə, Suriya variantına əl atacaqlar. Başlayacaqlar Suriyadakı kimi terrora əl atmağa. Ayrı-ayrı ölkələrdən terrorçu qrupları İrana yeridəcəklər.Bütün bu məsələlərin arxasında İranın Qərbə itaət etməməsi durur. Əgər İrandakı indiki hakimiyyət Səudiyyə kralları səviyyəsinə enib, onlara boyun əysələr o zaman Qərbin İran hakimiyyətilə işi olmayacaq. Qeyd edək ki, ötən il ərzində İran ilə "5 1" ölkələri arasında üç görüş keçirilib. Bunların birincisi İraqda, ikincisi Türkiyədə, üçüncüsü isə Rusiyada keçirilib. Görüşlər demək olar ki, nə mahiyyətcə, nə formaca, nə də nəticə etibarilə bir-birindən fərqlənib. Fərqlənməmənin də səbəbi təbii və aydındır. İran, dinc nüvə proqramının inkişaf etdirilməsini və uranın zənginləşdirilməsini özünün haqqı bilir və geriyə addım atmamaqda israrlıdır. Qərb ölkələri isə İranda uranın zənginləşdirilməsini dayandırmağı tələb edir və bunu təhlükə hesab edirlər. Yerdə qalan iki ölkə - Çin və Rusiya isə yaranmış bu vəziyyətdən çıxış yolları təklif edir. Almatıda keçiriləcək görüşün bir önəmli özəlliyi də ondan ibarətdir ki, danışıqlar ilk dəfə mediaya açıq şəkildə keçirildi. Bu mövzuya dünyanın marağını sübut edən faktlardan biri bu günlərdə ortalığa çıxdı. Qazaxıstan XİN-in açıqlamasında bildirildi ki, indiyə qədər 150 ölkədən müxbir keçiriləcək görüşləri işıqlandırmaq üçün qeydiyyatdan keçib. Görüşlərin obyektiv şəkildə işıqlandırılması və düzgün təhlillərin aparılması üçün bu da çox önəmlidir.
-Məlum səbəblər üzündən gərginləşməkdə olan Azərbaycan-Rusiya münasibətləri dekabr ayının 15-dək çözülməlidir. Bu perspektiv bizə nə vəd edir?
-Rusiyada baş verən proseslər bu ölkənin daxili işidir. Azərbaycan hökuməti ölkə vətəndaşlarının problemləri ilə məşğul olsa, daha yaxşı olar. Biabırçı məhkəmələrə son qoysa, daha yaxşı olar. Maliyyə naziri bildirir ki, gələn ildən bir sıra zəruri mallara görə qiymətlər qalxacaq. Hökumət bunun qabağını almağa çalışsa, daha yaxşı olar. Yeni müdafiə naziri ATƏT-in Minsk Qrupunun rus həmsədrindən Ermənistandakı hərbi bazanın komandiri polkovnik Ruzinskinin Azərbaycana qarşı bəyanatı ilə bağlı izahat tələb edib. Amma, fikrimcə, Zakir Həsənovun dövlət qarşısında ən yaxşı xidməti Səfər Əbiyevin bərbad günə qoyduğu ordunu qaydaya sala bilməsi olar.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli