İbrahimbəyov erası bitdi

Milli Şurada təmizləmə prosesi başlayacaq

Milli Şura qazanında qaynaşma başladı. Qeyd edək ki, artıq uzun müddət idi ki, AXCP ilə Müsavat Milli Şura daxilində təşəbbüsü ələ almaq üçün rəqabətə başlamışdılar. Müsavat partiyası tələb edirdi ki, Rüstəm İbrahimbəyov itefaya getməlidir və Milli Şuraya ziyalılar yox, siyasi partiya liderləri rəhbərlik etməlidir. Müsavatın bu çağırışından gördüyünüz kimi əsas məqsəd Rüstəm İbrahimbəyovla yanaşı, Cəmil Həsənlinində sıradan çıxarılması idi.
Hətta açıq şəkildə bildirilmişdi ki, Cəmil Həsənli seçkilərdə müxalifətin vahid namizədi olsada, o siyasətçi deyil və görəvini təhvil verməlidir. Müsavatın bu ittihamları Arif Hacılının son yazısında daha konkret şəkildə qoyuldu və bəyan edildi ki, Milli Şura artıq Rusiya projesi olmaqdan çıxmalıdır. Buna görə də Rüstəm İbrahimbəyov vəzifəsini təhvil verməlidir. Müsavat partiyası ən güzəştli həddə təklif etmişdi ki, həmsədrlik institutu yaradılsın və Cəmil Həsənli, İsa Qəmbər və Əli Kərimli həmsədr olsunlar. Müsavatdan fərqli olaraq AXCP tamam başqa xətt tutdu. Partiya rəhbərliyi bəyan etdi ki, Rüstəm İbrahimbəyov Milli Şurada qalmalıdır və buna haqqı çatır. AXCP Müsavatdan fərqli olaraq həmsədrlik institutunu bu halda qəbul edirdi ki, onda həmsədrlər Rüstəm İbrahimbəyovla, Cəmil Həsənli formatında olsun. Amma bu ideya Müsavat tərəfindən qəbul olunmadı. Nəticədə maraqlı bir vəziyyət yarandı. Müsavata yaxın mətbu orqanlar açıq şəkildə Rüstm İbrahimbəyovu və onun yaxın çevrəsini hədəfə aldılar. Eldar Namazov və Eldəniz Quliyev az qala hakimiyyətin casusu kimi təqdim olunmağa başlanıldı və hiss olunan bu idi ki, get-gedə açıq hədəfə Rüstəm İbrahimbəyov gətirilir. Hətta bunun qarşısını almaq üçün Cəmil Həsənlidə dəfələrlə bəyanatlarla çıxış etsədə proseslərə təsir göstərə bilmədi. Hazırda isə vəziyyət dəyişib. Belə ki, Rüstəm İbrahimbəyov atıq sıradan çıxarılmaq üzrə olduğunu görərək özü könüllü şəkildə istefaya getdi. Bu istefada isə məqsəd budur ki, Milli Şura rəhbərliyini ən azından Cəmil Həsənliyə təhvil verə bilsin. Gəlin onun istefaya getməklə bağlı yazdığı məktubdan bir məqama baxaq:-“ Şübhəsiz ki, müxtəlif səbəblərdən Şura üzvlərinin bir hissəsi qurumu tərk edə bilər. Lakin əminəm ki, bizim sıralarımız vətəndaşların əsas hüquqlarının pozulduğu, korrupsiya rejiminin hökm sürdüyü ölkədə demokratik islahatların qaçılmaz olmasına inanan insanlarla genişlənəcək.Bu cür düşüncələrə inanan şəxs və Milli Şuranın işində fəal iştirak etmək niyyətində olan şəxs kimi mən bununla yanaşı yaxın sessiyada Şuranın sədri vəzifəsindən azad edilməyimlə bağlı məsələ qaldıracam.Son illər mən vaxtımın və gücümün çoxunu ölkədə hakimiyyətin də hesablaşa biləcəyi ictimai rəyin formalaşmasına yönələn ictimai-siyasi fəaliyyətə ayırdım. Ziyalılar