Milli seriallarımız niyə zəif alınır?
Milli seriallarımız niyə zəif alınır?

Səbəb nədir: rejissor zəifliyi, ssenari yoxsulluğu, yoxsa, aktyor kasadlığı?

Belə demək mümkünsə, milli teleserialların yaradılması üçün dövlət səviyyəsində tədbirlər görülüb lazımi maliyyə imkanları təminatı olsa da, tamaşaçılara təqdim edilən seriallar sənət nümunəsi olmaqdan çox uzaqdır.

Bəs bunun səbəbləri nədir? Rejissor zəifliyi, ssenari yoxsulluğu, yoxsa, aktyor kasadlığı?
Bu suallara cavab tapmaq üçün serialların çəkilişində birbaşa iştirak edən mütəxəssilərə üz tutduq.
Space telekanalının çəkdiyi seriallarda inzibatçı qismində iştirak edən Arif Həkimoğlunun "Unikal"a söylədiyinə görə, "Hər halda mən ümidvaram ki, yaxın on ildə Azərbaycan tamaşaçısı daha yetkin teleseriallara baxa biləcək. Unutmaq lazım deyil ki, biz Azərbaycanda bu sahədə ilk addımlarımızı atırıq. Ona görə də maksimal tələblərlə yanaşmaq bir qədər düzgün deyil. Bununla belə qeyd etməliyəm ki, Azərbaycanın tanınmış professional rejissorları nədənsə teleseriallardan yayınırlar. Onları təkidlə dəvət edəndə də imtina edirlər. Onları başa düşmək bir qədər çətindir. Güman ki, teleseriallara axın olduğuna görə bu mühitdən bir qədər kənar gəzirlər. Ola bilsin ki, bu axınlar dayanandan sonra onlar da qollarını çirmalayıb işə girişəcəklər. Düşünürəm ki, bundan ancaq kinomuz və cəmiyyətimiz qazanacaq. Onların seriallardan kənar durmalarının bir səbəbi də ola bilər. Bir-iki seriyallıq kinofilmin standartları başqadır, teleserial isə daha fərqli yaradıcılıq üslubu tələb edir".
Həkimoğlunun sözlərinə görə, "Rejissor və ya aktyor gündəlik yaradıcı işlərini görürlər. Kinoda rol oynasınlar, yaxud teleserialda, iş işdir. Amma mənə elə gəlir ki, yaxşı teleseriallar çəkmək üçün ixtisaslaşmış rejissorlar nəsli yetişməlidir. Bizdə hələ ki teleserial rejissoru yetişməyib. Həm də serial çəkilişində ortalığa çıxan əsas problem maliyyə ilə bağlı olur. Sanballı seriallar çəkmək üçün milyonlar tələb olunur. Azərbaycanda reklam bazarı tam şəkildə yarana bilmədiyi üçün, kino biznesi, daha doğrusu, özəl filmlər çəkən kino şirkətləri ümumiyyətlə olmadığından maliyyə məsələsi uzun müddət ciddi problem olaraq qalacaq. Nəzərə alın ki, dövlət teleserialların çəkilməsi üçün qayğı göstərir. Amma bu yardım sonsuza qədər davam edə bilməz. Heç bunun perspektivi də yoxdur. Nəzərə alın ki, teleserialların janr çərçivəsi elədir ki, burada çoxlu aktyorlar rol oynamalıdır və rol oynayan aktyorlara qonorar ödənilməlidir, bu məbləği əldə etmək isə lap çətindir. Buna görə də serialların inzibati heyəti çalışır ki, çəkilişə mümkün qədər az aktyor dəvət edilsin. Teleserialların çəkilişində mühüm məqamlardan biri də çəkiliş sahələrinin mümkün qədər rəngarəng olmasıdır. Ayrılmış maliyyənin həcmi isə buna imkan vermir. Ona görə də çəkiliş meydançaları və yaxud otaqların sayları imkan daxilində minimuma endirilir ki, bu da istər-istəməz rejissorun manevr imkanlarını məhdudlaşdırır".
Tanınmış kinossenarist Əyyub Qiyasın "Unikal"a dediyinə görə, "Bir dövr Azərbaycanda hər tinbaşı apteklər, əczaxanalar açıldı, sonra supermarket ənənəsi yayıldı. Bu gün incəsənətə də aptek, supermarket nəzər-nöqtəsiylə yanaşmaq ənənəsi yaranıb. Yerindən duran film çəkir. Düzdür, hər kəsin içində bir arzusu var, incəsənət xəstəlikdir. Amma hər "xəstə"nin, fanatın da ortaya nəsə qoyması inandırıcı deyil. Düşünürəm ki, serial çəkilişinə nə qədər kütləvi maraq yaransa da, zaman keçdikcə hər şey ələnəcək. 3-5 prodüsser mərkəzindən, 3-5 müəllifdən, rejissordan başqa ortada heç kim qalmayacaq. Bu, bütün dünyada belədir. Duruma bax ki, bu gün balaca bir ölkədə 40-dək prodüsser mərkəzi var".

Adil Hüseynli