Qüdrət Həsənquliyev Milli Şuranı təhqir etdi
Qüdrət Həsənquliyev Milli Şuranı təhqir etdi

Oqtay Əsədov: “Heç bir bahalaşma olmayacaq”

Milli Məclisdə 2014-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrin ikinci günü başlanıb. Çıxış edən müxalifətçi deputat İqbal Ağazadə büdcə paketini tənqid edib. Milət vəkili deyib ki, əhalinin 40 faizi kənd yerlərində yaşayır. Bu isə o deməkdir ki, Azərbaycan aqrar ölkədir.

“Amma ixrac məhsullarının 95 faizini neft məhsulları təşkil edir. Bu göstərici gələcək üçün heç bir ümid vəd etmir. İkinci bir tərəfdən ixrac əməliyyatlarında özəl sektorun payı 5,2 faiz təşkil edir. İxracın 94 faizi dövlətin payına düşür. Bu isə deməkdir ki, özəl sektorun inkiaşfı ürəkaçan deyil. Ölkədə azad iqtisadi münasibətlər seçilsə də, özəl sektor inkişaf etmir”-deyə deputat bildirib.
İ.Ağazadənin sözlərinə görə, idxal əməliyyatlarında özəl sektorın payı 74, dövlət sektorunun payı 26 faizdir. “Bu birbaşa ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı məsələdir. İstehlak səbətində əhalinin tələbatını nəzərə alan hökümət gərək ərzaq təhlükəsizliyi məsələsini düşünərdi”.
Deputat vurğulayıb ki, dövlət sektorunda çalışanların əmək haqqı aşağıdır. “Dövlət bölməsində çalışanların orta aylıq əmək haqqı 332, özəl bölmədə 496, qeyri-neft sektorunda 367, neft sektorunda 1413 manat təşkil edir. Bu onu göstərir ki, dövlət sektorunda çalışanların əmək haqqı olduqca aşağıdır”.
İ.Ağazadə həmçinin son günlər kommunal xidmətlərin bahalaşması ilə bağlı xəbərlərə aydınlıq gətirilməsini istəyib. “Qiymət artımına ehtiyac nədən artır, niyə kommunal xidmətlər bahalaşdırılmalıdır? Hökümət üzvlərindən rica edirəm buna aydınlıq gətirilsin. Bir kilovatt/saat elektrik enerjisinə xərclənən pulun miqdarı nə qədərdir ki, qiymət artırılır? Əhalinin maddi imkanları o dərəcədə deyil ki, qaz, su və digər sahələrdə qiymət artıqca, ödəniş edə bilsin. Şəhər yerində ola bilsin hiss olunmasın, amma kənd yerlərində və aztəminatlı ailələrdə bu, problemdir. Kommunal xərclərin artımı eyni zamanda ərzaq məhsullarının 70 faiz bahalaşmasına səbəb olacaq”-deyə deputat bildirib.
İ.Ağazadə hökuməti qiymət artımını gerçəkləşdirməməyə çağırıb.
Oqtay Əsədov İ.Ağazadənin çıxışına etiraz edib.
Spiker bildirib ki, kommunal xərclərin artırılması barədə məlumata rast gəlməyib.
“Belə anons göprməmişəm ki, qiymət artımı olacaq. Maliyyə nazirinin boynuna belə şey qoyma. Özün anons verib, özün də cavab verirsən. Maliyyə naziri burada olacaq və bu suallara cavab verəcək”-deyə O.Əsədov bildirib.

“Büdcədə kommunal xərclərin 15% artması nəzərdə tutulur”

