Bölgəyə səlib yürüşü
Bölgəyə səlib yürüşü

Rusiyanın meydan oxuması qorxudandır

Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri kifayət qədər ajiotaj yaratdı. Belə ki, Vladimir Putin Yerevanda tək Qafqaz ölkələrinə yox, həmçinin ABŞ və Avropaya da mesajını çatdırdı. Belə ki, Rusiya prezidenti açıq şəkildə bəyan etdi ki, Rusiya Qafqazı heç kimə güzəştə verməyəcək. Həqiqətən də son bir il ərzində Rusiya hər üç Zaqafqaziya ölkəsinə kifayət qədər təzyiqlər edib və manevr imkanlarını gücləndirib. Belə ki, Ermənistanı Avropa Birliyi ilə əməkdaşlıqdan çəkindirən Rusiya, bu ölkəni həm də Gömrük İttifaqına üzv etdirdi. Bundan başqa həmçinin Rusiya Ermənistanda hərbi bazasını bir neçə dəfə böyütməklə demək olar ki, rəsmi Yerevanı tam olaraq əsarətinə aldı. Rusiya eyni təpkiləri Azərbaycana da etməklə bölgəyə tam nəzarəti ələ keçirtməyə çalışdı. Hələlik Azərbaycan bu təpkilərə müqavimət göstərə bilir və ekspertlərin fikrincə bu duruş uzun müddət davam edəcək. Həm də ona görə ki, bölgədə Gürcüstanla Azərbaycan demək olar ki, eyni siyasət həyata keçirirlər və buda səmərə verir. Maraqlıdır, bəs Avropa və ABŞ regionda Rusiyanın güclənməsinə necə reaksiya verəcək və onlar bölgədə qala biləcəklərmi?Gəlin öncəliklə Rusiya prezidentinin verdiyi bəyanatlara Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun reaksiyasına baxaq. S.Seydov qeyd edib ki, heç kim Rusiyanın Qafqazdan getməsi arzusunda deyil: “Biz Azərbaycan olaraq heç bir ölkəyə qarşı deyilik. Qafqazda Türkiyə də, Amerika da, Rusiya da var. Qafqaz elə bir məkandır ki, bütün böyük dövlətlərin regionda marağı var. Bu maraqların regiondan kənarlaşdırılması düzgün siyasət deyil. Əksinə, Azərbaycanın apardığı siyasət böyük dövlətlərin maraqlarını başa düşərək, dərk edərək önə Azərbaycanın maraqlarını çəkməkdir. Bu siyasət bizə xeyli dividentlər gətirir. Vilnüs sammitində bunun canlı şahidi olduq. Misal üçün gördük ki, Ermənistan Rusiyanın maraqlarını önə çəkib öz maraqlarını qoydu kənara. Ümumiyyətlə, Ermənistanın öz maraqları yoxdu. Ona görə ki Ermənistanın siyasi liderləri Ermənistan xalqının maraqlarını əks etdirmir. Həm Rusiyaya, həm Avropaya vəd verir, ancaq Ermənistan xalqı yaddan çıxıb. İqtisadi vəziyyət orada hansı faciələrlə rastlaşıb və ilaxır. Amma Azərbaycan başa düşür ki, Rusiya Qafqazda 100 illərlə mövcuddur. Qərb, ABŞ, Türkiyə bu saat Qafqazda mövcuddur”.Ekspertlər də hesab edir ki, bu gün Türkiyə, qərb və ABŞ regionda kifayət qədər gücə malikdilər və heç bir halda bölgə Rusiyanın təsir dairəsinə düşə bilməz. İlk növbədə ona görə ki, Türkiyə Azərbaycanla strateji müttəfiqdir və demək olar ki, hər gün bu əməkdaşlıq daha da dərinləşir.Hazırda bu əməkdaşlıq ictimai-siyasi-iqtisadi yöndədir və hərbi əməkdaşlıq sferasında da dərinləşmə başlayır. Belə ki, bir tərəfdən bu əməkdaşlıq iki dövlət arasındakı əməkdaşlıqdırsa, digər tərəfdən bu həmdə türkdilli dövlətlərin ordusunun yaradılması istiqamətində işlər görülür.Bunu da qeyd edək ki, Gürcüstan ordusununda formalaşmasında Türkiyə müstəsna rol oynayıb. Ekspertlər hesab edir ki, əslində Türkiyə regionda həm də NATO dövləti kimi ABŞ-in da maraqlarını təmin edir. Bundan başqa qərbin və ABŞ-in ATƏT-in Minsk qrupunda təmsil olunmalarıda regiona nəzarətə işarədir. Ancaq hesab edilir ki, artıq bu qərbi qane etmir və yaxın bir neçə il ərzində təsir imkanlarını artıracaq. Əslində Putinin bu bəyanatı da məhz qərbin yürüşündən çəkinmə kimi qiymətləndirilir.

Mehdi Əli