Azad Rəhimovun obyektlərində oğurluqlar kəsilmir
Azad Rəhimovun obyektlərində oğurluqlar kəsilmir

“Topaz” məntəqələrində xoşagəlməz hadisələrin ard-arası kəsilmir

Dünən Bakıda mərc oyunları məntəqəsindən oğurluq edilib. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, oktyabrın 23-nə keçən gecə İstiqlaliyyət küçəsində yerləşən, Rəvan Əmirova məxsus “Topaz” idman mərc oyunları məntəqəsindən açıq qapıdan keçməklə 2000 manat oğurlanıb.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Əli Qurbanov tutulub.
Qeyd edək ki, “Topaz” idman mərc oyunları məntəqələrində oğurluq halları adət şəklini alıb. “Unikal” bununla bağlı araşdırma apararaq təkcə bu il yaşanan bir çox oxşar faktla bağlı bilgilər əldə edib.
Məsələn, bu il iyulun 15-nə kecən gecə Sumqayıt şəhər sakini Xəqani Məmmədova məxsus Bakıxanov küçəsində yerləşən mağazadan qapını sındırma yolu ilə noutbuk və 333 manat oğurlanıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağdaş rayon sakini Fərid Rəhimov tutulub. Araşdırma zamanı o, Gəncə şəhər sakini Pərviz Niyazovla birlikdə Səbail rayonu Əfəndiyev küçəsində "Topaz” mərc oyunları klubundan pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 522 manat oğurladığını etiraf edib.
Bu ilin avqustunda isə Yasamal rayon 28-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, Yevlax rayon sakini Nazim Bəkirov və Ağdaş rayon sakini Fərid Rəhimov tutulublar. Məlum olub ki, onlar mayın 13-nə keçən gecə Ə.Cəmil küçəsində yerləşən, Ruslan Kazımova məxsus “Topaz” klubundan dəmir barmaqlıqları sındırma yolu ilə 2920 manat oğurlayıblar.
Göründüyü kimi, “Topaz” məntəqələri oğrular üçün olduqca cəlbedici ünvanlara çevrilib. Onlar bu məntəqələrə külli miqdarda vəsait əldə etmək üçün yaxşı imkan kimi baxırlar. Bu səbəbdən belə məntəqə sahiblərinin təhlükəsizlik baxımından daha diqqətli olmalarında fayda var.
Onu da deyək ki, Azərbaycanda idman mərc oyunlarının təşkili ilə məşğul olan “Topaz” şirkətinə qeyri-rəsmi himayədarlığı gənclər və idman naziri Azad Rəhimov həyata keçirir. Bəzi KİV-lər, ekspertlər, ictimaiyyət nümayəndələri onu ölkədə “futbol qumarı”nı faktiki olaraq legitimləşdirdiyinə görə qınayırlar.
Günel Əkbər