”Yolumun üstündə ağ kəfən geymiş bir adam, o adamın əlində ümidi sönmüş bir şam”

”Yolumun üstündə ağ kəfən geymiş bir adam, o adamın əlində ümidi sönmüş bir şam”

Məmməd Tahir: “Poeziya duyğu və düşüncənin dilidir”

“Cəmiyyətin yaxşılıq ehtiyacı heç vaxt ödənməyib”
Məmməd Tahir səksəninci illər ədəbi nəslinə mənsub şairlərdəndir. İndiyə qədər yeddi kitabı nəşr olunub.Onun poeziyasında təbiət-insan-Uca Yaradan bir vəhdətdə qovuşur. Məmməd Tahir yaradıcılığında insan poetik düşüncənin mərkəzində dayanır və insan sevgisi, ağrıları onun poeziyasının əsas aparıcı xəttini təşkil edir. Onunla söhbətimiz də elə bu yöndə olacaq.
-Poeziya sizin üçün hansı anlamı daşıyır?
-Poeziya duyğu, düşüncələrin çılğınlığıdı,hisslərin müəyyən olunmuş hüdud xəttini keçməsidir. Poeziya adi yaşayış tərzindən kənara çıxmaq deməkdir. Hər kəsin içində müəyyən qədər poetik hisslər var, hər kəs poetik anlar yaşaya bilir, amma hər kəs o anları poeziya dilinə çevirə bilmir. Yalnız böyük yaradanın xüsusi missiyasını qazananlar bu qabiliyyətdən yararlana bilir. Bu hal müxtəlif formalarda baş verə bilir. Kimi bu hissləri zəif, kimi orta, kimi də maksimum səviyyədə ifadə edə bilir. Hər kəsin də hiss və duyğularını ifadə tərzi istedadı daxilində baş verir. İnsanların həyat tərzi müəyyən müşahidə və fikirlər daxilində baş verir. Peşəsi çoban olan bir kəs gül-çiçəkli bir sahə görəndə onu qoyun-quzuya yem kimi, həkim təbabətdə müalicəvi ot kimi, şair isə gözəllik kimi düşünür. Poeziya duyğu və düşüncənin dilidir. Bu dili yer kürəsində hamı başa düşür. Poeziya həyatın və insanların yaşayış tərzinin estetik tərəfidir, zövqverici xüsusiyyətə malikdir. Həyatın romantik tərəfləri yalnız poeziyada öz əksini tapır. Bu mənada insanların ona ehtiyacı var.
-Bu günkü Azərbaycan poeziyasının qocaman, orta və gənc təmsilçiləri bir çox mənalarda bir-birindən tam təcrid halındadır. Bu qanunauyğundur, yoxsa arzuedilməz?
-Bu məsələnin bir çox tərəfləri var. Mən 80-ci illəri xatırlayıram. O vaxtlar Azərbaycanda çox az mətbuat var idi və hər mətbuat orqanında da ədəbi şöbə var idi. Hər ədəbi şöbədə də bir şair kök salıb oturmuşdu. Hə, oturmuşdu. O şair o şöbəyə gələn bütün yaradıcı kəslərə ədəbi prizmadan deyil, yalnız öz prizmasından baxırdı, ondan fərqli yazanları, açığı, qəbul etmirdi. O illərdə onlarla istedadlı yazar bu cür yanaşmanın qurbanı oldu. Yəni o zaman da bu cür təcridolunmalar var idi və deyərdim ki, bu o zaman daha qabarıq halda özünü hiss etdirirdi. Zaman keçdi, ictimai formasiya dəyişdi, insanlar da dəyişdi. Eyni zamanda ədəbiyyata münasibət də dəyişdi. Yasaq mövzular azadlıq hüququ qazandı. Məsələn, Allah haqqında ,Tanrı haqqında, İlahi duyğulardan yazmaq o dövrdə üzqaralığı gətirirdi şairə və ümumiyyətlə belə mövzular cap edilmirdi. Bu gün də nəsillər arasında mənəvi əlaqə zəifdir. Bunun da bir çox tərəfləri var. Əvvəllər ictimai əsaslarla ədəbi dərnəklər fəaliyyər göstərərdi. Bu dərnəklərə nüfuzlu, istedadlı şairlər rəhbərlik edərdi. Bu dərnəklər yaradıcı gənclərə istiqamət verər, onların istedadını üzə çıxarardı. İndi bu ənənə itib. Bu gün bütün ağırlığı Azərbaycan Yazıçılar Birliyi öz üzərinə götürməli, bir harmoniya yaratmalıdır. Təəssüf ki, bu orqan bu missiyanı yerinə yetirə bilmir. Bəziləri düşünür ki, Birliyin sədrini dəyişməklə hər şey həll oluna bilər. Məncə Yazıçılar Birliyinin özündə yeniləşmə aparılmalı, struktur dəyişiklikləri həyata keçirilməlidir. Bu birliyə bir nəfər yox, kollegial orqan rəhbərlik etsə, bu orqan daha səmərəli fəaliyyət göstərə bilər. Belə olan halda nəsillər arasındakı uçurumlar, arzuolunmazlıqlar da aradan qalxmış olacaq.
