AMEA-da islahatlara start verildi
AMEA-da islahatlara start verildi
Qurumda yeni şöbələr yaradılır, bəzi şöbələr birləşdirilir
Əhməd Qəşəmoğlu: "İndiki Milli Elmlər Akademiyası sovet
sisteminin yadigarıdır və Azərbaycan dövlət müstəqilliyi qazanandan
sonra bu qurumda heç bir islahat həyata keçirilməyib"
Vurğun Əyyub: "İndi Azərbaycanda islahat sözü xeyli dəbdədir. Bununla belə, cəmiyyətin həyatında fundamental dəyişikliklər müşahidə etmirik"

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə bildirib ki, "AMEA-da ixtisarlar institutlar səviyyəsində olmayacaq, lüzumsuz, işə yaramayan, şişirdilmiş ştatlar və şöbələr ləğv ediləcək".
AMEA-da islahatların davam etdiyini deyən vitse-prezidentin sözlərinə görə, Akademiyanın yeni əsasnaməsi hazırlanaraq təsdiq olunub. Köhnə əsasnamə 2002-ci ildə qəbul edildiyindən müasir tələblərə cavab vermirdi.
İsa Həbibbəyli AMEA-nın tərkibində institutların ləğv edilməsi barədə yayılan məlmatlara da aydınlıq gətirib: "AMEA-da institutların ləğvi haqqında yayılan məlumatlar şayiədir. Ola bilsin ki, onların adları və strukturları dəyişdirilsin. Bu istiqamətdə uyğun proseslər gedir. Akademiyada yeni şöbələr yaradılır, bəzi şöbələr birləşdirilir".
O qeyd edib ki, struktur islahatlar AMEA-nın bütün institutlarında başlanılıb. Rəyasət heyətində isə artıq başa çatıb.
İsa Həbibbəyli bildirib ki, AMEA-nın yeni nizamnaməsinin hazırlanması ilə bağlı komissiya yaradılıb: "Komissiyaya xeyli sayda təkliflər daxil olub. Gələn həftə nizamnamə komissiyasının ilk iclası olacaq. İlin sonunadək isə yeni nizamnamə qəbul ediləcək".
Ölkənin tanınmış ziyalısı, şair, publisist, sosioloq, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, iqtisad elmləri doktoru, "Ahəngyol" elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğlunun "Unikal"a söylədiyinə görə, "Çağdaş elm dünyanın vəhdətdə olduğunu əsas tutaraq bütün sahələrdə elmi tədqiqatların ahəng məntiqi ilə, ahəng meyarları üzərində aparılmasını, elmdən yalnız ahəngə xidmət prinsipi ilə istifadəni zəruri sayan elmi-fəlsəfi konsepsiya yaratmalıdır. Mən bunu ahəngyol adlandırmışam. Hər hansı sahədə aparılan tədqiqatlar geniş mənada ahəngin pozulmasına yol açırsa, həmin tədqiqatları ən azı müvəqqəti olaraq, onun ahəngə xidmət edəcəyi vaxta qədər dayandırmağı məqsədəuyğun bilir. Müasir dünya dövlətləri və dünyada gedən sosial-siyasi proseslər elmi şəkildə idarə edilməyə üstünlük verir. Bu baxımdan yanaşanda dünya birliyində layiqli yer tutmaq istəyən millət və yaxud dövlət özünün milli elmlərini dünya standartları səviyyəsinə qaldırmağa cəhd göstərməlidir. Buna görə də Azərbaycan Milli Elmlər Akademiyasında başlanmış islahatları ancaq təqdir etmək olar. Bu islahatlar çoxdan həyata keçirilməli idi. Çünki indiki Milli Elmlər Akademiyası sovet sisteminin yadigarıdır və Azərbaycan dövlət müstəqilliyi qazanandan sonra bu sistemdə heç bir islahat həyata keçirilməyib".
Qəşəmoğlu hesab edir ki, "Akademiyanın elmi kontingenti həddindən artıq çoxdur, hətta deyərdim ki, lazım olduğundan iki-üç dəfə çoxdur. Akademiyanın institutları müstəqil dövlətimizin siyasətinə uyğun elmi araşdırmalar aparmalı, millətin və dövlətin mənafeyinə xidmət etməlidir. Azərbaycan elminin inkişafı üçün Azərbayacan Xalq Cümhuriyyətinin təcrübəsindən də faydalanmaq olar. Cümhuriyyətin başçıları elmimizi inkişaf etdirmək üçün xaricdən Azərbaycana alimlər və mütəxəssislər dəvət edirdilər. Filan qədər vəsait xərcləyib xarici ölkələrdən Azərbaycana idmançılar çağırmaq əvəzinə alim, mütəxəssis çağırtmaq lazımdır. Ölkənin gələcəyini inkişaf etmiş əzələdən daha çox yüksək zəka müəyyən edəcək".
Filologiya elmləri üzrə fəlsəfə doktoru, tanınmış ziyalı və siyasətçi Vurğun Əyyubun "Unikal"a bildirdiyinə görə, "Hazırda Azərbaycan cəmiyyətinin hansı sahəsindən söhbət açılsa, iqtidar mənsubları dərhal bildirirlər ki, orada son dərəcə uğurlu, dünyada analoqu olmayan islahatlar keçirilir. Yəni indi Azərbaycanda islahat sözü xeyli dəbdədir. Bununla belə, cəmiyyətin həyatında fundamental dəyişikliklər müşahidə etmirik. Zənnimcə, akademiyanın strukturlarında başlandığı elan edilən islahatlar da bu tipli hadisələrdən biri olacaq. Hər bir islahatın konkret hədəfi və prinsipləri olmalıdır. Akademiyanın rəhbərləri zəhmət çəkib bu prinsipləri elan etsinlər və yalnız o zaman fikir söyləmək olar ki, atılan addımlar islahatdır, yoxsa kosmetik bəzək-düzək. Kadrların yerini dəyişməklə, şöbələri ləğv edib yenilərini yaratmaqla islahat aparmaq olmaz".
Adil Hüseynli