Gəncədə ağır yol qəzası: ölən var
Gəncədə ağır yol qəzası: ölən var

Bakıda isə minik abtomobili salto vurdu, maraqlılar tıxac yaratdılar

Kəpəz TV xəbər verir ki, dünən axşam 20 radələrində Gəncə şəhəri Heydər Əliyev prospektində ağır yol qəza hadisəsi baş verib. Şəhər sakini 34 yaşlı Alim Hüseynov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən Ələkbər Alıyevə məxsus "Mercedes"lə toqquşub.

Nəticədə "VAZ 2107"də olan Alim Hüseynovun həyat yoldaşı Günel Əliyeva hadisə yerindəcə dünyasını dəyişib. Sürücü və onun övladları - Nərmin və Ruzigar Əliyevlər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Bundan başqa, "Mercedes"də olan sürücü və sərnişinlər də yüngül bədən xəsarətləri alıblar. Həkimlər yaralıların səhhətinin qənaətbəxş olduğunu deyirlər. Hadisəyə ilkin səbəb kimi yüksək sürət göstərilir.
Həkim Telman Feyzullayev: "Bizə 4 xəstə gətirilib. Onlardan biri, qadın, ölü vəziyyətdə daxil olub. Digər 3 xəstədən biri travmatologiya şöbəsinə, digər ikisi isə uşaq olmaqla reanimasiya şöbəsinə yerləşdirilib. Hər üçün vəziyyəti normaldır. Həyati təhlükə yoxdur".
Bakının mərkəzi yollarının birində minik avtomobilinin sürətlə idarə olunması isə faciə ilə nəticələnib. Minik avtomobili idarəetməni itirib, nəticədə maneəyə çırpılaraq havada bir neçə dəfə fırlanaraq aşıb. Qəzaya səbəb avtomobilin sürətlə idarə edilməsi olub.
Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində Bakı şəhəri ərazisində 755 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar zamanı 258 nəfər ölüb, 777 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakıda dəhşətli yol qəzası da baş verib. Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə ötən gecə, səhərə yaxın Hövsan yolunda qeydə alınıb. 175 saylı xətt üzrə hərəkət edən
“Daewoo” markalı marşrut avtobusu yolu keçən iki nəfəri – 1974-cü il təvəllüdlü Təranə Hidayət qızı Cəlilova və 1968-ci il təvəllüdlü Şahnaz Xanış qızı Rəhimovanı vurub. Nəticədə hər iki piyada aldığı xəsarətdən dünyasını dəyişib.
Faktlarla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.