“Dünyada deflyasiya prosesi daha geniş yayılıb”
“Dünyada deflyasiya prosesi daha geniş yayılıb”

Qubad İbadoğlu: “Neft itkilərini indiki halda yalnız təbii inhisarların xidmətlərini bahalaşdırmaqla kompensasiya etmək olar”

Dekabrın 3-də benzinin və neft məhsullarının qiymətinin qalxması və bu faktı doğuran ölkədaxili və beynəlxalq iqtisadi proseslər barədə suallarımızı Müstəqil İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu cavablandırır.

-Qubad bəy, 3 dekabra gətirib çıxaran iqtisadi amillər hansılar oldu?
-İstehlak qiymətləri indeksinin müsbət rəqəmlə formalaşması ölkədə deflyasiya prosesinin başa çatması, yeni mərhələdə inflyasiya proseslərinin başlaması deməkdir. Müşahidələr göstərir ki, ölkədə ən yüksək inflyasiya olduğu şəraitdə belə iyun, may aylarında deflyasiyaya keçid baş verir. Bu da mövsümi amillərlə əlaqələndirilir. Hazırda dünya bazarında gedən proseslər Azərbaycana əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə qiymət sferasında baş verən dəyişikliklərə diqqəti çəkmək istəyirəm. Əvvəla, dünya bazarında neftin qiymətinin ucuzlaşması, əmlakın, digər vəsaitlərin dəyərsizləşməsinin nəticəsi olaraq Azərbaycanda deflyasiya qeydə alındı. Bu dövr deflyasiya üçün xarakterik oldu. Hazırda neft və digər qiymətlər dünya bazarında bahalaşmağa doğru dəyişir. Proqnozlar da göstərir ki, bu, davamlı xarakter alıb. Yəni əvvəlki kimi qısamüddətli effektə malik deyil. Ola bilər neftin qiymətinin artımı davam etsin. Təbii, bu fonda Azərbaycanda da qiymətlərin bahalaşması gözləniləndir. Ən azı, deflyasiya bitməli, inflyasiya başlamalıdır. Neftin qiymətinin bahalaşması ilə Azərbaycanda yeni mərhələ start götürüb. Hazırda neftin qiyməti 70 dollardan ucuzdur. Çox güman ki, növbəti mərhələdə neftin qiyməti bir az da bahalaşacaq. Bu baxımdan inflyasiya davam edə bilər. Yox, əgər neftin qiyməti əhəmiyyətli dərəcədə bahalaşmasa, mövsümi amillər Azərbaycanda inflyasiyanın səngiməsinə gətirib çıxaracaq.
-Deməli, qiymətlərin qalxması daha çox beynəlxalq iqtisadi proseslərlə bağlıdır?
-Bəli. Dünyada deflyasiya prosesi daha geniş yayılıb. Amerika iqtisadiyyatında, Avropada və bəzi xarici ölkələrdə deflyasiya müşahidə edilir. Düzdür, Rusiyada, digər qonşu ölkələrdə də inflyasiya başlayıb. Amma idxal etdiyimiz malların qiymətində ucuzlaşma gedəcək. Yalnız mövsümi amillərlə daxildəki məhsullar deyil, ola bilər ki, gətirilən məhsullar da ucuzlaşsın. Əgər əlavə xərclər, izafi ödənişlər olmasa. Çünki statistika göstərir ki, idxalın strukturunda ət, şəkər, un artıb. Bunlar əsasən ərzaq məhsulları sayılır və onlar regional bazarlarda ucuzlaşıb. Hazırda ölkənin xarici ticarətində müsbət saldo 11 faiz aşağı düşüb. Ümumi götürəndə bazarda doyma halı var. Avtomobil bazarında, əmlak bazarında ciddi qiymət artımını gözləmirəm. Hesab edirəm ki, qiymətlərin ucuzlaşması prosesi davam edə bilər. Neftin qiymətində bahalaşma davamlı olarsa, proses ölkənin gəlirlərinin artımına, Neft Fondunun