Şeyx Əbdül Mahmudbəyov: “Televiziyanı, kinonu küçədən gələn adamlara tapşırmaq olmaz”
Şeyx Əbdül Mahmudbəyov: “Televiziyanı, kinonu küçədən gələn adamlara tapşırmaq olmaz”

“Azərbaycan İncəsənət Universitetində az qalırlar ki, stomatoloji fakültə açsınlar”

Ölkənin tanınmış aktyoru və kinorejissoru Şeyx Əbdül Mahmudbəyovdan müsahibə almaq üçün evinə telefon açıb hal-əhval tutarkən dilə gəldi:

-Yorulmuşam, qardaş... İnsanların sayğısızlığından, bu cür qeyri-obyektiv münasibətdən. Uzun bir ömür yaşamış bir insan üçün bu qədər haqsızlıq, bu qədər ədalətsizlik görmək çox böyük əzabdır.
-Haqsızlıqdan, zəmanənin bivəfalığından gileyləndiniz. Amma bu gün ekrana çıxan filmlərdə, səhnədəki tamaşalarda, teleekranlardakı şoularda Sizi üzən dərdlərdən əsər-əlamət görmürük...
-Bizim dövrün kinosu ilə indiki tamam fərqlidir. O vaxtlar sənətə və ideologiyaya daha elmli, savadlı insanlar xidmət edirdilər. İndi isə hamısı baldızuşğaı, bacanaqbalası, ondan sonra, “Gəl məni gör, dərdimdən öl”lərdir. Bilirsiniz, incəsənət yüksək savadı və bir az da cəsarəti olan insanların sahəsidir. Bu günün arşınları bizim nəslin prinsiplərinə uyğun gəlmir və bu vəziyyət məni hamıdan çox incidir. Hara getsəm, soruşurlar ki, “Bu nə serialdır çəkiblər?” Deyirəm, “A kişi, bunlar televiziya verilişləridir, adını qoyublar serial”. Görün, türklər, ruslar necə gözəl seriallar çəkirlər. Adi bir mövzunu baxımlı filmə çevirirlər. Çünki bu peşənin elmini bilmək gərəkdir. Amma bizdə hər yerindən qalxan çiyninə bir videokamera qoyur, hardansa pul da tapır, başına da kimlərisə yığıb başlayır film çəkməyə. O şeyi ki biz kinostudiyanın dəhlizlərində özümüz üçün mırt vurardıq, bunlar indi bunu eləyiblər kino mədəniyyəti. Axı belə olmaz! Mən həmişə bu fikirdə olmuşam ki, xalqın mənəviyyatı və taleyi ilə bağlı sahədə çalışan insanlar mütləq mənəviyyatlı və savadlı, bir az da vicdanlı olmalıdırlar. Və sahələr mütləq dövlət nəzarətində olmalıdır. Atıblar ortalığa demokratiyanı, söz azadlığını, bunun ardında isə millətin mənəviyyatını məhv edirlər. Bu televiziyalar xoruzun banından başlayaraq boş-boş söhbətlər aparırlar. Sonra da başlayırlar yemək bişirməyə. Sonra da başlayırlar Azərbaycan xalqına xarakterik olmayan ailələr, idbarlıqlar varsa, onları göstərməyə və millətin əxlaqını məhv eləməyə. Dünyada baxıb bizə gülür. Yəni bu xalqın ortalığa çıxarılası normal bir işi yoxdur ki? Bizim nənələrimiz çörək bişirə bilmirdilər? Xaricdən gələn həkimləri tərifləyəcəkdinizsə, bu boyda tibb universitetini nəyə saxlayırsınız? Bax, beləcə, cəmiyyətimizin hər yerində bir məntiqsizlik, şüursuzluq, düşüncəsizlik görürəm. Heç özümüz də bilmirik ki, neyləyirik. Mən “İrsimiz” adlı bir veriliş açmışdım. Mən yaşda insan hər bir verilişə hazırlaşanda arxivlərdə, kompüterin qabağında canım çıxırdı, o alimin, bu alimin qapısını döyürdüm, material toplayırdım və onu böyük məsuliyyətlə tamaşaçıya təqdim edirdim. Axırda mənə dedilər ki, “Kinoda bu cür işləsəydin, Amerikanın xalq artisti olardın!” Amma o verilişi bağladılar. Sponsor, pul tapılmadı. Amma ədəbsiz verilişlərə sponsor da tapılır, pul da və ona 2-3 saat da efir vaxtı ayırırlar. Bu nə deməkdir? Biz nəyi təbliğ edirik? Biz kimə xidmət edirik? Belə məsələlərə dövlət səviyyəsində ciddi nəzarət olmalıdır. Bəzi müxalif qardaşlarımız bunları bəhanə edib cəmiyyətdə qarşıdurma yaratmaq istəyirlərsə, mən onlara cavab verim: Gəlin oturaq, dərdimizdən, işimizdən danışaq. Bəsdir, hakimiyyət davası apardınız! Heç bu mübarizəni apara da bilmirsiniz. Bu da nəticəsi!
