"Bir neçə yüz insan heç nə edə bilməz"
"Bir neçə yüz insan heç nə edə bilməz"

Hikmət Hacızadə: "Azərbaycan Avropa Birliyinə assosiativ üzvlük barədə heç bir istək bildirməyib"

Son günlərdə Azərbaycan-Rusiya, Azərbaycan-Avropa Birliyi münasibətlərində müşahidə olunan gəlişmələrlə və bölgədə baş verən proseslərlə bağlı suallarımızı politoloq Hikmət Hacızadə cavablandırır.

-Hikmət bəy, Siz Azərbaycanın Rusiyada səfiri kimi çalışıbsınız, həm də ümumən rus psixologiyasına kifayət qədər bələdsiniz. Rus xalqı Sizdə hansı təəssüratlar buraxıb?
-Rus psixologiyası barədə çox yazılıb. "Russkaya duşa" haqqında çox sözlər deyilib. İndi belə görünür ki, bu qəlb iki yerə bölünür. Birincisi, torpağa bağlı olan kəndlilərin, yəni mujiklərin qəlbi. Bunlar təmiz qəlbli, iddiasız insanlardır. Onlar deyirlər ki, "Bizə heç nə lazım deyil, bİz səmimi, əliaçıq, hamıya kömək edən insanlarıq". Onlar özləri haqqında belə düşünürlər. Onlar deyirlər ki, "Biz başqalarından fərqlənirik. Başqaları gəlib talayırlar, amma biz gəlib işləyirik". Rus qəlbi barədə həm Qoqol yazıb, həm Dostoyevski, həm Lev Tolstoy, həm də başqaları.
Bir də var ruslardakı imperiya qəlbi. Onlar deyirlər ki, "Biz səmimi və təvazökar insanlarıq, ancaq biz sizə ağalıq eləməliyik". Həm də boyunlarına almırlar ki, onlar ağalıq edirlər, "krışalıq" edirlər. Onlarda nəsə bir imperialist-kriminal psixologiya var. Rus qəlbi bütövlükdə bu iki hissənin vəhdətindən ibarətdir. Xristian pravoslavlığından, torpağa bağlılıqdan doğan səmimilik və canıyananlıq, əliaçıqlıq və imperializm, ağalıq iddiası, başqalarına necə yaşamağı öyrətmək iddiası, işləməmək, kef içində yaşamaq, tənbəlliyə qurşanmaq.
-Son dövrlərdə Rusiyada millətçilik dalğasında baş verən hadisələr adamı sadəcə, şoka salır. Dünənki məlumata görə, Moskvada dağıstanlı bir qadını öldürdükdən sonra bıçaqla qarnında xaç şəkli çəkməklə "xristian imzası" buraxmağı da unutmayıblar. Digər faktlar da var. Rusiyada qəddarlıq, faşizm tüğyan edir, amma rus cəmiyyəti susur. Başqa xalqlarda da millətçilik təzahür edir, amma bu qəddarlıqla, bu amansızlıqla yox... Ruslardakı bu qəddarlıq haradan qaynaqlanır?
-Bu qəddarlıq rusların təbiətində var da. Bu qəddarlıq hamıda var. Cəmiyyət bu həddə çatandan sonra qəddarlıq tam şəkildə üzə çıxır. Alman xalqında qəddarlıq yox idi? Ya, məni bağışlayın, bizim xalqımızda yox idi? Tarixdə belə hallar çox müşahidə olunub. Əfsuslar olsun ki, bu, belədir. Yaranmışın genetikası belədir. Hər bir xalqın varlığında, qəlbində qəddarlıq var. Onu qızşdırmağa başlasan, özünü büruzə verəcək. İndiki halda Rusiyanın prezidenti Putin və onun ətrafındakılar elə bir təbliğat aparıblar ki, elə sözlər deyiblər ki, rus cəmiyyəti yavaş-yavaş qızışıb, indi də başlayıblar qırğına.
-Rusiyada alovlanmış həmin qəddarlığın fonunda Azərbaycan-Rusiya münasibətlərini necə görürsünüz?
