Aydın Bəşirovun anlaşılmaz məntiqi
Aydın Bəşirovun anlaşılmaz məntiqi

Keçmiş “gəmiçilik şefi”nin yaxtaları ilə bağlı dedikləri “27 milyon təkzibi”ni necə təkzib edir?

Yeni yaradılmış “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sələfi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirov ətrafında növbəti qalmaqal yaranıb. Dünən Bəşirov gəmiçiliyin inzibati binasının təmirinə sənədlər üzərində 27 milyon manat silməsi barədə mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.

Sabiq “gəmiçilik şefi” deyib: “Mən 10 milyon manata böyük zavod tikmişəm, cənab prezident də gəlib açılışını edib. Hazırda həmin zavod da fəaliyyət göstərir. Axı mən necə 27 milyonu silə bilərəm? 27 milyona 3 yeddi mərtəbəli inzibati bina almaq olar. Bunu yazanlar xəstədir, başlarına hava gəlib. Kim 5-10 manat verir onlara ki, bunu yazsınlar. Onlar da bu cür yalan və cəfəng yazılar yazırlar. Bu yazılanlar qətiyyən məni maraqlandırmır. Çünki tamamilə yalan və cəfəngiyatdır. Qoyun yazsınlar, daha yaxşı. Onlar bu yazılarla məni reklam edirlər. Hər şeyi Allah özü görür və bilir.
Mənim işim odur ki, hər hansı xəstə insanın sağalmasına yardım edim. Mənə xəstəliklə bağlı kim ağız açıbsa, hər birinə kömək etmişəm. Hətta, elələri olub ki, heç kəsin xəbəri olmadan həmin adamları müalicəyə göndərmişəm. Bunu heç kəs də bilməyib, ancaq valideynləri və mən bilmişəm”.
Xatırladaq ki, mətbuatın yazdığına görə, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də aparılan daxili yoxlamalar on milyonlarla ölçülən maxinasiyaları üzə çıxarıb: “Məlum olub ki, QSC-nin sələfi olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirov özünə yaxın kadrların, yaxın qohumlarının vasitəsi ilə dövlət büdcəsinə ödənməli olan külli miqdarda vəsaitləri şəxsi məqsədlərinə sərf edib.
Yoxlamalar zamanı bəlli olub ki, A.Bəşirov təkcə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin inzibati binasının təmirinə sənədlər üzərində nə az, nə çox düz 27 milyon manat silib. Bu fantastik rəqəmin qarşılığında bina orta səviyyədən də aşağı təmir edilib. Binanın təmiri adı ilə mənimsənilən məbləğin ayrılmış vəsaitin təxminən 80-90 faizini təşkil etməsi də gələn məlumatlar sırasındadır”.
Açığı, KİV-dəki bu iddianın nə qədər doğru olub-olmadığını birmənalı demək çətindir. Sadəcə, burada anlaşılmaz qalan Aydın Bəşirovun sual şəklindəki təkzib cümləsidir: “Mən 27 milyon manatı necə silə bilərəm?”
Bu təkzib cümləsi ən azı ona görə anlaşılmaz və qeyri-məntiqi görünür ki, görəvindən təzə uzaqlaşdırıldıqdan sonra Aydın Bəşirovun bahalı yaxtasının olduğuna dair məlumat yayılmış və CASPAR-ın sabiq rəisi bunu təsdiqləyən, hətta bir az da irəli gedən açıqlama vermişdi. Gəlin həmin açıqlamanı birgə xatırlayaq: “Yaxtam kifayət qədərdir, hətta qohumlarıma da çatar. Mənim bir neçə növ yaxtam var. Bu yaxtalar çempionatlara da qatılır”.
İndi maraqlı sual yaranır: əgər Aydın Bəşirov milyonlarla manatı silməyin mümkünsüzlüyünü iddia edirsə, onda o bu qədər yaxtaya necə sahib olub? Axı məntiqlə onun həmin yaxtaları vəzifə maaşı ilə alması qeyri mümkündür?
Həmin yaxtaların dəyərinin külli miqdarda pullarla ölçüldüyünü nəzərə alsaq və sabiq “gəmiçilik şefi”nin də buna maaşı ilə sahiblənməsinin mümkünsüzlüyünü düşünsək, istər-istəməz burada hansısa qeyri-şəffaf, qanunsuz gəlirlərdən danışmaq lazım gəlir. Keçmiş “CASPAR” şefi isə milyonlarla manatı silməyin qeyri-mümkün olmasına işarə vurur. Elə isə Aydın Bəşirovun nəinki bir, hətta bir neçə yaxtasının olduğuna və onların sayının qohumlarına çatmağa kifayət etdiyinə dair açıqlamasını necə başa düşək? Bu açıqlama onun 27 milyon manatın “yeyilməsi” ilə bağlı təkzibini təkzib etmirmi?
Qoy bu suallara da hər bir oxucu özlüyündə cavab versin. Çünki bizim əlavə şərh verməyimizə heç bir ehtiyac qalmır.

Ülviyyə Qasımlı