Aydın Bəşirovun vəzifəli qohumları “vurulur”
Aydın Bəşirovun vəzifəli qohumları “vurulur”

Onların arasında sabiq “gəmiçilik şefi”nin rektor qohumu da var

“Kaspar”ın sabiq rəisi Aydın Bəşirovla bağlı iddiaların ard-arası kəsilmir. Keçmiş “gəmiçilik” şefi vəzifəsini itirdikdən sonra haqqında ortaya atılan iddialar sırasına dünən yenisi əlavə olunub.
Məlumata görə, artıq Bəşirovun müxtəlif vəzifəli yaxın qohumlarının da “vurulmasına” başlanılacaq. Bu sırada xüsusilə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru, sabiq “Kaspar” rəisinin qardaşı oğlu Rasim Bəşirovun adı hallanır. Xəzər Dəniz Gəmiçiliyi QSC-dən verilən məlumata görə, Aydın Bəşirovun istefaya göndərilməsindən və onun fəaliyyətinin təftişinə başlanılandan sonra sabiq rəisin rəhbəri olduğu idarədə vəzifə tutan qohumlarının karyerası da sual altına düşüb (axar.az).
Mənbə bildirib ki, vəzifəli şəxsin yaxın qohumunun tabeçiliyində olduğu idarədə işləməsinə qadağa qoyulması ilə bağlı qanunun tələblərini pozan A.Bəşirovun bu addımı ona əlavə problemlərin yaranmasına səbəb olub.
Qaynaq bildirir ki, rektor Rasim Bəşirovun oğlu, Aydın Bəşirovun qardaşı nəvəsi 27 yaşlı Cavad Bəşirov Donanmanın İstismar xidmətinin rəis müavini, Aydın Bəşirovun böyük oğlu Ağaəmi Bəşirov isə İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun direktorudur: “Həmçinin A.Bəşirovun bacısı oğlunun qayınatası Firudin Ömərov idarədə Kadrlar idarəsinin rəis müavini, kürəkəni Ağamirzə Məlikrzayev isə donanmanın İstilik Texnikası şöbəsinin müdiri vəzifəsində çalışır. Gəmilərin Yanacaqla
Təminetmə və Donanmanın Texniki Təchizat Bazasının rəhbəri Aydın Bəşirovun bacısı oğlu Ramazan Ağaverdiyevdir. Hazırda onların fəaliyyəti dondurulmuş vəziyyətdədir və yoxlamaların nəticəsindən asılı olaraq, onlarla bağlı qərar veriləcək”, - deyə mənbə qeyd edib.

Sevda Qurbanlı