-Əlbəttə ki, gərgin görürəm. Amma bu gərginliyi aradan qaldırmaq üçün Rusiyada demokratik hökumətin formalaşmağı lazımdır. Bu hökumətin cəmiyyətdə tolerantlığı, başqa xalqlara sayğı ilə yanaşmağı təbliğ etməsi lazımdır. Millətçiliyi, dünyaya ağalıq etmək iddialarını deyil, əməkdaşlıq ruhunu, dözümlülüyü, bağışlamaq qabiliyyətini, rəhmdilliyi təbliğ etməlidir. Təəssüf ki, həm Rusiyada, həm də Azərbaycanda bu baxımdan ciddi problemlər var. Nəticəsi də gəlib bu cür olur.
-Yaxın günlərdə Azərbaycanın Rusiya ilə Avropa arasında manevrlər etmək imkanları tükənməyib ki?
-Əslində, bu manevrlər bizə aid deyil axı! Biz Avropa Birliyinə daxil olmaq barədə heç bir fikir ifadə etməmişik axı! Bizim məsələmiz viza məsələsidir. Dekabrın 15-də bu məsələ həll ediləcək. Ona da ümid edirəm ki, imza atılacaq. Azərbaycan Avropa Birliyinə assosiativ üzvlük barədə heç bir istək bildirməyib. Gürcülər asossiativ üzvlüyə imza edəcəklər. Ukraynada nələrin baş verdiyini özünüz görürsünüz. Orada çox ciddi çaxnaşma var. Sonra, Moldova bəzi sənədlərə qol çəkəcək. Biz isə heç. Biz ora daxil olmaq üçün heç bir sənəd təqdim etməmişik. Odur ki, bu prosesin bizə aidiyyəti yoxdur.
-Deməli, Azərbaycan Avrasiya İttifaqına daxil olacaq?
-Yox, niyə? Biz nə ona daxil olacağıq, nə də bu birinə.
-Deməli, ortalıqda tək qalırıq?
-Bəli, elədir. Yeri gəlmişkən, sualları mənə yox, hökumətin məmurlarına ünvanlamaq lazımdır.
-Regionda geopolitik mənzərə dəyişilməyə başlayıb. Rusiya Ermənistanı sürətlə silahlandırır, İranla Qərbin münasibətlərində yumşalma qeydə alınır, İran-Azərbaycan münasibətləri yenə də gərginləşməyə başlayıb. Sərhəddəki insident, İran diplomatının ölkədən çıxardılması və s... Bu dəyişən situasiyada Azərbaycanı hansı perspektiv gözləyir?
-Azərbaycan Avroatlantik məkana inteqrasiya olunsaydı, əlimizdə çoxlu kozırlar olardı. Biz nə qədər ki, bu addımı atmırıqsa, Qarabağ əbədi olaraq Ermənistanın əlində qalacaq. Ermənistan Qarabağı götürüb və Rusiyaya tərəf meyllənib. Biz isə ortalıqda qalmışıq. Nə o tərəfə meyllənirik, nə də bu tərəfə. Buna görə də vəziyyət yaxşı deyil. Eyni zamanda, Qərb dövlətləri strateji maraqlar üzündən Azərbaycanın müstəqilliyini dəstəkləyəcək, İranın bizə qarşı təzyiqinin artmasına, bu ərazinin Rusiyanın çətirinin altına düşməsinə imkan verməyəcək. Dövlət müstəqilliyi məsələsində bizə kömək edəcəklər. Çünki bu onlara da lazımdır. Amma ümumən vəziyyətimiz yaxşı deyil. Gərək biz harasa birləşək. Hansısa bir beynəlxalq təhlükəsizlik sisteminə birləşməliyik.
-Belə bir durumda Qarabağ probleminin həlli də çətinləşə bilər...
