Ermənistanda çox bəsit ssenari
Ermənistanda çox bəsit ssenari

Aldananın sonrakı ağlı və ya yalançı hakimiyyətin aldatdığı Avropa

Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının toplantısı gözlənilən nəticələri vermədi. Daha doğrusu, Vilnüs sammitində proqrama qatılmış ölkələrin islahatlar kursuna sadiqliyi, imkanları və ən başlıcası, onların Avropa Birliyinə üzv qəbul ediləmləri perspektivləri ilə bağlı müddəalar müzakirə olunmadı. Təbii ki, Avropa Birliyinə qatılmaq istəyən "tərəfdaş" ölkə islahatlar kursuna tam riayət edəcəyi təqdirdə, quruma üzvlük barədə düşünə bilərdi.
Bu məqamların heç biri sənədlərdə yer almadı, müzakirə mövzusuna da çevrilmədi.
Brüsselin belə qərarının səbəbləri hələlik bəlli deyil. Olmaya Avropa Birliyi "tərəfdaş" dediyi ölkələr qarşısında qoyduğu şərtlərin ağır və sərt olduğunu, həmin dövlətlərin ciddi narazılıqlarını anlayıb? Yaxud öz qüvvələrini həddən ziyadə nikbin dəyərləndirdiyini dərk edərək yekun sənədə daha real görüntü verməyə çalışıb? Bilinmir. Daha doğrusu, çox yəqin ki, səbəblərin hər ikisi realdır.
Hər halda reallıqlar var. Onlar eləldir ki, Rusiyanın təzyiqlərindən sonra postsovet məkanındakı bir sıra ölkələrin hakimiyyət dairələri Avropa Birliyi ilə bağlı məsələlərdə iradəsizlik nümayiş etdirdilər. Belə halda onların Avropa Birliyində üzvlük perspektivlərindən danışmaq ən azı sadəlövhlük olardı. Digər tərəfdən aşkar və aydındır ki, Avropa Birliyi həmin dövlətlərə siyasi-iqtisadi məzmunlu risklərin kompensasiyası ilə bağlı gərəkli yardımlar göstərməyə hələ hazır deyil.
Ermənistan kimi ölkə üçünsə iqtidarın "təhlükəsizliyi" məsələləri ilə bağlı risklər də var.
Məhz bu səbəbdən də Ermənistan Avropa Birliyi ilə assosiasiyanı nəzərdə tutan anlaşmanı paraflamaqdan boyun qaçırdı.
Yerevandakı hakimiyyət anlayırdı ki, Vilnüs sammitində uğursuz, bacarıqsız, perspektivi olmayan iqtidar kimi təmsil olunur.
Ermənistan prezidenti Serj Sarkisyan onu da bilir ki, Avropa Birliyinin hər hansı proqramına, xüsusilə də "Şərq Tərəfdaşlığı"na qoşulmaqla riskləri artırıb. O, Vilnus sammiti ərəfəsində aşkar Avropaya meylli mövqe tutardısa, hakimiyyətdə qalacağı günləri belə, barmaqla saymaq olardı. O, Rusiyanın təsiri altından çıxmağa da çalışmır və bunu etmək niyyətində də deyil.
Avropa Birliyinin Ermənistanla bağlı davranışında Brüsselin öz mövqelərinə nəzər salaq.
Avropa Birliyinin Ermənistanla bağlı biabırçı fiaskoya uğramasının əsas səbəblərindən biri Qərbin ikiqat məğlubiyyətə uğramasıdır. Çünki hakimiyyətdəki Serj Sarkisyan rejimindən qurtulmaq istəyən ermənilərə bol vədlər verən Qərb onları aldatdı, belə mənəviyyatsız davranışı ilə sonradan siyasi əxlaq və ümumbəşəri dəyərləri təbliğ etməyə çalışdı.
Ermənistanda keçirilmiş son prezident seçkilərindən əvvəl müxalifətə üstüörtülü şəkildə dəstək vəd edən Qərb, xüsusilə də Avropa Birliyi öz emissarları vasitəsilə demokratik prinsiplər, azad seçki, ədalətli səsvermə və vətəndaş cəmiyyəti barədə çox danışdı.
Zavallı ermənilər də ümid edirdilər ki, Avropa Birliyi yalan danışmağa adət etsə də, bu dəfə sözünün üstündə qismən də olsa durar, ermənilərin ondan nə istədiyini anlayar, özünün də ermənilər qarşısındakı tələblərini daha aydın səsləndirər.
Lakin prezident seçkiləri adlı tragifars baş tutdu, Serj Sarkisyan hakimiyyətdə qalmaq üçün total saxtakarlıqlara və qanun pozuntularına əl ataraq Konstitusiyanı ələ saldı - Avropa Birliyi susdu.
Daha doğrusu, AB-nin emissarları seçki prosesini çox kənardan müşahidə edərək lakonik, qısa və mənasız açıqlamalar verməklə işlərini bitmiş saydılar.
Ermənilər yenə gözlədilər, ümid etdilər ki, axı belə olmamalıdır, Avropa Birliyi Yerevanda Sarkisyan iqtidarı kimi siyasi əxlaqdan çox kənar, vətəndaşlarına divan tutan və ölkəni uçuruma aparan, Ermənistanı Rusiyanın quberniyasına çevirən hakimiyyətə dözməz. Daha doğrusu, dözməməlidir. Məntiq ermənilərə deyirdi ki, demokratiya və insan haqlarından danışan, bu prinsiplərinin fəaliyyətinin məhək daşları olduğunu fasiləsiz bildirən Avropa Birliyi Ermənistanda nələrin baş verdiyini görür.