“Büdcədə kommunal xərclərin 15 faiz artması nəzərdə tutulur. Əgər qiymət artımı olasaqsa, bu deyilsin ki, əhali də bilsin”. Milli Məclisdə büdcə müzakirələri zamanı bu sözləri deyən millət vəkili Vahid Əhmədov kreditlərlə bağlı yaradılmış ağır vəziyyətin Milli Məclisdə müzakirə olunmasını təklif edib. O, qeyd edib ki, bu müzakirə ya İqtisadi siyasət komitəsində bank rəhbərlərinin, o cümlədən Mərkəzi Bank rəhbərliyinin iştirakı ilə müzakirə olunsun, ya da Milli Məclisdə ayrıca iclas keçirilsin.
Deputatın sözlərinə görə, bu gün banklar əmanətləri 10-12 faiz dərəcəsində qəbul etdikləri halda kreditləri 30-35 faizə verirlər.
“Banklar əmanət faiz dərəcələri ilə kredit faiz dərəcələri arasındakı bu ciddi fərqi Milli Məclisdə izah etməlidirlər. Bu məsələni ciddi müzakirə etməliyik. Çünki o, əhali arasında ciddi narahatçılıq yaradıb. Əhalinin əksər hissəsi banklardan asılı vəziyyətə düşüb. Bu sahədə ciddi islahatlar aparılmalıdır və faiz dərəcələri aşağı salınmalıdır. Kommunal xərclərə gəldikdə isə ölkədə olan vəziyyəti, xaricdən gələn miqrantları nəzərə alaraq, heç olmazsa birinci yarım ildə qiymət artımına gedilməsin”.
“Dövlət kənddə yaşayan Qarabağ əlilləri üçün fərdi evlər tiksin!”
Milli Məclisin iclasında deputat Qənirə Paşayeva Qarabağ müharibəsi nəticəsində əlil olmuş döşüçülərin sosial problemlərini qaldırıb. Modern.az bildirir ki, millət vəkili kənd yerlərində yaşayan Qarabağ əlilləri üçün yaşayış evlərinin tikilməsini təklif edib.
“Kəndlər yaşayan Qarabağ əlillərinə fərdi yaşayış evlərinin tikilməsini təklif edirəm. Fikrimcə, 2014-cü ildə bu problem öz həllini tapmalıdır”-deyə deputat bildirib. Q. Paşayevanın sözlərinə görə, Qarabağda şəhid olanların ailələrinin mənzil problemi var və 2011-ci ildən bu yana onlara ev veirlmir.
Bundan başqa deputat ödənişli əsaslarla universitetlərə daxil olan birinci qrup əlillərin təhsil haqqından azad olunmasını təklif edib. “Onların sayı o qədər də çox deyil. Bu büdcədə o qədər də problem yaratmaz. Bu əlillərə böyük dəstək olardı. Çünki onlara verilən müavinətlər təhsil haqlarını o qədər də ödəmək iqtidarında deyillər”.
Deputat eyni zamanda yataqxanalar probleminə toxunaraq bildirib ki, universitetə rayondan gələnlərin yataqxanalarda yerləşdirilməsi ciddi problemdir. “Elə ailələr var ki, uşaqlarını burada oxutmaq üçün kirayə ev tuta bilmir. Bu problem həll olunmalıdır. Rektorlar bu məsələyə ciddi nəzartət etməlidir ki, yataqxanalar yenidən bərpa olunsun”.
Q. Paşayeva ipoteka kreditlərinin faiz dərəcələrinin yüksək olmasından narazlıq edib. “Bu faizlərlə hər hansı vətəndaşın ev alması çox çətindir. İnsanların bütün ümidi ipotekaya qalıb. İpotekaya böyük ehtiyac var. Müraciətlər çoxdur. Orta aylıq əmək haqqı alan insanın ipotekadan kənar ev alması çətindir. Buna görə ipotekaya ayrılan vəsaitin artması insanların ev almasına kömək edərdi”.
“İran Naxçıvanda bağladığı yolu açacaq”
Milli Məclisin deputatı Eldar İbrahimov bu günkü plenar iclasda İran tərəfindən Naxçıvanın yolunun kəsilməsi ilə bağlı məsələyə münasibət bildirib. Deputat bununla bağlı İranın Azərbaycandakı səfiri və xarici işlər nazirliyi ilə əlaqə saxladığını bildirib.
“Onlar bununla bağlı ciddi işlər aparırlar. İranıram ki, İran dost ölkə kimi bu gün sabah bu yolun açılmasını həll edəcək”.