aktivlərinin çoxalmasına gətirib çıxaracaq. Neftin qiymətinin artımı Azərbaycanın ixracatında müsbət saldonu bir az genişləndirə bilər. Çünki indiyə qədər Azərbaycanın ixrac etdiyi əsas məhsul neft olduğu üçün neftin ucuzlaşması səbəbindən ölkənin xarici ticarət balansında ixracat gözlənilən qədər artmırdı. Qiymətin bahalaşması xarici ticarətdə ixracatın artmasına gətirib çıxaracaq. Aprel ayının məlumatlarına nəzər yetirdikdə ixracın 7 faiz, idxalın 25 faiz artdığını görərik. İdxalın artım sürəti ixracın artım sürətini üstələyirdi. İndi ola bilər ki, bu rəqəmlər bir-birinə yaxınlaşsın. Hətta ixracın artım sürəti idxalın artım sürətini qabaqlasın. Xarici ticarətdə müsbət saldo daha da genişlənsin. O baxımdan hesab edirəm ki, neft ixracatının artması gəlirlərin çoxalmasına gətirib çıxaracaq. Bu həm neft sənayesində fəaliyyət göstərən şirkətlərin gəlirlərinin artımını şərtləndirə bilər, həm də neft ixracatından əsas gəlirləri götürən, akumlyasiya edən Neft Fondunun aktivlərini çoxaldar. Yəni bu kimi birbaşa effektləri var. Təbii, dünya bazarında neftin qiymətinin bahalaşması ayrı-ayrı bazarlarda qiymət səviyyəsinə artırıcı təsir göstərir. Mümkündür ki, ölkəyə gətirilən bəzi idxal mallarının da qiyməti əvvəlkilərlə müqayisədə baha olsun. Bu da ümumi qiymət səviyyəsinə təsirsiz ötüşməsin.
-Bahalaşma milli valyutanı da məzənnədən salacaqmı?
-Neftin bahalaşması manatın məzənnəsinə də təsirsiz ötüşməyəcək. Gəlirlər çoxaldıqca, valyuta bazarında nisbət xarici valyutanın xeyrinə dəyişdikcə manat daha da möhkəmlənməyə məruz qalır. Bu baxımdan manatın möhkəmlənməsi prosesi də idarəolunan səviyyədə davam edəcək.
-Belədirsə, total şəkildə bahalaşma qeydə alına bilər…
-Yanvar-aprel aylarında Azərbaycanda sənaye məhsulu cəmisi 0,5 faiz artıb. Hətta bizim üçün indi daha vacib olan emal sənayesində artım yox, eniş müşahidə edilib - 6,9 faiz. Yəni bu onu deməyə əsas verir ki, artıq adıçəkilən sektorlar böhranın ciddi təsirlərinə məruz qalıblar. O cümlədən bank, maliyyə sektorunda da eyni problemlər müşahidə edilir. Neftin qiymətinin artımı böhranın Azərbaycana təsirlərinə yumşaldıcı təsir göstərə bilər. Amma bütövlükdə götürəndə ölkə bu böhrandan tam qurtara bilməyəcək. Xüsusilə biznes əziyyət çəkəcək. Son günlər müşahidə olunan qiymət bahalaşmasında süni qiymət artımlarının payının o qədər də böyük olmadığını vurğulamalıyam. Çünki alıcılıq qabiliyyəti əvvəlki səviyyədə deyil. Alıcılıq qabiliyyətinin aşağı düşməsi müşahidə edilir. Fikrimcə, qiymət artımına təsir göstərən digər faktorlar var. Məsələn, vergi ödənişləri, yaxud da qeyri-vergi xarakterli ödənişlər son nəticədə satılan məhsulun satış qiymətində maddiləşir. Bu, daha çox təsir edir, nəinki süni qiymət artımı. Əslinə qalsa, indi süni qiymət artımı ciddi amil kimi qiymətləndirilə bilməz. Qiymət artımının daha bir səbəbi neftin bahalaşması nəticəsində dövlət büdcəsindən maliyyələşən layihələrə vəsaitlərin ayrılması tempinin artmasıdır.
