Rusiya SSRİ-nin bərpa yolunda
Rusiya SSRİ-nin bərpa yolunda

Ötən əsrin 90-cı illəri Rusiya tarixinin ən ağır dövrlərindən hesab olunur. Sovetlər Birliyinin çöküşü və yeni kapitalist münasibətlərinin bərqərar olunması şəraitində Rusiya keçmiş müstəmləkələrinə qarşı təsir rıçaqlarını xeyli dərəcədə itirmişdi. Daxildə anormal siyasi ab-hava, yeni iqtisadi münasibətlər əziyyətli keçid və mütəşəkkil cinayətkarlıq ayrı-ayrı subyektlərin separatçılıq meylləri ilə müşahidə olunurdu.
Məsələ ondadır ki, belə ağır şəraitdə, öz canı hayında qalan Rusiya yenə də imperiya ambisiyalarından əl çəkmir və keçmiş Rusiya İmperiyasının sərhədləri daxilində söz sahibliyini əldən vermək istəmirdi. Müəyyən məqamlarda - xüsusən problemli və emosiyalı Cənubi Qafqaz regionunda bu siyasət özünü doğruldub. Bir az da konkretləşdirsək, Rusiya bu regionda istəklərinə nail olub. Ümumilikdə götürdükdə isı Yeltsin Rusiyası SSRİ-nin qüdrətinin kölgəsində qalırdı. Xüsusən 1999-cu ildə NATO Serbiyaya qarşı hava hücumları təşkil edərkən Rusiya buna yalnız o zamankı xarici işlər naziri Yevgeni Primakovun Amerikaya səfər yolunda ikən nümayişkaranə şəkildə təyyarəsini Atlantik okeanı üzərindən geri döndərər, Kosovonun Priştina şəhərinə hava-desant qüvvələrinin kiçik bölüyünü göndərməklə cavab verə bildi.

Rusiya güclənir...

Müttəfiqini müdafiə etmək üçün heç bir real praktiki addımlar atılmadı. Yeni minilliyə yeni prezident - Vladimir Putinlə başlayan Rusiya Şimali Qafqazda de-fakto müstəqil olan respublikaları, xüsusən Çeçenistanı Kremlin nəzarətinə qaytara bildi. “KQB”nin yetirməsi olan prezidentin aqressiv siyasəti ölkənin xarici aləmdəki prestiji üçün demokratiya istisna olmaqla digər sahələrdə müsbət rol oynayır. Rusiyanın iqtisadi göstəriciləri yaxşılaşır, həyat səviyyəsi yüksəlir. Bu isə Rusiyanı yenidən nəhəng imperiya düşüncələrinə daldırır. Tədricən Rusiya MDB məkanında da itirilmiş mövqelərini bərpa etməyə başlayır. Qansız inqilab yolu ilə hakimiyyətə gələn Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanı qıcıqlandıracaq qərbyönlü siyasət yeritməyə başlamışdı. Abxaziya və Cənubi Osetiya məsələsi ilə uzunmüddət qonşu Gürcüstanı şantaj edən Rusiya gürcü çaxırının ölkəyə ixracına qadağa qoyması və casus qalmaqalları ilə iki ölkə münasibətlərini 20 il ərzində ən çətin səviyyəyə çatdırdı.

