“Rüşvət verib problemi həll etmək artıq cəmiyyətdə normaya çevrilib”
“Rüşvət verib problemi həll etmək artıq cəmiyyətdə normaya çevrilib”

Qüdrət Həsənquliyev: “Cəmiyyət inkişaf eləyib ortalığa yeni güclər çıxartmalıdır”

Son günlərdə ölkədə və o cümlədən bölgədə baş verən proseslərlə bağlı suallarımızı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev cavablandırır.

-Sizə elə gəlmir ki, hakimiyyət də, müxalifət də - ikisi də xeyli qocalıb?
-(Gülür.) Yox, mən elə deməzdim. Sadəcə olaraq... Bilirsiniz, bu hakimiyyəti də, bu müxalifəti də xalq formalaşdırır.
-20 il müxalifətdə qalmaq, 20 il iqtidarda olmaq...
-Müsahibənin əvvəlində xalqın inikşaf səviyyəsi barədə danışdım. Xalqın da ortalığa qoyduğu budur. Ona görə də onların qocalmağından söhbət getmir. Nə onlar qocaldıqlarına görə təqaüdə gedəcəklər, nə bunlar. Yəni söhbət ondan gedir ki, cəmiyyət inkişaf eləyib ortalığa yeni güclər çıxarda bilsin. Bəzən deyirlər ki, “İsa Qəmbər niyə istefa verib geri çəkilmir?”, ya filan nazir niyə postundan getmir? Siyasətdə belə bir şey yoxdur. Cəmiyyət inkişaf edib fikirləşməli, qərar qəbul etməlidir ki, kim nə qədər müddətə iqtidar mandatı versin, kimə nə qədər müxalifətçilik mandatı versin. Buna görə də həmin adamlarda günah görmürəm. Bu günah cəmiyyətimizin inkişafı ilə bağlı olaraq ortaya çıxır.
-Cəmiyyət isə get-gedə qorxaqlaşır...
-Mən deməzdim ki, qorxaqlaşır. Deyərdim ki, cəmiyyətin böyük bir hissəsi indiki yaşam tərzindən razıdır. Ona görə ki, daha yaxşı həyatın, daha azad həyatın nə olduğunu bilmir. Cəmiyyət qanunların aliliyinə söykənən dövlətin nə olduğunu bilmir. Çünki belə bir dövlətdə yaşamayıb. Əhalinin hazırda daha çox düşünən hissəsi sovet dövründə yaşayıb. Xüsusən də hazırda 50-60 yaşında olan insanlar 70-ci illərdə formalaşan adamlardır. Onlar sovet hökumətinin o dövrünü görüblər ki, birinci katiblər rayonlarda ağalıq edirdilər və ölkədə ət, yağ mağazalarda talonla satılırdı. Elə bir durum var idi ki, raykomun birinci katibi rayponun (rayon istehlak cəmiyyətinin-red.) sədrinə zəng edirdi ki, “Filankəsə filan maldan ver”. Ondan sonrakı dövrdə isə ölkədə böyük çaxnaşmalar, çəkişmələr, təlatümlər dövrü başlandı. Yəni indi bir az sabitlik yaranıb və əhalinin bir hissəsi ölkəyə axan neft pullarının hesabına yaxşı yaşayır. Bunu etiraf etməliyik. Mən parlamentdəki çıxışlarımda da demişəm: Azərbaycanda sürətlə təbəqələşmə gedir. Təbəqələrdən biri kifayət qədər yaxşı yaşayır. Hər il ölkəyə yüz minə qədər minik avtomobili gətirlir. Gətirilirsə, deməli, buna tələbat var. Bakının küçələrində hərəkət eləmək mümkün deyil. Nə qədər desək də, deməsək də, əhalinin bir hissəsi çox yaxşı dolanır, acından ölmür. Həm də, açığını deyim ki, insanlar indiki yaşam qaydalarını mənimsəyiblər və buna öyrəşiblər. Məsələn, problemlə rastlaşanda rüşvət verib onu həll edirlər. Bu qaydalar artıq, bir növ, cəmiyyətdə normaya çevrilib. Az qala, mentalitetimiz kimi formalaşıb. Qaldı ki, qorxaqlaşma məsələsinə, bu, tarixən bir keyfiyyət kimi bu xalqın geninə hopub. Çünki biz Şərqdə yaşayan bir xalqıq və tarixən Şərqdə despotizim öz qəddarlığı və amansızlığı ilə seçilib. Bundan əlavə, müsəlman ölkəsiyik və bilirsiniz ki, İslam dini ilə dövlət birləşib və xəlifələrin amansızlığı həm də onların dini lider olmasından irəli gəlirdi. Dövlət başçılığı ilə dini liderlik bir-biri ilə çulğaşıb. Dindən istifadə edərək əhalini səbirli olmağa çağırıblar ki, Allah özü hər şeyi görür. Bu da artıq genetik bir koda çevrilib. Ona görə də həmişə deyirəm ki, bizim tələsməyimizlə məsələ düzəlməyəcək. Nə iqtidarın istefa verməsi ilə, nə də müxalifətin meydandan çəkilməsi ilə. Bu cəmiyyəti düzəltməyin yeganə yolu onu maarifləndirmək və inkişaf etdirməkdir. Və çalışmaq lazımdır ki, Azərbaycanda islahatlar yuxarıdan başlansın.
