Milli Şuranın son günləri
Milli Şuranın son günləri

Müxalifətin daha bir birlik qurumu son günlərini yaşamaqdadır

Milli Şuranın son sessiyasında bu quruma üzvlükdən çıxarılan eks-spiker Rəsul Quliyev buna cavab olaraq yenə də qurumun əsas sütunlarını – Müsavat və AXCP liderlərini topa tutub:
“Görəsən hansı dəlilər gətirilsə, bizim özlərini müxalifət adlandıran liderlər çəkilib gedər, Azərbaycana təzə havanın gəlməsinə imkan yaradar. Görəsən bu insanlar hay-küy salan və onlara tərəf qaçan az savadlı gənclərdən başqa gəncləri də oxuya bilər. Bəlkə onda başa düşərlər ki, onlardan qat-qat ağıllı gənclər formalaşıb, bu adamlara da imkan vermək lazımdır. Və onlar heç vaxt müxalifətin ərpmiş komandalarına qoşulmayacaq”.
İttiham edilən qurumlardan da cavab gecikmədi. Belə ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Unikal”a bildirdi ki, “Hesab edirəm ki, müxalifətdaxili məsələlərin mətbuat səviyyəsində bu cür intensiv şəkildə müzakirə edilməsi ümumi maraqlarımıza və işimizə ciddi ziyan vurmaqdadır. Qəribəsi budur ki, son aylarda müxalifət mənsublarının adından mətbuatda yer alan açıqlamaların əksəriyyəti bir-birinə qarşı yönəlmiş əsaslı və yaxud əsassız ittihamlardan ibarətdir. İqtidar tamamilə yaddan çıxıb və yaxud bunu bilərəkdən edirlər. Müxalifətin inteqrasiya edilməsi və vahid namizəd söhbəti ortalığa çıxandan bəri bu ittihamlar səngimək bilmir. Hətta hərdən adama elə gəlir ki, bu ittihamçılar hansısa bir vahid mərkəzdən idarə edilirlər”.
Sədr müavininin sözlərinə görə, “Qaldı ki, eks-spiker Rəsul Quliyevin mənsub olduğu partiyanın və Müsavatın ünvanına səsləndirdiyi fikirlərə, diqqət yetirsəniz, bu adam son 8 ayda ancaq bunu bacarır ki, müxalifətdəki siyasi rəqibləri barədə ölçülüb-biçilməmiş, lazımi siyasi standartlara cavab verməyən fikirlər və dartışmalar səsləndirməklə məşğuldur. Bu fikirlər sağlam siyasi məntiqdən məhrum olduğu üçün onlara münasibət bildirməyi zəruri hesab etmirəm”.
Müsavat Divanının üzvü Vurğun Əyyub isə “Unikal”a söylədi ki, “Əgər eks-spiker Rəsul Quliyev həqiqətən də Azərbaycan müxalifət düşərgəsində yeni mühitin yaranmasında maraqlıdırsa, niyə bu addımı, yəni gənclərə yol vermək məqsədilə siyasətdən çəkilməyi birinci olaraq özü gerçəkləşdirmir? O bu qərara gəlib siyasətdən getsəydi, birinci növbədə, öz tərəfdarlarına və ona rəğbəti olan gənclərə böyük fayda vermiş olardı. Ümumiyyətlə isə hesab edirəm ki, Rəsul Quliyev Azərbaycanda gedən siyasi proseslərin məntiqini anlaya bilmir. Bu da ondan irəli gəlir ki, ölkədə gedən sosial-siyasi proseslər barədə obyektiv informasiyaya malik deyil. Təbii ki, informasiya yanlış və yaxud səthi olarkən ortalığa çıxan qənaətlər də səthi və qeyri-obyektiv olacaq”.
Vurğun Əyyubun sözlərinə görə, “Amerikada kompüterin qarşısında oturub facebook-da gündə bir primitiv status yazmaqla siyasi proseslərdə görünmək və yaxud ona təsir etmək xeyli dərəcədə qeyri-ciddi təsir bağışlayır”.
Yuxarıdakı rəylərdən göründüyü kimi, artıq Milli Şuranın daxilində, lap elə xaricində də ciddi böhran başlayıb. Xüsusən də Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının Milli Şuradakı böhranın səbəbləri ilə bağlı dünən mətbuata verdiyi açıqlama və Müsavatın bu qrumdan çıxması barədə xəbərlər ondan xəbər verir ki, gözümüzün qabağında müxalifətin daha bir birlik qurumu son günlərini yaşamaqdadır.
Politoloq Ərəstun Oruclu bu durumla bağlı “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Milli Şurada kifayət qədər problemlər var və onları həll etmək mümkünsüz görünür. Bu da ondan irəli gəlir ki, bu qurumda təmsil edilmiş qüvvələr keyfiyyət əsasında, yəni dəyərlər və prinsiplərə görə deyil, kəmiyyət zəminində, yəni çoxluq yaransın deyə birləşmişdilər. Tarixi təcrübə də göstərir ki, belə birliklərin ömrü uzun olmur”.
Politoloqun sözlərinə görə, “Hazırda həmin qurumda əsas qüvvə rolunda AXCP və Müsavat partiyaları çıxış edir. Amma son iyirmi ilin birləşmə və ayrılma proseslərini yada salsaq görərik ki, bu partiyaların sıx əməkdaşlığı heç vaxt səmərəli şəkildə baş tutmayıb. Lap əvvəldə Demkonqres var idi, sonralar isə birlik formatı kimi SİDSU, “Azadlıq” seçki bloku və nəhayət, İctimai Palatanı yaratmışdılar. Amma bu qurumlar da istənilən nəticəni vermədi. Əgər birlik formasında əməkdaşlıq baş tutmursa, buna cəhd etməyin mənası yoxdur. Bu iki partiya sadəcə müəyyən saziş bağlayıb bir-birinə qarşı mübarizə aparmayacaqları barədə öhdəlik görtürüb hərəsi öz yolu ilə gedə bilər”.
Nurlan Gündüzlü