-Siz aktyor və kinorejissor kimi böyük Adil İskəndərovun yetişdirdiyi nəslin son nümayəndələrindənsiniz. O nəsildə Səməndər Rzayev, Həsən Məmmədov, Şahmar Ələkbərov, Hamlet Xanızadə, Həsənağa Turabov kimi ...
-Bir az da dərinə gedin. Məlik Dadaşov, Leyla Bədirbəyli, Ələsgər Ələkbərov....
-Həmin məktəbdə bu cür orijinal aktoyrlar və şəxsiyyətlər yetişmişdi. Həmin məktəb bu gün dövrünü başa vurub. Onlar həm də millətin mənəviyyatını təmsil edirdilər...
-Bilirsiniz, hansısa sahədə mənölümlə, tanışlıqla tərəziyə tərsəng vurmaq olar. Amma o iş millətin tarixi və mənəviyyatı, dövlətçiliyi ilə bağlıdırsa və bu gün bunların əsas təbliğat məkanı televiziya və kinodursa, onun yayılma miqyası Yer kürəsidir. Gecə-gündüz evlərimizdədir. İstəsək də, istəməsək də. Və bu boyda məsuliyyətli işi dünyanın ən dəhşətli kütləvi qırğın silahları ilə müqayisə etmək olar. Televizya, kino bu silahlardan daha qorxuludur. Buna görə də bu sahəni nəzarətsiz qoymaq olmaz. Bu işləri küçədən gələn adamlara tapşırmaq olmaz. Kimlərdir bu televizyalara rəhbərlik edənlər? Onların hansı mənəvi haqqı var? O vaxt Misir Mərdanov deyirdi ki, institut qurtaranları müəllim göndərmək üçün gərək onları təzədən imtahan edək. Mən başa düşə bilmirəm, əgər bu adam institutu qurtarıbsa, təzədən bunun nəyini imtahan edəcəksən? İmtahan edib götürübsən də! Ya da imtahan edib buraxaydın da! İndi də bu televiziyalar, bu qəzetlər. Hərə özü üçün bir qəzet açıb ağlına gələni yazır. Mən çıxan qəzetləri ciddi surətdə oxuyuram. Hamısı başdan-başa cümlə, imla səhviylə doludur, a kişi! Bu adamlar sözü sətirdən-sətirə keçirməyi də bacarmırlar. Hansı məqaləni yoxlasan, onun müəllifinə də, redaktoruna da yağlı bir sıfır! Sənə qurban, belə şey olmaz axı! O vaxtlar belə şey yox idi. Sənətə və mətbuata savadlı insanlar gələ bilirdilər. Görmüşüdünüz ki, Adil İskəndərovun və yaxud Rza Təhmasibin bir qohumu gəlib aktyor və yaxud rejissor olsun? O zaman təbii seçim gedirdi və keçiləsi böyük bir məktəb var idi. Bu gün Azərbaycan İncəsənət Universitetində az qalırlar ki, stomatoloji fakültə açsınlar. Mən deyəndə keflərinə dəyir, inciyirlər. Hamısı da dostlardır, mənə hörmətlə yanaşırlar. Amma deməsəm ölləm, desəm də, öldürərlər. Qardaş, bu gün orada bu gün o adamlar müəllim, professor, dossentdirlər ki, onları adi kinostudiyada işə də götürməzlər. Sənət məktəblərinə daxil olmaqda test üsulu effekt vermir. İncəsənət sahəsində bir test var: istedad! Fitri istedad! Mənə dəxli yoxdur, o mübtədanı, ya xəbəri bilir, ya bilmir. Mənə onun sənəti lazımdır. İstedadlı insanlar qalır bir kənarda, müəllim, mühəndis və yaxud