-Gəlin, nazirlərimizdən ikisinin fəaliyyətini təhlil edək...
-Düşünmürəm ki, fərdlərin fəaliyyətini təhlil etməklə nəyisə dəyişə biləcəyik. İstənilən komandada iş bacarığından, tutduğu postun əhəmiyyətindən asılı olaraq güclü və zəif nazirlər var. Birləşmiş Ştatlardakı nazirlərin hamısının səviyyəsi və nüfuzu eyni deyil. Lap qardaş Türkiyəni götürək. Orada da nazirlərin nüfuzu və bacarığı eyni deyil. İnsanlar fərqli olduğu kimi onların işgüzarlıq qabiliyyəti də, şəxsi keyfiyyətləri də fərqlidir. Azərbaycandakı problemlər təkcə nazirlərlə bağlı problemlər deyil. Azərbaycanda yuxarıdan başlayaraq tədricən sistem islahatları həyata keçirilməlidir ki, əlli ilə keçəcəyimiz yolu otuz ilə keçək. İqtidarın edə biləcəyi bu olmalıdır. Kimsə düşünürsə ki, iqtidar çox qısa müddətə bu cəmiyyəti dəyişə bilər, böyük səhv edir. Belə bir cəhd edilsə, nəinki cəmiyyət dəyişiləcək, əksinə ölkədə böyük təlatümlər yaranacaq və əhali tayfalara, nəsillərə, bölgələrə bölünüb bir-birini qırar. Ona görə də tədricən islahatlar, cəmiyyəti inkişaf etdirmək yolu ilə Azərbaycanı dəyişməliyik. Ona görə də nazirlərdən hansınınsa fəaliyyətinin müzakirəsi və kimlərləsə müqayisəsi heç nəyi dəyişdirmir.
- Çox yorğun görünürsünüz...
- Ona görə ki, qayğılar və problemlər çoxdur. Ailə problemləri, dostların bol problemləri, partiya üzvlərinin dərdi-sərləri, cəmiyyətin yaşamaqda olduğu problemlərin çoxluğu... Bunların hamısı insanın əhvali-ruhiyyəsinə və fiziki-psixoloji durumuna təsir edir.
-Deyəsən, Siz Elçin Mirzəbəylini siyasətçi edə bilmədiniz, amma o Sizi bir qədər poetikləşdirib...
-Elçin Mirzəbəylini ancaq partiyamızın yığıncaqlarında görürəm. Siyasətçidə bir qədər şairanəliyin olmasını qəbahət hesab etməmişəm, onun üstünlüyü saymışam. Deməli, onun başqa siyasətçilərdən bir keyfiyyətinə görə üstünlüyü var. Yaxşı bir siyasətçi həm də gözəl bir piano çalan olsaydı, ona həsəd aparardım. Mən kasıb bir ailədə böyümüşəm. İstəyərdim ki, uşaq vaxtı bir pianom olaydı və onda ifanı öyrənəydim. Uşaq vaxtı bunu çox arzulayardım. Başqa bir siyasətçi bu gün piano çala bilirsə, bu onun bir keyfiyyətdə məndən üstünlüyü deməkdir. Buna görə də Elçin Mirzəbəyli məndə şer yazmaq istedadı oyada bilsəydi, sevinərdim. Təəssüf ki, məndə belə bir qabiliyyət yoxdur.
-Amma insanlarla ünsiyyətdə səmimi görünürsünüz...
