"Bütün dünya bizim muğamımızla maraqlanır"
"Bütün dünya bizim muğamımızla maraqlanır"

Arif Babayev: "Muğamı sevməyənlərin əlindən yaxşılıq gəlməz"

Xalq artisti, professor, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri, "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülən Arif Babayevlə söhbətimiz muğam sənətimizin bu günü və perspektivləri barədə olacaq.

- Arif müəllim, Sizin kimi ustad xanəndə üçün muğam sənəti nə deməkdir?
-Muğamı orta əsrlərin yadigarı, ruh düşgünlüyü yaradan sənət hesab edənlərin ruhu yoxdur, qəlbi yoxdur. Musiqini bilməyən, başa düşməyən, muğamı dinləməyən, muğamı, xalq musiqisini sevməyən insanın qəlbi, ruhu ola bilməz. Belə insanların əlindən yaxşılıq gəlməz. Gördüyü işin keyfiyyəti olmaz. Muğam bizim həyatımızdır, canımızdır, qanımızdır, fəlsəfəmizdir, laylamızdır. Necə olur ki, bütün dünya, dilimizi-sirrimizi bilməyənlər muğamla maraqlanırlar, yazırlar? Azərbaycanda iki dəfə beynəlxalq muğam festivalı keçirildi. Görəydiniz necə maraqla baxırlar. Təsadüfü deyil ki, bunu bütün dünyada sevirlər. Burda hikmət var.
-Muğam sənətimizə bu günki qayğı, onun təbliği Sizi qane edirmi?
- Muğamlarımıza heç vaxt bugünkü qədər çox qayğı göstərilməyib. Heç vaxt bizim sənətkarlarımızın kompakt diskləri təmizlənib fondda saxlanılması olmayıb. O böyük sənətkarların gücü, tarixdə qalma imkanı həmin o kompakt disklərdədir. Daha sonra deyim ki, muğamlarımız haqda heç vaxt istər xarici dillərdə, istər öz dilimizdə bu qədər yazılar yazılmayıb. Demək olar ki, bütün dünya bizim muğamımızla maraqlanır. Belə olmasa tarımıza, səsimizə ayrıca yer ayrılmaz ki, YUNESKO-da. Böyük zirvədir bu.
-Yəni əvvəllər muğamlarımıza bu qədər maraq olmayıb?
-Yox, olmayıb. Bu isə bizim dövlətimizin başçısı və xüsusilə də Mehriban xanım Əliyevanın layihələri nəticəsində baş verib. Saymaq belə mümkün deyil ki, muğam haqqında nə qədər kitablar, jurnallar, broşuralar yazılıb. Bizim muğamlarımızın sevilməsinə beynəlxalq müsabiqələrin də böyük təsiri var. Ona görə ki, bütün dünyadan insanlar gəlir, muğamlarımıza, milli musiqimizə qulaq asır və məqalələr yazaraq bizim mədəniyyətimizi yayırlar. Nəticədə isə bütün dünyanın maraqlanması sayəsində muğamımız bu gün özünün ən yüksək səviyyəsində dayanır. Ömrünü bu sənətə həsr edən insanlar da ruhlanıb bu qayğıdan. Bu ilki Beynəlxalq Muğam Müsabiqəsinin hazırlıq mərhələsində mən baxdım və gördüm ki, bizim nə qədər gözəl tar çalanlarımız var, böyük yaşı-başı olan insanlar kimi muğamları ifa edən 19-20 yaşında gənclərimiz var. Hətta mədəniyyət və turizm naziri, təhsil naziri onlara gözəl mükafatlar təqdim elədi. Bu, hər birimizi çox sevindirir. Olub muğamımız, var, amma bu səviyyədə qayğı ilə əhatə olunmayıb.
-Amma arada bu qədim sənət incimizə qarşı bir qədər laqeydlik meydana çıxmışdı...
