Dövlət Komitəsi ilə bağlı narazılıq var
Dövlət Komitəsi ilə bağlı narazılıq var

Ramiz Həsənovun rəhbərlik etdiyi qurumdan niyə şikayətlənirlər?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bəzi məsul əməkdaşları sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə hallarına yol verirlər. Bu isə sahibkarlar arasında adıçəkilən qurumla bağlı narazılıqların yaranmasına səbəb olur.
Xatırladaq ki, sözügedən komitə 2008-ci ildə eyniadlı Dövlət Agentliyinin bazasında yaradılıb. Komitə Azərbaycan Respublikasının texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Ramiz Həsənovun rəhbərlik etdiyi qurumun hazırda geniş səlahiyyətləri vardır. Bu komitə bir çox hallarda müəyyən nazirliklərdən xəbərsiz, təkbaşına sahibkarlıq yoxlamaları həyata keçirir və bəzən belə yoxlamalar sahibkarların incidilməsi, onlardan qanunsuz “haqq”alınması ilə müşahidə edilir.
Ayrı-ayrı zamanlarda mətbuatda da özünə yer alan iddialara görə, Həsənovun rəhbəri olduğu komitənin səlahiyyətli şəxsləri müəssisələrə gələrək böyük məbləğdə “haqq” tələb edirlər, verməyənləri isə məhsullarını “saxta” və ya “keyfiyyətsiz” elan edəcəkləri ilə hədələyirlər. Sahibkarlar istər mətbuata, istərsə də ölkə rəhbərliyinə şikayət məktublarında belə “ödənişlərdən” bezdiklərini bildirirlər.
Bir müddət əvvəl KİV qeyd edirdi ki,Mədəniyyət və Turizm Nazirliyi ilə Dövlət Standartlaşma, Patent və Metrologiya Komitəsinin hotellərə nəzarət uğrunda rəqabəti hotel biznesini çökdürmək üzrədir. Hotel sahibləri mütəmadi olaraq hər iki qurumun təftişinə məruz qalır və hər bir təftiş də xeyli vaxt, enerji və pul itkisi deməkdir. İddialara görə, iki qurum arasındakı savaş hotel biznesini inhisara almağa hesablanıb. Belə ki, son 3-4 ilə qədər hotel biznesinə Mədəniyyət və Turizm Nazirliyi təkbaşına nəzarət edirdi. Ancaq Dövlət Standartlaşma, Patent və Metrologiya Komitəsinin sədri Ramiz Həsənov bu posta möhkəmləndikdən sonra konkret desək, 2009-cu ildən başlayaraq adıçəkilən qurum tərəfindən hotellərin fəaliyyətinə ciddi müdaxilə başlayıb. Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirlik buna müqavimət göstərməyə cəhd etsə də, komitə yoxlamaların öz əsasnamələrinə uyğun aparıldığını deməklə təftişi davam etdirirlər. Nəticədə bundan əziyyət çəkən isə həmin obyektlərin sahibləri olur.
Analoji vəziyyət Ramiz Həsənovun komitəsi ilə Şahin Mustafayevin nazirliyi - yeni adı ilə İqtisadiyyat və Sənaye, köhnə adı ilə İqtisadi İnkişaf Nazirliyi arasında da hökm sürüb. Belə ki, hələ 2010-cu ildə komitə sədrinin əmri ilə rəhbərlik etdiyi qurumda inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı təsdiq edilib. Sənədə əsasən komitənin sədri, aparatın rəhbəri, qanunvericilik və hüquq ekspertizası və daxili nəzarət şöbələrinin müdirlərinə müvafiq səlahiyyət verilib.
Komitənin ərazi dövlət nəzarəti idarələrinin rəisləri və müavinlərinə də inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyət verilib. Bu o deməkdir ki, komitənin səlahiyyətli şəxsləri istədikləri müəssisədə və istədikləri vaxt yoxlama apara bilər.
Sözügedən komitə sədrinin bu addımı müəssisələrdə yoxlamaların aparılmasına ümumi nəzarəti həyata keçirən Şahin Mustafayevin nazirliyinin haqlı narazılığına səbəb olub. Çünki qaydalara görə, belə yoxlamalarda mütləq nazirliyin təmsilçisi də iştirak etməlidir. Ancaq R.Həsənovun göstərişi ilə yoxlamalar nazirliyin xəbəri olmadan aparılır. Əziyyət çəkən isə yenidən sahibkarlar, iş adamları olurlar.
Ümumiyyətlə, Ramiz Həsənov hazırda komitə sədri kimi öz yerində hədsiz möhkəmlənib və o, yuxarıda adıçəkilən iki nazirdən başqa bir çox nüfuzlu məmurlara da asanlıqla irad tuta, qınaqlar səsləndirə bilir. Bu isə hökumət kulislərində komitə sədrindən xeyli narazıların yaranmasına, bir çox yüksək çinlilərin onunla məsafə saxlamasına gətirib çıxarıb.
Hazırda Dövlət Standartlaşma, Patent və Metrologiya Komitəsi ilə bağlı artan şikayətlər, narazılıqlar ictimai gündəmi bir o qədər də məşğul etmir. Amma belə davam edərsə, komitə və onun sədri barədə KİV-də tənqidlərin artdığını, iradların çoxaldığını müşaiyət edə bilərik.
Ülviyyə Qasımlı