-Sizin poeziyanız ölüb-dirilən təbiət, mərd və namərd dünya modeli üzərində qurulub. Orta xətt görünmür. Bu ifrat qütbləşmə nədən qaynaqlanır?
-Mən ifrat sözü ilə razılaşmıram. Mən ümumiyyətlə bütün ifratlara qarşıyam. İnsan ifrata varanda məğlub olur. Bu mənada mən buna ifrat qütbləşmə deyil, adını çəkdiyin mövzulara bir sufi düşüncəsi ilə yanaşma deyərdim. ”Bu dünyanı belə gördük, Açılmaz bağlı qapısı. Ya gülüşdü, ya gözyaşı, Qaralı-ağlı qapısı”. Və yaxud:”Dənizi ərköyün, torpağı kövrək, Axşamla səhəri yatır baş-ayaq. Çiynimin üstündə yaşayan mələk, Gəl gedək bir az da göydə yaşayaq”.
Bəzən bu da mümkün olmayanda sən yerdəkilərə qoşulub yaşamalı olursan.”Neçə xaqanı, şahı var, Hər şahın yüz tamahı var, Hamının öz Allahı var, Hamı bir Allaha şərik”.
Ölüb-dirilmə təbiətdə mütəmadi olaraq baş verir.Yoxsa həyat qocalıb bitərdi. Yenilənmə olmazdı. Təbiət qocalıb ölür, yenidən dirilir. İnsan qocalır, ölür və yenidən doğulur, amma hər dəfə tamam başqa bir qiyafədə. Bəlkə, həyatın gözəlliyi də elə bu yenilənmədi. ”Yazıq sənə məzardakı ruh, Sən yatırkən,Torpağın üstündə, Soyuqdan titrəyən, Güllər belə gözəldir”.
Bilmirəm, burda hansı ifratçılıqdan danışmaq olar. Bəzən illərlə yol gedirəm, amma qarşıma bir adam çıxmır, bəzən də ”Yolumun üstündə, Ağ kəfən geymiş bir adam. O adamın əlində ümidi sönmüş bir şam” görürəm. Belə məqamda dünyanın mərd və namərd tərəflərini görə bilirsən.
-Şeirlərinizdə tez-tez yoxsulluq, kasıblıq ifadələri işlənir. ”İlk baharı, yazı qara, Gün yazanda yazıb qara, Üz çevirsin kasıblara, Olmasın əlacı, baxsın”. Üz tutub getdiyiniz ünvanlar bəlli, gedə bilmədiyiniz ünvanlar da var”. Dərddən dolubdur ürəyi, Qançır olubdur kürəyi, Müsəlmanın duz-çörəyi, Allaha duadan çıxır”. Sizcə, bu qütbləşmə nə vaxtsa sonuclana bilərmi?
-Ədalətli cəmiyyət axtarışı Nizamidən üzü bəri bütün ədəbi nəsilləri düşündürüb. Bu problem bu gün də aktualdır. Ədalətli cəmiyyətdə kasıblıq, yoxsulluq sindromu aradan qalxır. Ədalət elə bir prinsipdir ki, ona cəmiyyətin bütün zümrələri əməl etməlidir. Bu tarazlıq pozulanda cəmiyyət aşınmaya məruz qalır. Mənəvi dəyərlər itir. Mənəviyyat çürümə prosesi keçirir. İnsanlar mənən kasıblaşır, yoxsullaşır. Bu mənada mənəvi yoxsulluq daha faciəvidir.