-Çünki... Bilirsiniz, elə bil ki, bir şeyi bir dəfə eşidirsən. Amma bir dəfə eşitməklə bilmirsən axı orda nələr var. Gərək dəfələrlə qulaq asasan. Qulaq asdıqca insan onu duyur, hiss edir. Musiqimizin təbliğindən çox asılıdır. Bu baxımdan bütün muğam sənət aləmi Mehriban xanım Əliyevaya çox sağ olsun deyir. Bu müsabiqələrin nəticəsidir ki, bu sahədə cavanların da sayı artdı. Və muğamın gələcəyinin sual altında qalması yox oldu. Muğam yenə də əmin əllərə keçir.
-Ustad bir ifaçı kimi tövsiyələriniz nədir? Muğam sənəti necə qorunmalıdır?
-Onu hamımız qorumalıyıq. Ucuz şeylərə getməli deyilik. Mən demirəm yalnız bu istiqamətdə getməliyik. Musiqilərin cazı da yaxşıdır, o biri də yaxşıdır. Bütün musiqilərin yaxşısı yaxşıdır, əlası əladır. Mən məmnuniyyətlə qulaq asıram simfonik əsərlərə də, caza da. Amma yaxşıları məni özünə daha çox çəkir. Muğamın aqibəti onu oxuyanın avazından və ustalığından asılıdır. Əgər pis oxuyacaqsansa, hamı üz döndərəcək bu sənətdən, yaxşı oxuyacaqsansa, deməli, ardınca böyük bir xalqı bu sənətə doğru səsləyəcəksən. Qorumaq lazımdır milli musiqimizi. Olduğu kimi qorumaq lazımdır. Yaşatmaq, qədrini bilmək lazımdır.
- Arif müəllim, səsinizdə bir giley, bir nisgil duyulur....
- Mənim Qarabağ adlı dərdim var. Neçə illərdir Qarabağsız özümü yetim hiss edirəm. Ola bilər ki, bəzi insanlar torpaq dərdini dildə çəkirlər, mənim isə bu, daxilimdə kök atıb. Mən evimi-eşiyimi muğamla tikmişdim. Lakin ermənilər onu bir günün içində viran qoydular. Bu ifadəni maddiyyata bağlamıram. Şəhərdə və Bakı kəndlərinin birində evim var. Mən Qarabağdakı ata yurdum üçün qəribsəmişəm. Səsimi oradan gətirmişdim, indi ora aparmaq istəyirəm. Əslində dəvət aldığım tədbirlərin çoxuna getmirəm. Bəzi dövlət tədbirlərindən imtina edə bilmirəm. Əgər torpaq boyda nisgilim olmasaydı, səsim bəlkə də yerində olardı. Axı neçə illərdir mən ata yurduma gedə bilmirəm. Birdəki maddiyatla çox şeyi əldə etmək olur. İlhamlanmaq üçün sənə əziz olan varlığı görmək, duymaq lazımdır. Doğma yurd-yuvamdan çıxandan sonra mən bu duyğunu hiss edə bilmirəm. Düzdür, gənc yaşlarımdan Bakıya gəlib sənətlə peşəkar səviyyədə məşğul olmağa başlamışam. O vaxtlar ruhumu təzələmək üçün tez-tez Qarabağın bölgələrinə üz tuturdum. Orada keçirilən xanəndə məclisində iştirak edirdim, ifaçılarla deyişirdik. O mənzərələri indi yuxuda görürəm. Gerçək həyata qayıdanda isə onlar sovrulub gedir. Bəlkə də, 72 yaşım olmasaydı, cavan olsaydım, bu qədər nisgil yaşamazdım.
- Sizcə, yaxşı sənətkar 72 yaşında da sərbəst oxuya bilər?
- Nadir hallarda belə məqamlara rast gəlmək mümkündür. Mənim səsim bəzən yaxşı olur, bəzən isə oxuya bilmirəm. Bəzən elə tədbirlər olub ki, imtina edə bilməmişəm və fonaqram ilə oxumuşam. Əslində mən fonaqramın əleyhinə olan insnalardanam. Amma səs probelmim məni seçim etmək məcburiyyətində qoyur. Səs insanın əlində deyil. Biz onu qorumağa çalışırıq. Necə olacağı isə özündən asılıdır.
-Hərdən xanəndələr, müğənnilər arasında normanı aşan qeybətlərin, söz atışmalarının şahidi oluruq...