-Cəmiyyətdə qorxu var ki, digər qiymətlər də qalxa bilər…
-Hökumətin büdcə təşkilatlarında kommunal xərclər və yanacaq-sürtkü materiallarının ödənilməsi üçün xərcləri artırmaq planları düşünməyə əsas verir ki, 2014-cü ildə dövlət inhisarçılarının xidmət və mallarının tarifləri artacaq. 2014-cü ildə büdcə təşkilatlarının kommunal və kommunikasiya xərclərinin ödənilməsinə 641 milyon manat yönəldiləcək, bu da bu ilkindən 84,8 faiz çoxdur (346,8 milyon manat). Bu, heç bir halda bu təşkilatların həmin xidmətlərdən istifadəsinin artması ilə bağlı ola bilməz. Hökumət neft gəlirlərinin azalmasını inflyasiya hesabına kompensasiya etmək istəyir. Təkcə onu demək kifayətdir ki, 2014-cü ildə hökumət əlavə dəyər vergisi üzrə daxilolmaları 300 milyon manatdan artıq səviyyədə planlaşdırır. Büdcə təşkilatları tərəfindən yanacaq-sürtkü materiallarının alınmasına hökumət 88,8 milyon manat yönəltməyi planlaşdırır, bu da bu il olduğundan 39,5 faiz çoxdur. Ötən 2012-ci illə müqayisədə bu xərclər 55,1 faiz artacaq. Elektrik enerjisi ödənişi xərcləri 25,5 faiz, təbii qaz xərcləri 18,9 faiz, su xərcləri 26,7 faiz, istilik enerjisi xərcləri 20,3 faiz, kanalizasiya xidməti xərcləri 67 faiz artacaq. Telefon danışıqları, poçt və internet xidmətlərinin ödənişi xərcləri 13-32 faiz səviyyəsində artırılması nəzərdə tutulub. Bu rəqəmlərin analizi yüksək baza inflyasiyasını proqnozlaşdırmağa əsas verir. Hökumətin hesablamalarına görə, 2013-cü ildə Azərbaycanda inflyasiya səviyyəsi 3,3 faiz, 2014-cü ildə isə 3,5 faiz təşkil edəcək. 2014-cü ildə dövlət büdcəsinin gəlirləri (18 milyard 384 milyon manat) bu ilkindən 4 faiz az proqnozlaşdırılır, xərclər isə (20 milyard manat) 5,3 faiz artacaq. Tarif Şurasının yeni qiymət artımları haqda qərarları üçün “obyektiv” amillər də var. Çünki neft hasilatının və gəlirlərinin azalması fonunda büdcə gəlirlərinin yığılmasında çox ciddi problemlər yaşanır. Neft satışı üzərində qurulmuş iqtisadiyyat modelində büdcəni alternativ mənbələr hesabına doldurmaq imkanları çox məhduddur. Ona görə neft itkilərini indiki halda yalnız təbii inhisarların xidmətlərini bahalaşdırmaqla kompensasiya etmək olar. Hökumət 2006-cı il yanvarın 5-də hökumət dizel yanacağının qiymətini qaldırdı. Bundan bir il sonra elektrik enerjisinin, benzinin, həmçinin kommunal xidmətin qiyməti dəfələrlə artırıldı. 2009-un yayında isə əhaliyə satılan təbii qazın qiymətində ciddi artım edildi. Enerji resurslarının bahalaşması bazarın bütün seqmentlərində mal və xidmətlərin bahalaşmasına səbəb oldu, inflyasiya tempi iki ədədli rəqəmlərlə ölçülməyə başladı. Baxmayaraq ki, həmin dövrdə qiymət artımları üçün heç bir iqtisadi əsas yox idi.
Söhbətləşdi:
Fərzuq Seydbəyli