-Yox, səmimiyyətin poetikliyə dəxli yoxdur. Uşaqlıq yoldaşlarımdan bəziləri məşhur şairlərin təsiri ilə uşaq vaxtı şer yazıblar, amma mən heç vaxt buna cəhd eləməmişəm. Mahnı yazmaq, şer yazmaq mənlik olmayıb. Orta məktəbdə məndə fundamental elmlərə çox böyük maraq olub və heç kim inanmırdı ki, mən universitetin hüquq fakültəsinə daxil olacağam. Cəmil Həsənli məni teledebatda ittiham edərkən məcbur olub yenidən bu mövzuya qayıtdım. Mən respublika olimpiadasının qalibi olmuşam. Bir dəfə ikinci yeri tutmuşam, bir dəfə də fərqləndirici yer tutmuşam. Dörd dəfə kimya üzrə respublika olimpiadasının qalibi olmuşam. Bacılarımdan biri ixtisasca kimya-biologiya müəlliməsi, digəri isə biologiya müəlliməsi idi. Onların da mənə xeyli təsiri olub. Bununla belə, riyaziyyatı, həndəsəni, fizikanı çox gözəl bilirdim. Hətta elə məqamlar olub ki, həndəsə müəllimimiz qurma məsələni lövhədə həll edə bilməyib, mən ona yerdən kömək eləmişəm. Amma mən orta məktəbi bitirərkən ədəbiyyat fənnindən mənə “4/5” yazdılar ki, qızıl medala düşməyim. Çünki o vaxtlar qızıl medalın qiyməti iki min manat idi. Yəni bu qədər rüşvət vermək lazım idi. Biz də kasıb bir ailə idik və o pulu verməyə imkanımız yox idi. Ona görə də qızıl medal ala bilmədim. Qalan qiymətlərimin hamısı “5” idi. Universitetin hüquq fakültəsində oxuyarkən isə ümumiyyətlə “4”-üm olmayıb. Bütün semestr imtahanlarından ancaq “5” alardım. Mənim hüquq fakültəsini seçib hüquqşünas olmağıma daha çox rəhmətlik atam və böyük bacım təsir elədi.
-Siyasətdən getməyin vaxtı çatmayıbmı?
-Hal-hazırda düşünürəm ki, yox! Amma buna ehtiyac hiss eləsəm, Sizə səmimi şəkildə deyirəm ki, düşünmədən bu addımı atacağam. Mən xarakter etibarilə elə bir insanam ki, düşünülmüş və çətin qərarları qəbul eləməkdən heç vaxt çəkinməmişəm. Sizə bir epizod danışım. 20 Yanvar faciəsindən sonra kütləvi şəkildə partbiletlərini atanlar oldu. Bu da emosiyalardan irəli gəlirdi. Bu da normaldır, insanları başa düşmək olardı. İnsanın emosiyası yoxdursa, o olur Əli Kərimli. Mən partiya sıralarına hərbi xidmətdə olarkən qəbul edilmişdim. O vaxt hamı partbiletini yandırırdı. Mən fikirləşdim ki, mən indi bu addımı atsam, bir qədər emosional qərar olar. Sonra üstündən bir qədər keçdi və 3-5 min rubl rüşvət verib yenidən partbilet alanlar oldu. Onlardan biri də Fuad Mustafayev idi. Əli Kərimlinin yaxını. İndi bizneslə məşğuldur. Fakültə partiya təşkilatının yığıncağında partbiletini atanları tənbeh edirdilər. Mən həmin iclasda əvvəlcə danışıqlara qulaq asdım. Sonra söz alıb kommunist partiyası ilə bağlı gəncliyimdə hansı ümidlərlə yaşayırdımsa, onları söylədim. Dedim ki, Kommunist Partiyasının üzvü olmuş atamı ideal bir insan saymışam. Və qeyd etdim ki, “Bu partiya artıq mənim xalqıma qarşı cinayət törədib, xaqımın qanını töküb. Ona görə də mən bu insanlarla eyni partiyada ola bilmərəm. Bu partiyanı təmsil edən insanlar Azərbaycan xalqına qarşı bəşəri cinayət törədiblər. Mən onlarla bir yerdə ola bilmərəm”. Partbiletimi və ərizəmi təmkinlə sədrin qarşısına qoyub bayıra çıxdım. Adını çəkməyəcəyəm, müəllimlərdən biri qaça-qaça dalımca gəldi ki, “Sənin ağlın qaçıb? Hamı rüşvət verib təzədən partbilet alır!” Dedim ki, “Mən bu addımı düşünərək atmışam”... Mən qərarı belə qəbul edirəm.

Söhbətləşdi:
Eldəniz Elgün