Olmayan fəallıqdan usananlar: onlar iqtidara təslim oldular?
Olmayan fəallıqdan usananlar: onlar iqtidara təslim oldular?

Ermənistanın ikinci, sabiq prezidenti Robert Köçəryan sakit fəaliyyətdən aktiv izharlar mərhələsinə keçib.
Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri zamanı Yerevanda onun şərəfinə təşkil edilmiş ziyafətdə Robert Köçəryan yoxdu.
Sabiq prezidentin bu ziyafətə çağırılmaması və ya qatılmaması bəlkə də normal olay sayıla bilərdi, amma 2010-cu ildə Rusiyanın həmin dönəmdəki dövlət başçısı Yerevana səfər edəndə verilmiş ziyafətdə Köçəryan vardı.
3 il əvvəlki ziyafətə qatılan Köçəryanın indiki ziyafətdə olmaması sual doğurur təbii ki. Bununla bağlı rəsmi açıqlama hələ verilməyib. Robert Köçəryan nədən Dmitri Medvedevin şərəfinə verilən ziyafətdə vardı, amma Vladimir Putinin əziz qonaq sayıldığı ziyafətdə yoxdu? Və əgər Serj Sarkisyan sələfinə dəvət yollamışdısa, Köçəryan niyə bu dəvəti qəbul etmədi?
Maraqlı sayıla biləcək suallardır, amma...
Köçəryan ilin əksər hissəsini Ermənistandan kənarda keçirir. Fəqət, onun ziyafətə qatılmamasının başlıca səbəbi ölkədən kənarda olması idisə, bu, ciddi məsələ deyil. Hər halda Vladimir Putin hər ay Ermənistana səfər etmir.
Ola bilər ki, ən yaxın günlərdə Robert Köçəryanın köməkçiləri və ya Serj Sarkisyanın administrasiyası olayla bağlı açıqlama verəcəklər.
Lakin nə deyiləcəyindən asılı olmayaraq, yaşanan hadisə Ermənistanın daxili siyasətindəki qüvvələr nisbəti, habelə hakimiyyətin içindəki düşərgələnmələrin vəziyyətindən, ən əsası isə Robert Köçəryanla Serj Sarkisyan arasındakı münasibətlərdən xəbər verir.
Gərçi Robert Köçəryan Rusiya prezidenti Vladimir Putinin şərəfinə verilmiş ziyafətə qatılsaydı, həmin məclisdəki iyerarxiyanı, yəni Serj Sarkisyanın prezidentliyini aşkar şəkildə etiraf etmiş olardı.
Dmitri Medvedevlə bağlı situasiya fərqli idi. Rusiyadakılar kimi, Ermənistandakı hakimiyyət mənsubları və siyasətçilər anlayırdılar ki, Medvedev əslində marionetkadır. Və Köçəryan da Yerevanda Medvedevin şərəfinə verilən ziyafətdə iştirak edəndə anlam tam fərqli idi. Medvedev həmin ziyafətə hansısa konkretlik, müəyyənlik gətirməmişdi.
Vladimir Putin başqa məsələdir. Ermənistanın hakimiyyət mənsubları ilə bahəm, müxalifətçiləri də əla anlayırlar ki, "VVP" artıq konkret, müəyyənləşdirici fiqurdur və deməli, ziyafətdə əsas fiqur odursa, yığıncaq ora qatılanlarlar üçün iyerarxik məna kəsb edir.
Robert Köçəryan da masa arxasında otursaydı, mövcud iyerarxiyanı tanımış olardı və bu, həm də Ermənistandakı mövcud hakimiyyət sisteminə siqnal olacaqdı ki, bəs Putin ölkədəki status-kvonu tanımaq və "başqa niyyət"lərdən əl çəkməklə bağlı sabiq prezidenti dilə tutub.
Daha konkret desək, Vladimir Putinin qatıldığı ziyafətdəki mənzərə erməni siyasətçilər üçün az qala "ikona" sayılır və bu baxımdan onlar Robert Köçəryanı artıq ciddi, siyasi proseslərə və xüsusilə də hakimiyyət düşərgəsindəki qüvvələr nisbətinə əhəmiyyətli təsir rıçaqlarına malik insan kimi qəbul etmirlər.