Biçarə ermənilər, xüsusilə də qərbyönlü siyasətçilərin bir qismi əmin idilər ki, Avropa Birliyi Ermənistanda "prezident seçkiləri" adlı rüsvayçılığı tanımayacaq, səsvermənin nəticələrinin kütləvi şəkildə saxtalaşdırıldığını və Serj Sarkisyanın qələbəsini "təmin" edən hakimiyyətin çirkin əməllərinin qanunsuzluq olduğunu bəyan edəcək.
Olmadı.
Avropa Birliyi seçkilərdən sonra bir neçə gün Ermənistanla bağlı susdu, heç bir bəyanatla çıxış etmədi.
Daha sonra bəyan edildi ki, bəs Serj Sarkisyanın qələbəsini Avropa Birliyi tanıyır.
Ermənilərin ümidləri yenə də puç oldu.
Çox bəsit bir ssenari oynanmışdı: Rusiyanın Ermənistana təsirini tədricən azaltmaq və Yerevanın Moskvanın pressinqinin altından çıxarmağa çalışmaq üçün Avropa Birliyinin emissarları Serj Sarkisyanı himayə etmiş, onunla sövdələşmişdilər.
Sarkisyan avropalılara hakimiyyətdə qalacağı və Avropa Birliyinin də ölkədəki seçkilərin nəticələrini tanıyacağı təqdirdə Brüsseldə danışıqların, müzakirələri və kuluar sövdələşmələrin daha da intensivləşdiriləcəyini vəd etmişdi.
Ermənistan prezidenti onu da demişdi ki, əgər avropalılar seçkilərin gedişatna və nəticələrinə göz yumaraq hər şeyi olduğundan fərqli, "normal" qəbul etsələr, nə zamansa Yerevanın Avropa Birliyinə tərəf meyllənəcəyi istisna deyil.
Dərhal, az sonra yox - nə zamansa.
Avropa Birliyi buna da razı idi, çünki Ermənistanda Rusiyanın təsir və əslində, idarəetmə imkanlarının sürətlə gücləndiyini görürdü. Məhz bu səbəbdən də avropalılar ikili standartlar siyasətini işə salaraq erməniləri aldatdılar və Ermənistan Respublika Partiyası ilə separat anlaşma əldə etdi.
Qərb Ermənistandakı seçki saxtakarlıqlarını görməzdən gəldi. Bu azmış kimi belə saxtakarlıqların ideoloji "hami"sinə çevrildi. Daha sonra isə Avropa Birliyi aldandığını dərk etdi, çünki Serj Sarkisyan sentybarın 3-də MDB çərçivəsində Gömrük İttifaqına qoşulmaqla bağlı anlaşma imzaladı və bununla da Ermənistanın Rusiyanın himayəsindən çıxmaq niyyətində olmadığını göstərdi. Qərb şoka düşmüşdü. Qərb Ermənistanla Avropa Birliyi arasında əldə edilmiş razılaşmaların Sarkisyan rejimi tərəfindən pozulmasına etiraz edən ermənilərin küçələrə çıxaraq genişmiqyaslı etiraz aksiyaları keçirəcəyini gözləyirdi.
Avropalılar sadəlövhcəsinə inanırdılar ki, Ermənistanda Avropa Birliyinin dəyərlərinə sadiq insanlar var. O insanlar siyasətçilər və ictimai xadimlərmiş guya.
Və o kəslərdi ki, "Serj Sarkisyan pisdir, amma o, bizi Avropa Birliyinə doğru apardığından bu adama dəstək veririk" söyləyirdilər.
Avropa Birliyinin məntiqinə görə, onlar sentyabrın 3-dən sonra Yerevanın küçə və meydanlarına axışmalı, tələbləri yerinə yetirilməyincə aksiyalara son qoymayacaqlarını deməliydilər. Axı bu adamları Avropa Birliyi illərdir ki, qrantlarla yemləyir, vədlərlə doyururdu.
Di gəl, həyat göstərdi ki, Ermənistandakı qərbyönlülər əslində Serj Sarkisyanın marionetkaları, hakimiyyətin özəlləşdirdiyi oyuncaqlardır və belə "demokratlar" illərdən bəri onlara vədlər verib aldadan Avropa Birliyinə yalan danışırdılar.
Bu minvalla Avropa Birliyi Ermənistanda həm Serj Sarkisyan, həm də "qərbyönlülər"lə bağlı məsələlərdə uduzdular. Avropalılar erməniləri aldatdılar, amma özləri Moskvanın sadiq köləsi olan Sarkisyan rejiminə aldandılar.
Avropa Birliyi bunu çox gec anladı və Vilnüsə "Çiçəklənən Ermənistan" Partiyasının funksioneri, sabiq XİN başçısı Vardan Oskanyanı dəvət etməklə Ermənistan prezidenti Serj Sarkisyana guya "sərt mesaj" verdi.
Avropalılar indi ağıllanmağa başladıqlarını göstərməyə çalışırlar. Ola bilər.
İkiqat yalana aldananın sonradan ağıllı görünmək cəhdləri isə gülünc görünür.

Elçin Alıoğlu