-Poeziyada dünyanın fəlsəfi yozumu nəyisə həll edirmi?
-Hər hansı yanaşma ictimai münasibətlərə təsirsiz ötüşmür. Cəmiyyət iqtisadi cəhətdən təmin olunduğu kimi estetik baxımdan da təmin olunmaq istəyir. Yumurta ağ rəngdə olur, amma onu rəngləyəndə adama daha çox xoş gəlir. Eləcə də cəmiyyətdəki hər hansı hadisəni, inkişafı və yaxud olub-olacaqları rəngli fikirlərlə təkrar ona təqdim edəndə xoş qarşılayır. Fəlsəfə hər hansı ictimai düşüncənin rəngidir,eləcə də poetik düşüncənin. Hər hansı fikrə fəlsəfi rəng vuranda daha cəlbedici görünür.
-Qarabağla bağlı çoxlu şerləriniz, irihəcmli “Məhkum”adlı poemanız var. Sizcə, yurdun bir hissəsini itirmək şair üçün nə deməkdir?
-Arzuların çilik-çilik,
Ümidlərin param-param.
Əsirlikdə qalan kəndim,
Gözlə bir gün qayıdaram.
Əzizini itirən qırx gün ağlar,yurdunu itirən ömrü boyu.
İçimdə yara Qarabağ,
Sızıltısı gecələr yatmağa qoymur.
-Nə qədər yaxşılar gəlir dünyaya, Yenə yaxşıların yeri boş qalır. Bunu Məmməd Araz deyib, Sizdə də buna yaxın ifadə var. “Çəkək yaxşıları bir az qabağa”. Sizcə, yaxşı olmaq fəlsəfəsi mövcuddurmu?
-Yaxşılığın fəlsəfəsini milyon illər bundan qabaq Adəm oğlu Habil yaratdı, Qabil isə Habili öldürməklə məkrin, hiylənin, pisliyin rəmzinə çevrildi. Milyon illərdi cəmiyyət bu fəlsəfə ilə yaşayır. İnsanların həmişə yaxşıya, yaxşılığa ehtiyacı olub. Cəmiyyətin yaxşılıq ehtiyacı heç vaxt ödənməyib.
Gəlin hər ürəkdə bir ocaq çataq,
Qoyaq sevgiləri qızıl tabağa.
Bir az da pislərin başını qataq,
Çəkək yaxşıları bir az qabağa.
-Bu günün poeziyası hansı ənənələr üzərində dayanır və sabaha hansı ümidlərlə baxırsınız?
-Bu gün çoxlu ədəbi meyillər var.Amma onların hamısı Nizami, Füzuli, Nəsimi, Vaqif, Cavid, Vurğun, Məmməd Araz fəlsəfəsinə söykənir. Onlardan fərqli heç nə deyilmir. Güman edirəm ki, sabah da bu ənənə davam edəcək.
-Bildiyimə görə, reklama,özünütəbliğə elə də isti yanaşmırsınız. Buna ehtiyacınız yoxdur, ya ümumiyyətlə, əsl poeziyanın buna ehtiyacı yoxdur?
-Əsl poeziya tez, ya gec öz oxucusunu tapacaq. Bu mənada şer özü özünün təbliğatçısı olmalıdır. Oxucu isti nəfəsə, zərif təbəssümə, xoş baxışlara ehtiyac hiss etdikdə və onu o misralarda tapmayanda nə qədər reklam etsən yenə qəbul etməyəcək. Və Aşıq Ələsgər demişkən, o zaman oxucu sənə “Köhnə dağarcığı tumaş yerinə, Yazıq Ələsgərə satma, hayıfsan” deyəcək.
-Sizcə, Məmməd Tahir kimdir bu gün?
-Dünyanın bir güncünə sığınıb öz şerlərini yazan, heç kimsədən umacağı olmayan sakit təbiətli bir insan.
Mənim bu quru bədənim,
Səhər daşdı, axşam torpaq.
Üstündə durduğum torpaq,
Mən kim idim məndən qabaq?
Söhbətləşdi:
Ferzuq Seyidbəyli