Səttar Mehbalıyev: “Transmilli şirkətlərdə həmkarlar təşkilatlarının yaradılmasında problem var”

Azərbaycanda fəaliyyət göstərən idarə və müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması istiqamətində hər gün iş aparılır.
Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev deyib.
Onun sözlərinə görə, yaxın günlərdə 8 minə yaxın işçisi olan bir nazirlikdə həmkarlar ittifaqı təşkilatının yaradılması reallaşacaq: “Hazırda 20-50 nəfər üzvü olan həmkarlar ittifaqı təşkilatları var. İri şirkətlərdə isə həmkarlar ittifaqı təşkilatlarının yaradılması vacib məsələdir. Yerli şirkətlərdə belə təşkilatların yaradılması elə bir problem deyil”.
AHİK sədri bildirib ki, həmkarlar ittifaqı təşkilatlarının yaradılması ilə bağlı yalnız iri transmilli təşkilatlarda problemlər var: “İndi qarşıda duran əsas məqsəd ondan ibarətdir ki, transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatları yaradılsın. Artıq belə şirkətlərin 30-40 faizində ilk təşkilatlar yaradılıb. Bu iş mütəmadi olaraq davam etdirilir. AHİK idarə və ya müəssisələrə həmkarlar ittifaqı təşkilatının yaradılması ilə bağlı tələb irəli sürə bilməz. Bunu həmin müəssisələrdə çalışan işçilər tələb etməlidir”.
S.Mehbalıyevin sözlərinə görə, müəssisələrdə çalışan işçilərin tələbi, istəyi olmadan bu müəssisələrdə həmkarlar ittifaqı təşkilatının yaradılması mümkün deyil: “Özəl şirkətlərdə həmkarlar ittifaqı təşkilatının yaradılması ilə bağlı hər gün iş aparılır. Biz bu istiqamətdə bütün ilk təşkilatlara, rayon komitələrinə tapşırıqlar vermişik və bununla bağlı gündəlik iş gedir”.
AHİK sədri qeyd edib ki, müəssisələrdə çalışan işçilər əmək hüquqlarını bilməli, əməklə bağlı normativ sənədlərdən, əmək konvensiyalarından, həmkarlar təşkilatlarının fəaliyyətindən məlumatlı olmalıdırlar: "Biz də bununla bağlı yerlərdə maarifləndirmə işləri aparır, təhsil kursları keçirik".