Oqtay Şirəliyev “həkim terroru”nu dayandıra biləcəkmi?
Oqtay Şirəliyev “həkim terroru”nu dayandıra biləcəkmi?
Səhiyyə sistemimizlə bağlı dəhşətli
xəbərlərin ard-arası kəsilmir

Azərbaycan həkimləri daha iki vətəndaşımızın ölümünə bais olublar. Belə ki, dünən Bakıda özəl stomatoloji kabinetdə pasiyent ölüb. 47 yaşlı Elçin Məmmədov Bakıda yerləşən "VİP Dental" stomatoloji kabinetində iynə vurulduqdan sonra dünyasını dəyişib. Bu barədə "Trend"ə etibarlı mənbədən məlumat verilib.
Faktı təsdiqləyən Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, E.Məmmədovun dişində əməliyyatın aparılması üçün iynə vurulduqdan sonra pasiyentdə anafilaktik şok yaranıb və o dünyasını dəyişib. Hadisədən 6 dəqiqə sonra təcili tibbi yardım briqadası ünvana gəlsə də, xəstəni xilas etmək mümkün olmayıb. Xəstənin ölümünə anafilaktik şokun səbəb olduğu təxmin edilir. Hazırda bu məsələ Səhiyyə Nazirliyi, eyni zamanda istintaq orqanları tərəfindən araşdırılır. A.Qədirli bildirib ki, hər bir stomatoloji kabinetdə şok əleyhinə preparat olmalıdır. SN aparacağı araşdırma zamanı bu kabinetdə şok əleyhinə preparatın olub-olmadığını öyrənəcək.
Daha bir “həkim terroru” isə yenə bir jurnalistin ailəsinə faciə gətirib. AMEA-nın əməkdaşı, jurnalist Səadət Abbasovanın anası Abbasova Elmira Məcid qızının Biləcəri Dəmiryol Xəstəxanasında ilk tibbi müdaxilə zamanı vurulan iynədən dünyasını dəyişməsi ilə bağlı yeni məqamlar ortaya çıxıb.
Səadət Abbasovanın verdiyi məlumata görə, anası yıxıldığı zaman təkcə ayağı burxulmayıb, həm də başı əzilib. Ancaq aparıldığı dəmiryol xəstəxanasında həkimlər bunu bilməyib: “Biz özümüz də bu barədə bilmirdik. Anam dedi ki, yıxılanda ayağı dəyib. Ancaq bu gün yuyucu bizə bildirdi ki, anamın başında şiş olub. Deməli o, yıxıldığı zaman təkcə ayağı burxulmayıb, həm də başı dəyib. Hətta xəstəxanada olanda iki dəfə qusub da. Ancaq həkimlər buna diqqət yetirməyiblər. Məlumdur ki, baş zədə alanda qusma mümkündür. Ancaq həkimlər bu məqamı diqqətə almadılar və biz anamızı itirdik”. S.Abbasovanın sözlərinə görə, hətta anası travmatologiya şöbəsindən başqa şöbəyə aparılarkən xərəkdən də yerə salınıb: “Anam sağalacağına ümid edirdi. Hətta həkimlərə deyirdi ki, ayağına baxıb onu tez evə buraxsınlar, həkimlərə hörmət edəcək. Anamın başının zədələndiyini biz bilmirdik. Amma həkimlər buna diqqət yetirməli idilər ki, yıxılan adamda başqa zədələr də ola bilər. Hətta anam qusanda da onlar bunu diqqətə almadılar. Retgenə yalnız ayağı salındı”. S.Abbasova travmatologiya şöbəsinin Zakir adlı həkimindən şikayətçi olduqlarının bildirib: “Biz ancaq Zakir həkimdən şikayətçiyik. O laqeyd yanaşmasaydı, anamın həyatını qurtarmaq mümkün idi. Hətta Zakir həkim bacıma meyiti eskpertizaya göndərməmək üçün ərizə də yazdırıb. Bu ərizədən sonra bəlkə nəsə etmək mümkün deyil. Ancaq mən yenə də deyirəm ki, anamın ölümündə Zakir həkimdən şikayətçiyik. İctimaiyyətə də çatdırmaq istəyirik ki, heç kəsin yaxını belə vəziyyətə düşməsin”.
Xatırladaq ki, Abbasova Elmira dekabrın 4-də ayağı burxulduğu üçün aparıldığı xəstəxanada sistem köçürülərkən damarından ard-arda bir neçə iynə vurulduğu zaman vəfat edib. Səadət Abbasovanın dediyinə görə, xəstəxanaya çatanda anasının qan təzyiqi düşməyə başlayıb. Rentgen etmək üçün aldıqları otaqda anasının ürək xəstəsi olduğunu bildirdikləri halda, həkimlər xəstəyə sistem köçürmək üçün damarından ard-arda bir neçə iynə vurublar və elə iynələrin altındaca xəstə keçinib.
Qeyd edək ki, bu son bir neçə ayda artıq üçüncü jurnalistin ailəsində həkimlərin səhlənkarlığı nəticəsində yaşanan faciədir. Bundan əvvəl tanınmış jurnalist Anar Niftəliyevin həyat yoldaşı, tənqidçi Elnarə Tofiqqızı sadə bir tibbi əməliyyatın qurbanı olub. Ardınca isə ANS_in əməkdaşı Afət Telmanqızının qardaşının həyat yoldaşı doğuş zamanı həkim məsuliyyətsizliyinin qurbanına çevrilib.
Azərbaycanda KİV həkim səhlənkarlığı nəticəsində ölüm hallarının və digər xoşagəlməz faktların artmasından uzun müddətdir yazır. Son vaxtlar isə artıq belə faktların sayı əməlli-başlı artıb. Səhiyyə Nazirliyi isə hələlik “həkim terroru”nu seyr etməklə məşğuldur və konkret tədbirlərin görülməsinə tələsmir.
Oqtay Şirəliyevin nazirliyi bir qayda olaraq, ölkə səhiyyəsinin inkişafı haqqında danışmağa üstünlük verir, halbuki yaranmış mənzərə tam əksini deyir. Artıq ictimai rəydə yerli səhiyyəyə olan-qalan etimad da kəskin şəkildə zəifləməkdədir və bu həm Şirəliyevi, həm də onun nazirliyini dərindən düşündürməli, narahat etməlidir.
Açıq görünür ki, “həkim terroru”na qarşı təsirli addımların atılmasında Səhiyyə Nazirliyi çox gecikir. Belə bir gecikmə isə başda Şirəliyev olmaqla, nazirlik rəhbərliyinə ciddi baş ağrısı yarada bilər. İllər ərzində əsgər ölümlərinin qarşısını almaqda yubanan sabiq müdafiə naziri Səfər Əbiyevin “vurulmasında” bu məqamın da həlledici rollardan birini oynadığını nəzərə alsaq, səhiyyə naziri və ətrafı dərs çıxarmalı, vətəndaşların həkim səhlənkarlıqlarının qurbanına çevrilməsini dayandırmalıdır.
Sonra daha da gec ola bilər.
Günel Əkbər