Məhz bu səbəblərdən də Ermənistanın ikinci prezidenti bəhs etdiyimiz ziyafətə qatılmaq fikrindən vaz keçdi.
Yerevandakı siyasi şərhçilər əminliklə vurğulayırlar ki, əslində Robert Köçəryana dəvət göndərilməmişdi: əks təqdirdə, Putin onun qatıldığı məclisə Köçəryanın dəvət aldığını və boyun qaçırdığını bilsəydi, "küsərdi".
Sadəlövh məntiqdir. Nədən ki, Vladimir Putinin özü situasiyanın belə olmasını arzulayırdı və Köçəryanla Sarkisyan arasında siyasi intriqanı qorumaqla Rusiyanın Ermənistandakı hadisələrə təsir rıçaqlarını, manevr imkanlarını qorumaq istəyir.
Axı Dmitri Medvedevdən fərqli olaraq, Vladimir Putin siyasi sadəlövh deyil.
Rusiya prezidenti həm də Serj Sarkisyana onun hakimiyətinin təhlükəsizliyinin uzunmüddətli təminatı ilə bağlı heç bir vəd də verməyib.
Əks təqdirdə, Serj Sarkisyanın təşkil etdiyi ziyafətdə Robert Köçəryan da olardı.
Olmadı və deməli, Moskvanın Yerevandakı siyasi qüvvələr nisbətinin indiki formatından razılığı da yoxdur.
Qarşıda yeni dəyişikliklər, Ermənistana fərqli təzyiqlər və siyasi pressinq dövrü gəlir.
Səbəb sadə: Ermənistanda müxalifətin bir qrup üzvü Yerevanda etiraz aksiyası keçirəndə İrs Partiyasının sədri Raffi Hovvanisyan şəhərdə deyildi.
Onun səhhəti ilə bağlı problemlər ucbatından Birləşmiş Ştatlara müalicəyə yollandığı deyilirdi.
Ancaq partiyanın sədr müavini Armen Martirosyan Yerevanda keçirdiyi mətbuat konfransında bildirdi ki, Hovannisyan ailəsi ilə birlikdə ABŞ-dadır və bu səfərin sədrin səhhətində hansısa problemlərin olması ilə heç bir əlaqəsi yoxdur: "Raffi Hovannisyan artıq iki ildir ki, aktiv siyasi proseslərdədir və onun istirahətə ehtiyacı var. Çox yəqin ki, sədrimiz dekabrın ortalarında Yerevana qayıdacaq".
Yəni son prezident seçkilərində Ermənistandakı seçicilərin çoxunun səs verdiyi, kriminal-oliqarxik hakimiyyətdən bezənlərin ümid yeri olan insan onunla bağlı gözləntilərin öhdəsindən gələ bilmədiyini boynuna alıb, yorulduğunu deyir, istirahət edir.
Təbii, hər kəsin istirahət hüququ var və hər kəs yorğun işdən sonra dincəlməlidir. Di gəl, Raffi Hovannisyan nədən, hansı zəhmətdən yorulub?
Bəlkə o, prezident seçkilərindən bəri keçən müddət ərzində əqli əməklə məşğul olub, çoxlu manifestlər hazırlayıb və bu bəyanatları oxuyan ermənilər də cinayətkar hakimiyyətlə mübarizə əzmlərini daha da artırıblar, daha da qətiyyətli olublar?
Yox.
Bəlkə o, sürətlə Rusiyanın quberniyasına çevrilən Ermənistandakı vəhşətə, biabırçılıqlara və qanunsuzluqlara dünya dövlətlərinin liderlərinin diqqətini cəlb etməklə məşğul olub?
Yenə də yox.
Və ya bəlkə Raffi Hovannisyan Ermənistan prezidenti Serj Sarkisyan və onun ailəsinə qarşı sanksiyaların tətbiqinə nail olub, yaxud gələcəyindən qorxan, iqtidarını saxlamaq üçün təlaşa düşən Sarkisyanı devirmək üçün insanları küçələrə çıxarıb?
Əsla.
O, sadəcə olaraq, yenə də ləyaqətsiz, maskalı siyasətinə davam edir.
Fəal siyasi aktivliyin imitasiyasından yorulmaq mümkün deyil.
Robert Köçəryan və Raffi Hovannisyanın dediklərinin tam əksinə olaraq.
Elçin Alıoğlu