Füzuli Ələkbərova qarşı təhlükə var
Füzuli Ələkbərova qarşı təhlükə var

Sabiq nazirin rüşvət aldığı məmurların siyahısı hazırlanır

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilən Səlim Müslümov özündən əvvəl bu vəzifəni tutmuş Füzuli Ələkbərovla bağlı kompromat toplamağa başlayıb. Bu barədə aznews. Az saytı məlumat yayıb.
Saytın yazdığına görə, Müslümov bu məlumatları əsasən nazirliyin rayon şöbələrinin rəhbərlərindən əldə edir. “Belə ki, S.Müslümovun əmri ilə nazirliyin yerli qurumlarında təftiş aparılır, nöqsanlar aşkarlandığı təqdirdə həmin strukturun rəhbəri ilə əlaqə yaradılır. S.Müslümov həmin şəxslərdən bundan əvvəl vəzifəyə təyin olunmaq və ya vəzifədə qalmağı müqabilində F.Ələkbərova nə qədər rüşvət verdiyini öyrənməyə çalışır. Bu məqsəd üçün hətta nazirin yerli struktur rəhbərləri ilə yaratdığı telekörpüdən də istifadə olunur. Eyni məzmunlu söhbət bölgələrdə rəhbər vəzifə tutan bir neçə nəfərlə aparılsa da, onlardan hələlik bir nəfər - nazirliyin Quba rayon şöbəsinin rəhbəri bu barədə S.Müslümova məlumat verib. Bundan sonra şöbə müdiri vəzifəsində saxlanılıb. Məlumata görə, S.Müslümov bu informasiyalardan daha sonra F.Ələkbərova qarşı istifadə edəcək” saytın xəbərində bildirilir.
Xatırladaq ki, ötən həftə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yardım alanların adlarını açıqlayıb. Bundan sonra kimin sosial yardım aldığını öyrənmək üçün nazirliyin internet səhifəsinə baxmaq kifayətdir. “Unikal” olaraq qeyd edək ki, 2006-cı ildən ünvanlı sosial yardımların verilməsinə başlanmasına baxmayaraq yardım alan vətəndaşların adları açıqlanmırdı. Hətta bu məsələ ilə bağlı deputatların sorğularına belə cavab verilmirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu vətəndaşların “şəxsi məlumatı” adlandıraraq bu barədə açıqlama verilməsinin qanunazidd olduğunu iddia edirdi.
Bu isə ünvanlı sosial yardım verilməsində ciddi maxinasiyalara yol verildiyi barədə şübhələrin əsassız olmadığını göstərirdi. Mətbuatda bəzi hallarda özəl mənbələrə istinadən yardımın ehtiyacı olmayan vətəndaşlara da hansısa şərtlər daxilində verildiyi barədə məlumatlar dərc edilirdi. Odur ki, Səlim Müslümovun yeni nazir təyin edildikdən qısa müddət sonra belə bir addım atmasının sələfi Füzuli Ələkbərova ciddi baş ağrısı yaradacağı ehtimal olunur.
Bu həftə isə Müslümov tərəfindən sabiq nazirin rüşvət aldığı məmurların siyahısının hazırlanmasına dair iddianın ortaya atılması Füzuli Ələkbərova qarşı təhlükədən xəbər verir. İstisna deyil ki, Ələkbərov nazir olduğu dövrdəki fəaliyyəti ilə bağlı ciddi başağrısı yaşamağa başlasın.
Azər Aslan