Milli Şura qaynayır
Milli Şura qaynayır

Bir ay ərzində bu qurum özünü buraxacaq

Müxalifət düşərgəsində yavaş-yavaş fəsadlar ortaya çıxmağa başlayır. Belə ki, Rüstəm İbrahimbəyovun Millli Şura sədrliyindən istefa verməsindən sonra müəyyən güclər Milli Şuradan kənarlaşmaq xətti tutub. Çünki özlüyündə Millli Şuraya daxil olan bu qüvvələr Rüstəm İbrahimbəyova görə daxil olmuşdular və onların Müsavatla bir sırada durması sadəcə mümkünsüzdür.
Hazırda gümanlaşdırılır ki, Milli Şuranı ilk tərk edənlər Ziyalılar Forumu ilə “El” hərəkatı olacaq. Hərəkatın sədri Eldar Namazovda açıqlamasında Milli Şuradan gedəcəklərini təkzib etməyib. Ekspertlər hesab edir ki, yaxın bir ay ərzində Milli Şuranın demək olar ki, böyük bir hissəsi bu qurumdan gedəcək və faktiki Milli Şura öz missiyasını başa çatdıracaq. Hələlik isə hədəfdə Rəsul Quliyevdir. Sərt açıqlamalarına görə Milli Şurada sevilməyən Rəsul Quliyevin bu təşkilatdan çıxarılması üçün kompaniya başlayıb. Nida gənclər təşkilatının aktivləri Rəsul Quliyevin ümumiyyətlə müxalifət düşərgəsindən uzaqlaşdırılmasını tələb ediblər və hesab edilir ki, bu prosesin arxasında Müsavat partiyası durur. Həqiqətən də son zamanlar Müsavatla Rəsul Quliyev tərəfdarları arasında ciddi problemlər yaranıb və eks-spiker Müsavatı hakimiyyətə işləməkdə günahlandırıb. Bu arada Rəsul Quliyev Milli Şuradan getməsi ilə bağlı açıqlama verib:-“ MŞ-nın bəzi üzvləri, istər nidaçı, istər qeyri-nidaçı mənim məsələmin müzakirəsinə heç bir əhəmiyyət vermədiyimi hələ də anlaya bilmirlər. Bilmirəm bu insanlar olmayan düşmənlə vuruşmaqdan nə vaxt əl çəkəcəklər. Əsərin axırında hətta Don Kixot da mənasız vuruşduğunu başa düşmüşdü. 20 il Don Kixotluq etmək olmaz. Mən bu dəqiqədə elan edə bilərəm ki, Milli Şuradan istefa verdim. Hamı bilir ki, bugünkü MŞ-ya mən bir iki dəcəl uşağın öz oyuncağını başqasına verməmək üçün çığır-bağır salır kimi baxıram. Və nə vaxt avtomatik bu təşkilatdan çıxmış hesab edilməyi qeyd etmişəm. Mənim üçün maraqlıdır, Azərbaycan xalqının taleyini həll etmək üçün toplandıqlarını bəyan edən MŞ üzvləri bir iki tərbiyəsiz uşağın özlərini aparmaqlarına necə reaksiya verəcəklər”. Bu arada Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Milli Şuranın mitinq komitəsinin sabiq sədri Asəf Quliyev Milli Şuradan və AXCP-dən istefa verməsinin səbəblərini açıqlayıb. A.Quliyev bildirib ki, AXCP-nin 2011-ci ildən prosesləri təkbaşına idarə etməsini və heç bir bloka qoşulmamasını təklif etmişdi: "Lakin belə qərara gəlindi ki, biz digər partiyalarla blok yaradaraq fəaliyyət göstərək. Həmçinin Milli Şura cəmiyyəti öz ətrafında vahid namizədlə birləşdirə bilmədi. Qurumun apardığı xətt səhv idi və mən buna etiraz etdim".O qeyd edib ki, Milli Şura yaranan gündən haqqında müxtəlif fikirlər formalaşdı, qurumun qarşısına qoyduğu məqsədlər, bir çox komitə və komissiyaların yaradılması işini başa çatdıra bilmədi və bu, inamsızlıq yaratdı.A.Quliyev vurğulayıb ki, Arif Hacılı, Pənah Hüseyn, Rauf Arifoğlu Milli Şura yaranan gündən onu dağıtmağa çalışıblar:-"Buna baxmayaraq, Arif Hacılı Milli Şuranın rəhbərliyinə gətirildi, Rauf Arifoğlu və Pənah Hüseyn isə Cəmil Həsənlinin vəkili təyin olundu. Eyni zamanda, Milli Şuranın özündə Cəmil Həsənlinin prezidentliyə namizədliyinin verildiyi gün seçkinin uduzulduğu bəlli idi. Çünki bu cür hədəf və komanda ilə seçkiyə getmək elə bu nəticəni verəcəkdi. Son iki il ərzində, xüsusilə seçki öncəsi Milli Şuradakı proseslər məndə fikir ayrılığı yaratdı".Ekspertlər hesab edir ki, Asəf Quliyevin bu açıqlaması təsadüf deyil və əksər AXCP rəsmiləri bütün proseslərdə Müsavat partiyasının nöqsanlar buraxması fikrindədirlər və məhz buna görə də iki partiya arasında ciddi münaqişələr yaşanacaq. Bunu da qeyd edək ki, artıq sosial şəbəkələrdə bununla bağlı ciddi müzakirələr başlayıb.
Toğrul Əliyev