-İndiyədək münaqişənin həlli ilə bağlı real danışıqlar olmayıb. Əslində, danışıqlar imitasiya xarakteri daşıyırdı. Zaman getdikcə həm Azərbaycan, həm də bütün dünya ictimaiyyəti başa düşdü ki, bütün açarlar Rusiyanın əlindədir. Rusiya isə bu münaqişənin həll olunmasını istəmir. Moskvanın öz mövqeyini dəyişməsi üçün gərək Qərblə hansısa sövdələşmə olsun. Rusiya Ermənistanı saxlayır və istəmir ki, NATO onun sərhədlərinə hansısa istiqamətdən yaxınlaşsın. Bir tərəfdə Ukrayna, Gürcüstan, digər tərəfdə Azərbaycan, Türkiyə. Rusiya üçün əsas strateji məsələ budur. Buna baxmayaraq Qərb Rusiyanın sərhədlərinə doğru addımlayır. Dağlıq Qarabağ münaqişəsinin həlli danışıqlar formatından asılı deyil. ATƏT-in Minsk qrupu formatı formal xarakter daşıyır. Yenisi də eyni olacaq. BMT də burada heç nə edə bilməz. Hər şey Kremldə həll olunur.
-Ukrayna müxalifətinin dövlətin gələcəyi və milli maraqları naminə aktivliyi hər kəsdə rəğbət oyadır. Azərbaycanla bağlı bu qədər kritik hadisələrin baş verdiyi bir zamanda Azərbaycan müxalifəti passiv davranır. Niyə cəmiyyət-müxalifət tandemi baş tuta bilmir?
-Mən bu barədə çox danışmışam və fikirlərimi bir daha təkrar edirəm. Bizdə müxalifət sözünü düzgün başa düşmürlər. Müxalifət, adətən, azsaylı siyasi fəaldan və onlara dəstək verən cəmiyyətdən, vətəndaş cəmiyyəti qurumlarından, ziyalılardan, həmkarlar təşkilatlarından, onlara qoşulmuş dini liderlərdən ibarət olur. Əgər bu zümrələr müxalifətə qoşulmursa, kənarda qalırsa, bir neçə yüz insan heç nə edə bilməz. Amma buna baxmayaraq, müxalifət təkbaşına meydandadır. Eşidibsənmi, yazırlar ki, filan ölkədə həmkarlar ittifaqı, məsələn, demokrat partiyasını dəstəkləyir. Və yaxud Latın Amerikasında dini liderlər çıxıb demokratik qüvvələri dəstəkləyirlər. Vaxtilə Roma papası İohan Pavel Polşada "Həmrəylik" hərəkatına dəstək verirdi. Bəs bizim Papamız haradadır? Müxalifəti dəstəkləyir? Yüz, iki yüz nəfər tək qalıb, Siz də deyirsiniz, müxalifət niyə passivdir? Müxalifət neyləməlidir? Müxalifət meydandadır, siz haradasınız?
-Bu sözü mənə deməyin...
-Bilirəm. O birilərin hamısı kərtənkələdir.
-Türkiyənin son zamanlar kürdlərlə, Misirlə, Suriya ilə, Rusiya ilə bağlı yürütdüyü xarici siyasət çox ziqzaqlı, dolaşıq təsir bağışlayır. Baş nazir Ərdoğan neyləmək istəyir?
-Bəli, Türkiyənin xarici siyasətində çətinliklər müşahidə olunur. Çünki Türkiyənin Qərblə birlikdə rasional xarici siyasəti var. Amma həm də Ərdoğanın öz elektoratı var. Həmin elektorat dindarlardan ibarətdir. Və bu dindarlar başqa şey tələb edirlər. Avropa tələb edir ki, Misirdəki dövlət çevrilişi dəstəklənsin, amma Ərdoğanın seçiciləri tələb edirlər ki, Mursini dəstəkləsin. Ərdoğan da çaşıb qalır pis vəziyyətdə. Gah ora vurur, gah da bura vurur. Onun elektoratı islamyönlüdür. Ərəbləri sevən elektoratdır. Bax, buna görə də çaş-baş qalıblar.
Söhbətləşdi:
Fərzuq Seyidbəyli