həkim olmaq istəyən hansısa abituriyentin balı düşür incəsənət universitetinə, o da gəlib olur oranın tələbəsi. Beləliklə aktyor, rejissor yetişdirmək olmaz. O onun üstünə atır, bu bunun üstünə atır. Bunu biz özümüz eləməliyik. Sonra da başlayıb hamıya ad verməyə başlayırlar. Hacıməmməd Qafqazlı, Səməndər Rzayev, Ceyhun Mirzəyev, Fazil Salayev kimi nəhəng aktyorlar “əməkdar artist” almağa həsrət öldülər. Yusif Vəliyev əməkdar artist kimi öldü. Xalq artisti adını öləndən sonra verdilər ona. Bu nə deyən şeydir? Bu nə göstəricidir? Hansısa şöbə müdiri artistə ad verə bilməz! O vaxt bu məsələyə baxan xüsusi komissiya var idi. Bu komissiyada bütün sahələri təmsil edən sanballı şəxsiyyətlər var idi. Onların imzasından, rəyindən keçəndən sonra təqdimat verilirdi. Bax, belə xırda məsələlər yığışıb dama-dama böyük problemlər yaradır. Yəqin ki, başqa sahələrdə də belədir, mənim xəbərim yoxdur. Bizim sahə göz qabağındadır, gündəlik olaraq hamı baxır və hamını da tanıyır. Ona görə də bu sahədə çox ehtiyatlı və məsuliyyətli olmaq lazımdır.
-Bu telekanalların, bu kinofilmlərin yetişdirəcəyi cəmiyyəti yaxşı görmürəm... Səviyyəsiz və savadsız bir kütlə görünür...
-Allah Üzeyir bəyə qəni-qəni rəhmət eləsin. Onun ətrafına Topçubaşov, Yusif Məmmədəliyev kimi nəhənglər yığışmışdı. Onlar Avropada, Rusiyada, Türkiyədə təhsil almışdılar. O zaman Azərbaycan intibah dövrünü yaşayırdı. Bütün sahələrdə inkişaf başlamışdı. Onların ardınca böyük simalar yetişməyə başladı. O cümlədən sənətdə Hökumə Qurbanova, Həsənağa Salayev, Məlik Dadaşovlar meydana çıxdı. Çox təəssüflər olsun ki, bu mərhələ davam eləmədi. Müstəqillik qazandığımız illərdə isə bu varislik tamamilə itdi. Teatr bağlandı, Leyla Bədirbəyli, Rza Əfqanlı kimi aktyorlar qaldılar küçələrdə. Qəribədir ki, ictimai-siyasi formasiya dəyişilərkən ən böyük zərbəni, elm və sənət adamları alırlar. Ona görə də bu sahələrə xüsusi diqqət yetirmək lazımdır, onlar üçün ağrısız keçid olsun. Bu nəsil sıradan çıxdı. Yeni güclü nəsil yaratmaq üçün yeni təhsil sistemi formalaşdırmalıydıq. Əvəzində nə yaratdıq? Özbaşınalıq, mənəm-mənəmlik, məhləbazlıq, ögey-doğmalıq. Ucundan tutub getdik ucuzluğa. Allah qəni-qəni rəhmət eləsin Məmməd Araza. “Məndən keçdi, sənə dəydi. Səndən keçdi mənə dəydi. Məndən, səndən keçən zərbə, Vətən, Vətən, sənə dəydi”.
-Əbdül bəy, evinizlə bağlı durum nə yerdə qalıb?
-Gündə bir avaraya ev bağışlayırlar, amma mənim evimi başıma uçurdurlar. Bu yaşa gəlmişəm, dişimlə, dırnağımla balalarıma ev düzəltmişəm, onu da bu günə salıblar. Nə yerdə qalacaq, elə əvvəlki kimidir.
Söhbətləşdi:
Fərzuq Seyidbəyli