Bəzi oliqarx şirkətləri əl dəyişdirə bilər
Bəzi oliqarx şirkətləri əl dəyişdirə bilər
Bir çox iri məmurların biznesinə təhlükə gözlənilir
Deməyə ehtiyac yoxdur ki, hazırda Azərbaycanda bəzi yüksək çinli məmurların - komitə sədrlərinin, nazirlərin, eləcə də deputatların bizneslə məşğul olması, şirkətlər qrupu yaratmaları adi hal alıb. Qanunvericiliyin müvafiq tələbləri sözügedən fəaliyyəti onlara qadağan etməsinə, bununla bağlı Cinayət Məcəlləsində xüsusi maddənin nəzərdə tutulmasına baxmayaraq, indiyə qədər nəinki hər hansı məmur cəzalandırılmayıb, əksinə, bəziləri biznes fəaliyyətlərini genişləndirərək iqtisadiyyatın ən gəlirli sahələrində inhisarçı mövqe yaradıblar.
Müşahidələr göstərir ki, hansısa məmurun biznesi hakimiyyətdə tutduğu iyerarxik pilləyə və onun şəxsi nüfuzuna adekvatdır. Yəni oliqarxa çevrilmiş nazirin iqtidar daxilində təsir imkanları, nüfuzu nə qədərdirsə, onun biznesi bir o qədər çoxşaxəlidir. Hazırda bəzi nazirlər arasında şirkətlər qrupuna sahib olanlar da var, nisbətən orta biznes fəaliyyəti ilə məşğul olanlar da.
Ekspertlər də bildirirlər ki, bu gün ölkədə məmur nəzarətindən kənarda hansısa biznes sahəsini təsəvvür etmək mümkün deyil. Onların fikrincə, Azərbaycanda iqtisadiyyat, sahibkarlıq üzərində məmur inhisarçılığının,
nəzarətinin iki forması var. Birinci, hansısa biznes sahəsi bilavasitə məmurun özü tərəfindən qurulur və idarəçiliyi yaxınlarına tapşırılır. İkinci, onun müəyyən biznes sahələrində fəaliyyətinə yaşıl işıq yandırılır, yəni məmur oradan haqqını alır. Ekspertlər hesab edirlər ki, birinci formaya - hansısa gəlirli sahəyə yaxın ətrafının adına kapital qoymaqla, o sahəni götürmək təşəbbüsünə daha çox üstünlük verilir. Nisbətən az gəlirli biznes sahələri ilə bağlı ikinci formadan istifadə edilir. Bütövlükdə isə ölkədə hazırda tütünçülükdən tutmuş balıqçılığa qədər, idxalın istənilən növü məmur nəzarətindədir.
Bəs məmurların kommersiya fəaliyyəti ilə məşğul olması iqtisadiyyatda hansı neqativ proseslərə səbəb olur? Ekspertlər bu barədə danışarkən qeyd edirlər ki, belə halda ölkədə azad sahibkarlıq formalaşmır. Azad sahibkarlıq olmayan ölkədə isə heç vaxt orta təbəqə formalaşa bilmir. Orta təbəqənin formalaşmadığı ölkədə də dayanıqlı, real iqtisadi inkişaf ciddi təhlükə qarşısında qalır. Yəni məmur kapitalizminin fəsadları zəncirvaridir. Azad sahibkarlıq yoxdursa, gizli iqtisadiyyat çiçəklənir. Bu halda da dövlət büdcəsinə vergi şəklində çatacaq vəsaitlər gizli iqtisadiyyatın pulları kimi ayrı-ayrı adamların cibinə axacaq. Digər tərəfdən, gizli iqtisadiyyat varsa, sahibkarlıq inkişaf etmirsə, böyük sahibkarlıq subyektləri yarana bilməyəcək. Nəticədə davamlı, ləyaqətli əməkhaqqı verən iş yerləri olmayacaq.
Bəzi ekspertlər hesab edirlər ki, son bir neçə ildə ölkədə anti-korrupsiya tədbirlərinin canlanması
iri məmurların biznes sahələrinə təhlükə yaradır. Yəni iqtisadiyyatda şəffaflıq tendensiyasının qüvvətlənməsi ilə Azərbaycanda istənilən biznes sahəsində məmurların birbaşa nəzarəti və ya himayəçiliyi tədricən aradan qalxa bilər.
İstisna edilmir ki, bu proses sonda bəzi iri məmurların şirkətlərinin, hətta holdinqlərinin əllərindən alınması ilə nəticələnsin. Güman olunur ki, bəzi məmurların qaranlıq yollarla yaratdıqları biznes hegemoniyalarının Azərbaycanın iqtisadi yüksəlişini əngəlləyən səbəblərdən biri olması artıq hökumət dəhlizlərində də qəbul olunan reallığa çevrilib. Elə bu səbəbdən də bu istiqamətdə müəyyən addımların atılması real görünür. Ölkədə inhisarçılığın ləğvinin qaçılmazlığını artıq hökumətə yaxın ekspertlərin, iqtidaryönlü deputatların və KİV-lərin də bu və ya digər formada dilə gətirməsi bəzi məmurların qanunsuz yollarla yaratdıqları şəxsi bizneslərinə yaranan təhlükənin ciddiliyindən xəbər verir.
Əlbəttə, bu olduqca çətin prosesdir və birdən-birə reallaşması mümkünsüzdür. Ona görə də ilkin mərhələdə iqtidar içində dayaqları daha az, təsir imkanları daha zəif məmurlar narahat olmalıdırlar; çünki ilk növbədə belə məmurların şirkətləri sahiblərinin nəzarətindən çıxarıla bilər. Sonradan isə eyni aqibəti bəzi
güclü oliqarxların və onların holdinqlərinin yaşaması da realdır.
Hər halda bu, ölkədə güclənən anti-korrupsiya ovqatından yaranan təxminlərdir. Həmin təxminlərin gerçəkləşib-gerçəkləşməyəcəyini isə zaman göstərəcək. Odur ki, yaşayıb görərik.
Günel Əkbər