Gürcüstan Abxaziya və
Cənubi Osetiyanı itirir

Gərginliyin zirvəsi isə 2008-ci ilin avqustunda baş verən Rusiya-Gürcüstan müharibəsi olur. Gürcülər NATO və Avropa Birliyinə üzv olmaq istəyinə görə Abxaziya və Cənubi Osetiyanı itirməli olur. Saakaşvili hakimiyyətinin son ilində yenidən zəif olsa da, bərpa olunan münasibətlər çətin ki, tam əsasda iki ölkə münasibətlərini reabilitasiya edə bilsin. Kreml də yaxşı anlayır ki, pravoslav qardaşlarının üzərinə bomba yağdırdıqdan sonra hər hansı yerli hökümət Rusiyaya nə qədər loyal olsa belə, onun siyasi təsiri altına qayıdan deyil. Gürcüstanın NATO və Avropa Birliyi yolu dönməzdir. İkitərəfli münasibətlər yalnız qarşılıqlı iqtisadi maraqlar naminə və Rusiyanın regiondakı forpostu Ermənistanla əlaqə saxlamasında dəhliz kimi istifadə olunur. Cənubi Qafqaz regionunun digər iki dövrünə gəldikdə isə Ermənistanın ənənəvi və alternativsiz Rusiyapərəst siyasəti Azərbaycanın balanslaşdırılmış fəaliyyətindən fərqlənir. 8 il ərzində Avropa Birliyi ilə azad ticarət zonası barədə danışıqlar aparan Ermənistanın 22 illik formal müstəqilliyi tarixində öz ağasına qarşı ilk üsyanı uğursuzluqla nəticələndi. Sarkisyanın 2013-cü ilin sentyabrında Moskvaya səfəri zamanı Vladimir Putinlə görüşdən sonra ölkəsinin Gömrük İttifaqına, uzaq perspektivdə isə Avrasiya İttifaqına üzv olacağını bəyan etdi. Bu bəyanat həm ölkə ictimaiyyəti, həm də uzun illər Ermənistanla danışıqlar aparan avropalı siyasətçkilər üçün gözlənilməz oldu. Ermənistanda istənilən hərəkət azadlığına malik olan
Kreml 102-ci hərbi bazası sayəsində 2044-cü ilə qədər bu ölkədə qalacaq və hələ uzun illər Ermənistanı öz əlinin içində saxlayacaq.
Mərkəzi Asiya və Qazaxıstan regionunda isə Rusiya Sovet İttifaqının ilk illərində sarsılan təsirini sürətlə geri qaytarır. Əhalisinin 25%-ni slavyan əsilli vətəndaşlar təşkil edən Qazaxıstan Rusiyanın başında olduğu Kollektiv Təhlükəsizlik Şurası, Gömrük İttifaqı kimi təşkilatlarda yarandığı vaxtdan üzv olub. Ölkənin əvəzsiz lideri və diktator vərdişləri müşahidə olunmağa başlanan Nursultan Nazarbəyov isə istər Boris Yeltsin, istərsə də Vladimir Putinlə yaxın dostluq münasibətlərindədir. Zəngin neft ehtiyatlarına malik Qazaxıstan MDB-nin həyat səviyyəsi ən yüksə olan ölkələrindən sayılır və Qərb dövlətləri tərəfindən heç bir təzyiqə məruz qalmır. Bu səbəblərdən yaxın illər üçün çətin ki, Qazaxıstan siyasi orientasiyasını dəyişsin. Qazaxıstanın regondakı əsas rəqibi olan Özbəkistan isə qeyri-sabit xarici siyasəti ilə diqqət çəkir. Ölkə müstəqillik qazandıqdan bəri prezidentlik funksiyalarını icra edən İslam Kərimov şəxsi ambisiyalarını ölkənin xarici siyasətində əsas vasitəyə çevirib. Öncə Qərb dövlətləri ilə isti münasibətlər quran Özbəkistan 1997-ci ildə anti-Rusiya xarakterli GUÖAM təşkilatının yaradılmasında iştirak etdi. Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın daxil olduğu təşkilat üzv ölkələrdə demokratik ənənələrin inkşaf etməsinə xidmət etməli idi. Bu siyasətin məntiqi ardı olaraq Özbəkistan Kollektiv Təhlükəsizlik Şurasında üzvlüyünü dayandırdı. 2001-ci ildə Əfqanıstanda NATO-nun antiterror əməliyyatları başlandıqdan sonra Özbəkistanın, ümumiyyətlə, Mərkəzi Asiyanın qlobal önəmi də artdı. Lakin Amerika və Avropanın Özbəkistanla dostluğu 2005-ci il mayın 13-nə qədər davam etdi. Həmin gün Əndican vilayətində baş qaldıran kütləvi xalq etirazı amansızcasına yatırıldı. Rəsmi mənbələr hadisələr zamanı 187 nəfərin həlak olduğunu bildirsə də, yerli hüquq müdafiəçiləri ən azı min nəfərin dünyasını dəyişdiyini iddia edirdi. Ardınca başlanan kütləvi həbslər və yoxlamalar bütün dünyanın etirazına səbəb oldu. Avrpa İttifaqı və ABŞ Özbəkistana qarşı sanksiyalar tətbiq etdi. Hadisələrin ölkəni daxili işi olduğunu bildirən İslam Kərimov isə dərhal Çinə səfər etdi və siyasi oriyentasiyasını dəyişməsi barədə siqnallar verdi. Bunu hiss etmək üçün çox gözləmək lazım gəlmədi. Əndican hadisələrindən bir neçə ay sonra Özbəkistan GUÖAM-dan çıxdı. İslam Kərimov 2006-cı ilin avqustunda ölkəsinin KTŞT-dakı üzvlüyünü bərpa etdi ki, 2012-ci ildə yenidən təşkilat sıralarını tərk etdi. Hazırda ölkəni öz kaprizi ilə idarə edən Kərimovun başı ailədaxili intriqalara qarışıb.
Qırğızıstan və Tacikistan isə Rusiyanın nüfuz etdiyi ölkələr sırasındadır.
Daha çox iqtisadi məcburiyyətlərdən Rusiyaya meyl edən bu iki ölkə regionun ən kasıbları hesab olunur. Misal üçün, Tacikistanın Ümum Daxili Məhsulunun 47%-i, Qırğızıstanın isə 24%-i bu ölkələrin Rusiyada əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarının göndərdiyi vəasitdən formalaşır. Bu nəhəng asılıq, qeyri-demokratik idarəçiliklə yanaşı iki ölkəni də Rusiyanın ilhaqçı hərbi və iqtisadi bloklarına üzv olmağa vadar edib. Məhz bunun nəticə kimi Tacikistan parlamenti 2013-cü ilin oktyarbın 1-də ölkədəki Rusiya hərbi kontingentinin yerləşmə müddətini 2042-ci ilə qədər uzadacaq razılaşmanı təsdiqlədi. Qırğızıstanla isə Rusiya bir il öncə anlaşmışdı. 2012-ci ildə imzalanan müqaviləyə əsasən “Kant” hərbi aviabazasındakı rus qoşunları 2032-ci ilə qədər ölkə ərazisində mövcud olacaq. Qırğızıstanın Gömrük İttifaqına üzvlüklə bağlı rəsəmi müraciətindən sonra çox güman ki, hər iki ölkə yaxın illərdə təşkilata üzv qəbul ediləcək. Beləliklə, Rusiya Orta Asiya regionunda hələ ki, Qərbin mövqelərini gücləndirməsinə imkan vermir. Rusiyanın Avropa sərhədlərinə baxdıqda isə, Moldova və Ukraynanın sürətlə itirildiyini müşahidə etmək olar. Noyarbın sonlarında keçiriləcək Vilnüs Sammiti ərəfəsində Kremlin təzyiqlərinə tab gətirən Moldova və Ukraynanın Avropa Birliyi ilə assosiativ üzvlüklə bağlı müqavilə imzalamaq əzmi heç kəsdə şübhə doğurmur. Müqavilə imzalanarsa, iqtisadi və siyasi münasibətlərin əvvəlki kimi olmayacağı barədə Rusiyanın ehyamı görünür bu dövlətləri razı salmır. Lakin Moldova ilə birbaşa sərhədləri olmayan rəsmi Moskva əgər bu kiçik və kasıb ölkəni itirməyi gözə alırsa, Ukrayna bu konteksdə strateji önəm kəsb edir.