-Nə qədər qalmaqaldan uzaq olsam da, belə sözləri eşidəndə danışmaq istəyirəm. Hətta belə insanların yerinə mən utanıram. "Biri-birilərini "bozbaş" adlandırırlar. O, nemət adıdır, qidadır. Belə ifadə işlədən insanları tənbeh etmək lazımdır. Amma bu cür danışanların sayı o qədər artıb ki, onlarla bacarmaq mümkün olmur. Birinə deyirsən, o birisi eşitmək istəmir. Hərdən deyirlər, özbaşınalığın qarşısını almaq üçün şura, nə bilim, qurum yaradılsın. Əgər insan sözə tabe olmursa, qurum hansı ölçüləri götürə biləcək?
-Gənc ifaçılar içində istedadlıları çoxdur. Onlara bir ustad kimi məsləhətiniz nə olardı?
- Heç kim quru səsinə güvənməsin - birdən getdi gəlmədi. Onda neyləyəcək? Belələrini mən tez-tez görürəm. Hərdən dərs dediyim məktəblərin dəhlizində özünü dahi sənətkar kimi aparan tələbələr görürəm. Çəkirəm kənara başa salıram, məni görəndə özünü yığışdırır, amma gözdən itən kimi bildiyini edir. Elə olub ki, 8 ay səsim işləməyib. Bu, Tanrının əlində olan bir nemətdir. Qalmışam çarəsiz. İnsan ona bəxş edilənin qədrini sağlığında bilməlidir...
-Yəqin ki, həyatınızda "maraqlı" hadisələr az olmayıb?
- Nə deyim? Olub. Biz sənətçilər müxtəlif cür insanlarla qarşılaşırıq. Bunların hər biri həyatımızda izlərini qoyur. Demirəm ki, ailəmi dəhşətə gətirə biləcək əməllərə əl atmışam, yox. Amma mənim də özümə görə, maraqlı günlərim olub. Ailəmi, xüsusən də həyat yoldaşımı incidən işlərə əl atmamışam. Amma həyatdır və qadından da çox şey asılıdır. Həyat yoldaşım Gültəkin xanım bəzi şeylərə gözünü yuman, ailəsini tutan qadın olub. Bilirsiniz ki, bəzi ailələrin, həm də sənətçilərin çoxunun ailəsi xəyanətdən dağılır. Qadın gərək, bir tərəfdən güzəştə getməyi bacarsın. Çox kişinin həyatında "qaranlıq" məqamları olur. Amma əsil kişi birinci ailəsini qorumalıdır. Mən bunu həmişə bacarmışam və xanımım da mənim qədrimi bilir.
-Babalıq mərtəbəsi artıq xoşbəxtlik deməkdir, Nəvələrinizə qarşı necəsiniz?
- Əgər mən yaxşı baba olmasaydım, onsuz da iş qrafikim mənə nəvələrimlə məşğul olmağa az hallarda vaxt ayırardı. 6 nəvəm var. Onların nazını çəkməyə hər zaman hazıram. Onlardan biri adımı daşıyır. İnanın evə gələndə, əsasən də bağ evində olanda, sakit oturmağa imkan vermirlər. Əyləşən kimi biri qucağımda oturur, biri boynuma çıxır. Biri hoppanıb, özünə yer axtarır. Hərdən fiziki gücüm onların hamısı ilə eyni vaxta məşğul olmağa imkan verməsə də, nəvələrimdən keçə bilmirəm.
- Yüzlərlə tələbə yetişdirmisiniz. Ailənizdə də davamçınız varmı?
-Oğlum Yaşarın səsi var idi. Mutasiya dövründən sonra o, səsinin bir hissəsini itirdi. Bəlkə də onunla xüsusi məşğuliyyətim olsaydı, belə olmazdı. Amma qismət. Mən onun musiqi sənətinə gəlməsinə imkan vermədim, bu yoldan çəkindirdim. Çünki başqalarına irad bildirdiyim halda, oğlumun məni bir o qədər qane etməyən səs imkanına göz yuma bilməzdim. Ona dedim ki, özünə başqa sənət seçsin.
Söhbətləşdi:
Fərzuq Seyidbəyli