“Mən İranın burdakı
tör-töküntülərinə
müraciət edirəm"

“Çox təəssüf ki, özünü İslam Respublikası adlandıran İran Naxçıvanda insanların yollarını bağlayıb, qadınları uşaqları yollarda qoyub. Rusiyada miqrantlara qarşı bir hücum başlayır, həmçinin, buradan da İran fəaliyyətə keçir və Rusiya ilə birgə hərəkət edir”.
Bunu Milli Məclisin bugünkü sessiyasındakı çıxışında BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib. O bildirib ki, yayda Rüstəm İbrahimbəyovun rəhbərliyi ilə Milli Şura yaradılanda İrana bağlı adamlar da oraya qoşulmuşdular: “İranın tör-töküntüləri də o vaxtı Milli Şuraya qoşuldular. Düzdür, sonradan onların bir çoxu dedi, üzv olduqlarından xəbərləri olmayıb, onları elə-belə üzv yazıblar-filan, indi də eyni proses gedir. Vaxtilə Yezid İmamın adamlarını təslim etmək üçün onları suyunu kəsmişdi, indi də İran eyni qaydada hərəkət edir”.
Deputatın sözlərinə görə, Milli Məclis bu məsələyə etiraz etməli və məsələ ilə bağlı İslam Əməkdaşlıq Təşkilatına və İslam Konfransına müraciət ünvanlamalıdır: “İranda 30 milyona yaxın azərbaycanlı yaşayır, ancaq onlar bu ölkənin siyasətinə təsir edə bilmir. Buna görə də diaspora fəaliyyətinə maliyyə artırılmalıdır. Əgər İrandakı azərbaycanlılar milli kimliklərini dərk etsəydilər, ordakı mollalar Azərbaycanla belə davrana bilməzdilər. Mən İranın Azərbaycandakı tör-töküntülərinə üzümü tutub demək istəyirəm ki, tez-tez İsrail bayrağı yandırdıqları kimi, indi kişilikləri çatırsa, İrana da bir etiraz etsinlər”.
Oqtay Əsədov isə bildirib ki, İranla Azərbaycan arasında heç bir problem yoxdur və yaranan texniki problem də yoluna qoyulmaq üzrədir: “Elə danışırsınız, elə bil, Azərbaycanın üstünə səlib yürüşü başlayıb. Elə şey yoxdur. İran da bizim qonşu dövlətdir və arada yaranan texniki problem də yoluna qoyulmaq üzrədir. Xahiş edirəm, bu cür məsələlərdə diqqətli olun ”.

“Məndən soruşurlar, necə inkişaf etmiş
ölkəsiniz ki,
yataqxananız yoxdur...”

Bakı Dövlət Universitetinin yataqxanasının sökülməsi prosesinə başlanılıb və bu yaxınlarda sona çatacaq. Amma yataqxananın tikilməsinə gələn ildən başlanılacaq. Bu istiqamətdə danışıqlar aparılır, ondan sonra xərclər müəyyənləşəcək”.
Bu sözləri Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O, qeyd edib ki, yeni yataqxananın tikilməsi layihəsi üçün maliyyə vəsaiti ayrılmalıdır. “Belə təsəvvür olunmasın ki, əvvəlki yataqxanalar kimi olacaq, bu, Avropa səviyyəsində tikiləcək kompleksdir. Yəni yataqxananın biri bu gün, biri də sabah tikiləcək. Bir neçə ildən sonra universitetin 100 illiyini qeyd edəcəyik. Çalışırıq ki, həmin vaxta qədər 5-6 min tələbəni yataqxanaya götürək”.
A. Məhərrəmov yataqxana probleminin olmaması səbəbi ilə xarici dövlətlərdən BDU-da oxumaq istəyən tələbələr itirdiklərini qeyd edib. “Bu gün bizdə 15 dövlətdən tələbə oxuyur: Yaponiya, Koreya, Çin, Kanada və Avropa ölkələri... Ancaq ən çox Türkiyə və İrandan tələbələr gəlir. Bizdə belə qayda var ki, nə qədər tələbə müraciət edirsə, onun hamısı qeydə alınır. 15-20 min arası tələbə müraciət edir, ancaq bunun 1000-i bizim universitetdə oxuyur. Halbuki, bu rəqəm 3-5 min ola bilər. Hamı yataqxanaya görə gəlmək istəmir. Qeyd edilir ki, necə inkişaf etmiş ölkəsiniz ki, yataqxananız yoxdur. Xarici tələbələr Azərbaycana gələrsə, universitetin gəliri olar, elmi və təhsili də inkişaf etdirərik”.

Hüseyn İsgəndərov