Səfər Əbiyevə yaxın olan daha bir general təhlükədə
Səfər Əbiyevə yaxın olan daha bir general təhlükədə
Kərəm Mustafayevə qarşı narazılıqların olmasına dair məlumatın arxasında nə dayanır?

“Naxçıvandakı hərbi birləşmədə gərginlik son həddə çatıb. Hərbi birləşmədə xidmət çəkən zabitlər yaxın günlərdə korpus komandiri, general-leytenant Kərəm Mustafayevin qanunsuz əməllərinə qarşı Müdafiə naziri Zakir Həsənova müraciət imzalayacaqlar”. Bu haqda dünən axar.az saytı Naxçıvan hərbi birləşməsində xidmət çəkən zabitlərdən birinə istinadən yazıb.
Sayt adının gizli saxlanılmasını istəyən həmin mənbəyə istinadən bildirib ki, gərginliyin bu həddə çatmasına səbəb indiyə qədər istifadə olunmamış məzuniyyətlərə görə zabitlərə pul verilməməsidir. Həmçinin Birləşmə komandirinin qeyri-qanuni olaraq zabitlərin məvacibindən pul tutulmasıdır. Xüsusən ehtiyat hissəsinin alınması və digər məsələlərlə bağlı bölük, batalyon səviyyəsində olan zabitlərdən texnika ilə bağlı pullar tutulur.
“Naxçıvanda xidmət çəkən zabit heyəti üzləşdikləri haqsızlığa baxmayaraq, keçmiş Müdafiə naziri Səfər Əbiyevin dövründə etiraz edə bilmirdilər. Çünki onlar Kərəm Mustafayevin faktiki olaraq müstəqil siyasət yürütdüyünü və Səfər Əbiyevə tabe olmadığını anlayırdılar. Zakir Həsənovun Müdafiə naziri təyin edilməsindən sonra isə vəziyyət dəyişib. Artıq zabitlər qanuni olaraq haqlarını tələb etməyə başlayıblar” yazan axar.az-ın bildirdiyinə görə, mənbə korpus komandirinin hədəfinə tuş gələn zabitlərin sonrakı aqibəti haqda da sensasiyalı məlumat verib: “Kərəm Mustafayevin təzyiqləri nəticəsində 2009-cu ildə polkovnik Kamandar Covarov, 2010-cu ildə polkovnik Şəfayət Rəsulov, 2011-ci ildə Azər Əliyev və Əbdül Babayev (Əbdül Babayev sonradan Müdafiə Nazirliyində başqa bir vəzifəyə gətirildi - red.) müxtəlif psixoloji travmalar alıblar. 2009-cu ildə bir nəfər polkovnik-leytenant, 2010-cu ildə isə bir polkovnik psixoloji pozuntu diaqnozu ilə ordu sıralarından tərxis ediliblər. 2011-ci ildə isə iki nəfər polkovnik-leytenant Naxçıvandakı hərbi hospitalda və Bakıda yerləşən mərkəzi hərbi hospitalda bu diaqnoz üzrə müalicə alıblar”.
Yazıda Naxçıvan Hərbi Prokurorluğunun Kərəm Mustafayevin qarşısında gücsüz olduğuna, Respublika Hərbi Prokurorluğunun isə şikayət olmasa, Naxçıvandakı vəziyyətə müdaxilə edə bilməyəcəyini deməsinə də toxunulub.
Mövzu ilə bağlı qəzetimizə danışan başqa bir mənbə isə Kərəm Mustafayevlə bağlı narazılıqların və tənqidlərin səslənməyə başlamasını təsadüfi saymır: “İndiyədək yeni müdafiə naziri Zakir Həsənov sələfinin - Səfər Əbiyevin bir çox yaxın generallarını işdən kənarlaşdırıb. “Vurulan” generallardan biri nazirliyin Kəşfiyyat İdarəsinin rəisi general-mayor Rəhim Cəfərov olub. Onun yerinə polkovnik İlqar Mazanov təyin edilib. Nazirliyin şəxsi iş idarəsinin rəisi, eyni zamanda Baş Qərargah rəisinin müavini- Səfərbərlik idarəsinin rəisi general-leytenant Yaşar Aydəmirov da tutduğu vəzifədən azad olundu. Onun yerinə isə general-mayor Vaqif Məmmədov gətirildi. “Vurulan” generallar arasında müdafiə nazirinin sabiq müavini Çingiz Məmmədov, general-leytenant Nizam Osmanov, Silahlı Qüvvələrin Baş İnspeksiyasının sabiq rəisi, general-mayor Məmməd Beydullayev də var. Onların hamısının ortaq nöqtəsi Səfər Əbiyevə yaxın və dost münasibəti ilə seçilmələridir. Naxçıvan korpusunun komandiri general Kərəm Mustafayev də sabiq müdafiə naziri ilə yaxşı münasibətlərdə idi. Nazir ona kifayət qədər müstəqillik vermişdi. Hətta belə söz-söhbətlər də var ki, Əbiyev Mustafayevi özünün mümkün xələfləri arasında görürdü”.
Bu deyilənləri nəzərə alsaq, ehtimal etmək mümkündür ki, Müdafiə Nazirliyi sistemində Əbiyevin kadrlarından və ona yaxın olan generallardan, digər yüksək çinli zabitlərdən “təmizləmə əməliyyatı”na start vermiş yeni nazir Zakir Həsənovun Naxçıvan korpusunun rəhbərliyində də dəyişiklik planı var. İstisna edilmir ki, Kərəm Mustafayev haqqında dövriyyəyə buraxılan yeni məlumatlar məhz onun mümkün “vurulma” planına ictimai hazırlıq məqsədi daşıyır. Çünki indiyədək görəvdən alınan generallarla müqayisədə Kərəm Mustafayev daha güclü hərbi fiqur sayılır, onun yetərincə geniş əlaqələri və nüfuz dairəsi var. “Yəni Naxçıvan korpusunun komandirinin dəyişdirilməsi digər generalların “vurulmasına” bənzəmir” deyə mənbə əlavə edib.
Günel Əkbər