Miliyonların silindiyi  “ASKTB İNŞAAT”MMC kimə məxsusdur?
Miliyonların silindiyi “ASKTB
İNŞAAT”MMC kimə məxsusdur?
Vəli Məmmədov görülən
işlər üçün materialları təchizat
idarəsindən yox...

Son illər Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı geniş, ardıcıl mübarizə aparılır. Məqsəd isə Azərbaycanın iqtisadi potensialının qorunması və inkişafı üçün əlverişli şəraitin təmin edilməsi baxımından mövcud nöqsanların və neqativ meyillərin aradan qaldırılmasıdır.
Bu məsələdə önəmli məqamlardan biri şəffaflığın təmin edilməsidir. Hər bir sahədə hər bir qurumun, müəssisənin öz fəaliyyətində şəffaflıq prinsiplərini əsas götürməsi ümumilikdə ölkəmizdə korrupsiya ilə bağlı zərərli tendensiyaların aradan qaldırılmasında həlledici amillərdən biridir.Şəffaflıq “Azərtunel Metro Tikinti” Səhmdar Cəmiyyətinin fəaliyyətində xüsusilə həssas yanaşılan məsələlərin önündə gəlir. Qurumun sədri Şaiq Əfəndiyev səhmdar cəmiyyətin işində şəffaflığın təmin edilməsini ümdə vəzifələrdən biri kimi görür. Amma gələn müəyyən məlumatlar adıçəkilən SC-in 2 saylı idarəsində şəffaflıq sarıdan müəyyən problemlərin olduğunu deməyə əsas verir.Həmin məlumatlarda iddia olunur ki, 2 saylı idarənin rəisi Vəli Məmmədovun fəaliyyəti həyata keçirilən təmir-tikinti işləri zamanı müəyyən şübhələrə rəvac verir. Məsələ burasındadır ki, həmin idarənin istehsalat şöbəsinə onun bacısı oğlu Rüstəm rəhbərlik edir. Rüstəm həmçinin “ASKBT İNŞAAT” adlı firmanın da rəhbəridir. Maraqlıdır ki, idarənin həyata keçirdiyi metro və tunel tikintiləri zamanı lazım olan materiallar məhz bu firmanın xətti ilə alınır. Bu da şəffaflıq prinsiplərinə ziddir.Əvvəla ona görə ki, “Az Metro Tunel Tikinti” SC-nin digər idarələri həmin işləri səhmdar cəmiyyətin təchizat idarəsinin vasitəsilə alınan avadanlıq və materialların köməyi ilə həyata keçirirlər. Bu məsələdə məhz Vəli Məmmədovun rəhbərlik etdiyi idarənin fərqli davranması, təchizat idarəsindən yox, hər hansı kənar bir firmadan yararlanması maraq doğurmaya bilməz.İkincisi, firmanın rəhbərliyini idarə rəisinin bacısı oğlunun həyata keçirməsi şübhələri qüvvətləndirən əsas faktordur. Bu, faktiki olaraq Vəli Məmmədovun səhmdar cəmiyyətin vəsaitini özünə yaxın olan bir müəssisəyə yönəltməsi, dolayısı ilə həm də öz nəzarətinə keçirməsi deməkdir.Belədə isə təbii ki, şəffaflıq prinsipləri pozulmuş olur və korrupsiya tendensiyasının yaranması ilə bağlı şübhələrin yaranması üçün yaxşı zəmin ortaya çıxır. Qəzetimizin elektron ünvanına idarə ilə firma arasındakı ödənişlər, həyata keçirilən pul köçürmələri ilə bağlı bir sıra konkret faktlar, rəqəmlər daxil olub, amma onların dəqiqləşdirilməsinə ehtiyac olduğundan bu yazıda bu barədə bəhs etməyi doğru saymadıq.Gələn məlumatlarda həmçinin bildirilir ki, adıçəkilən idarə rəisinin geniş kapitalı və daşınmaz əmlakı var. Bu sırada paytaxtın Yasamal rayonu ərazisindəki aptek, Yeni günəşli qəsəbəsi ərazisində iri torpaq sahəsi, Bakının mərkəzi rayonlarından birində - Nəsimi rayonunda inşa edilən hündürmərtəbəli binanın altındakı mağazalar, eyni zamanda bir neçə şəxsi mülk göstərilir. Əgər bu sadalananlar doğrudan da, idarə rəisinə məxsusdursa, o zaman onların hansı yolla əldə edildiyi sualını yaradır. İstisna deyil ki, bu qədər geniş sərvətlərin əldə olunmasında adıçəkilən ASC-nin 2 saylı idarəsində dayı ilə bacıoğlunun yuxarıda haqqında danışılan işbirliyi nəticəsində əldə edilən vəsaitlərin böyük payı vardır.Şübhəsiz ki, bütün bu deyilənlərin həqiqətə uyğun olub-olmadığının araşdırılması audit yoxlamaları aparmalı olan aidiyyatı orqanların, antikorrupsiya qurumlarının üzərinə düşür. Yəqin ki, onlar 2 saylı metrotunel tikinti idarəsi ilə bağlı yuxarıda yazılanlarla əlaqədar ortaya çıxan suallara aydınlıq gətirəcəklər.
Seymur Quliyev