Forumunun və Milli Şuranın işində iştirak məndən fəallıq tələb edirdi və indi də edir. Bəzən mən bir sıra obyektiv səbəblərdən bu fəallığı göstərə bilmirəm. Öz fəaliyyət tərzimlə əlaqədar uzun müddət Azərbaycandan kənarda qalmalı oluram. Və mənim bir sıra yaradıcılıq öhdəliklərim də var ki, onların yerinə yetirilməsi üçün təəssüf ki, az vaxt qalır.Mən Milli Şuranın sədri postuna professor Cəmil Həsənlinin namizədliyini təklif edirəm. C.Həsənli bundan əvvəl də Azərbaycanda və onun hüdudlarından kənarda yüksək dəyərləndirilib. Son prezident seçkiləri prosesində isə məlum oldu ki, onun timsalında xalqımız görkəmli siyasi xadim qazanıb.Milli Şuraya siyasətə qəlbinin səsi, Azərbaycanda demokratiyanın qələbəsinə təmənnasız səyləri ilə gələn milli ziyalıların parlaq nümayəndəsinin rəhbərlik etməsini mühüm hesab edirəm. Mənim fikrimcə, Cəmil Həsənli məhz belə şəxsiyyətdir”. Gördüyünüz kimi Rüstəm İbrahimbəyov açıq şəkildə Cəmil Həsənlinin müdafiəsinə qalxıb və bununla da bir sıra maraqlarını həyata keçirtməyə çalışır. Bunlar hansı maraqlar ola bilər?
1. Milli Şura rəhbərliyinə Cəmil Həsənlini gətirməklə bu təşkilata təsirini qoruyub saxlamağa çalışacaq. Çünki Cəmil Həsənli bu günün özündə də vahid namizəd olmasına görə məhz Rüstəm İbrahimbəyova borclu olduğunu bildirir.
2. Cəmil Həsənlini gündəmə gətirməklə Müsavatın öz maraqlarını həyata keçirtməsinin qarşısını alır və İsa Qəmbərin həmsədrliyinin üzərindən xətt çəkir
3. Cəmil Həsənlini sədr görməklə Milli Şuradakı tərəfdarlarının təşkilatda qalmasını təmin etməyə çalışır. Amma deyəsən Müsavat heç də bununla razılaşmaq niyyətində deyil və Müsavat partiyasının aparat rəhbəri Arif Hacılı dolayısı ilə bunu təsdiqləyir:-“Hesab etmirik ki, qurumun fəaliyyətinin güclənməsi yalnız ona kimin rəhbərlik edəcəyindən asılıdır. 9 oktyabr seçkilərindən sonra ölkədə fəal ictimai-siyasi vəziyyət yaranıb. Azərbaycanın aparıcı siyasi qüvvələri, ictimai təşkilatları, birlikləri Milli Şura yaradılanda olduğu kimi yenidən mövcud siyasi şəraiti müzakirə edərək, vəziyyətə uyğun hədəflər müəyyənləşdirməlidir. Bu hədəflərə çatmaq üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilməlidir. Bu hədəflər uğrunda birgə fəaliyyət göstərmək həvəsinə və gücünə malik olan siyasi qüvvələr, ictimai təşkilatlar öz fəaliyyətlərini ya Milli Şura çərçivəsində, ya da müxalifətin başqa koalisiyası çərçivəsində davam etdirməlidirlər. Bu qurumlara, o cümlədən Milli Şuranın digər strukturlarına kimlərin sədrlik edəcəyi məsələsi də önəmli məsələdir, amma ikinci dərəcəli məsələdir. Bu məsələlər yalnız ciddi razılaşmalara əldə olunduqdan sonra həyata keçirilməlidir”.Ekspertlər bunu da bildirir ki, Müsavat çox qısa müddətdə Rüstəm İbrahimbəyovun tərəfdarlarını Milli Şuradan tam olaraq sıxışdırıb çıxaracaqlar.
Mehdi Əli