“Bütün rus şəhərlərinin anası”

statusunu daşıyan rəsmi Kiyev Yuşşenkonun Yanukoviçlə əvəzlənməsindən sonra da Avropa yolundan dönmədi. Rusiyanın qaz şantajına Ukrayna qazı Avropa ölkələrindən almaqla rusların ölkə ərazisindən Avropaya gedən qaz xətlərinə görə tranzit haqqını artıracağı ilə cavab verdi. Ölkənin avrointeqrasiyasına yalnız Yuliya Timoşenkonun həbsi əngəl törədə bilər. Lakin nəzərə alanda ki, Timoşenkonun baş nazirliyi dövründə imzalanan müqavilə əsasında bugün Ukrayna qonşusundan ən baha qiymətə qaz alan ölkədir, onda sabiq nazirin həbs olunması başa düşüləndi. Digər tərəfdən, Avropa Ukraynanı Rusiyadan uzaqlaşdırmaqla böyük geosiyasi qələbə qazanacaq.

“Rusiya Ukrayna ilə
həmişə superdövlətdir,
Ukraynasız həmişə yox”

Zbiqnev Bjejinskinin bu ifadəsi yaranacaq situasiyanı tam əks etdirir. Son iyirmi ildə siyasi önəminin azalmasına baxmayaraq Rusiya qlobal güc mərkəzi kimi qalmaqda davam edir. Suriya hadisələrində Əsədin devrilməməsi üçün Kremlin həyata keçirdiyi diplomatik fəaliyyət buna sübutdur. Lakin başqa bir reallıq Rusiyanın keçmiş Sovet respublikalarını Avropa və demokratiya yolundan döndərə bilməməsindədir. Çünki bu reallıq zamanla Rusiyanı da gözləyir. Qərb və Amerika isə hələlik MDB məkanını Rusiyaya güzəştə getmiş kimi görünür.
Vüqar İsmayılov