Deputatların maaşı artırılır, bəs qara camaat?
Deputatların maaşı artırılır, bəs qara camaat?
Sıravi deputat 1575 manat maaş alacaq
Fuad Qəhrəmanlı: “Hökumət əhaliyə münasibətdə ayrı-seçkiliyə yol verir və bu qəbuledilməzdir”
Araz Əlizadə: “Deputat xalqın nökəridir. Nökərin öz xalqına yaxşı xidmət etməsi üçün onu bəsləyib qayğısına qalmaq lazımdır”
Azərbaycan Milli Məclisinin deputatlarının əmək haqları artırılacaq. Bu, dekabrın 17-də Milli Məclisdə müzakirəyə çıxarılacaq “Milli Məclis deputatının statusu haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi nəticəsində baş verəcək.
Milli Məclisin üzvü Fazil Mustafa bildirib ki, deputatlar parlament sədrinin əmək haqqının 70 faizi, komitə sədrləri isə 80 faizi həcmində maaş alırlar:
“Qanun layihəsi ilə tam tanış olmasam da, burada əsasən müavinətlərdə müəyyən artımlar nəzərdə tutulmalıdır. Əgər sədrin maaşı qaldırılırsa, bu, deputatlara da şamil edilir. Sadəcə, qanun layihəsində sədrin əmək haqqının qaldırılması göstərilir, buna uyğun artım deputatlara da aid ediləcək”, - deyə Fazil Mustafa bildirib.
Qeyd edək ki, Milli Məclisin sədri hazırda 1950 manat maaş alır. Parlamentin digər üzvlərinin də maaşı spikerin əməkhaqqına uyğun hesablanır. Belə ki, I vitse-spiker Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini 85 faizi, Milli Məclisin komitə sədri 80 faizi, Milli Məclisin komitə sədrinin müavini 75 faizi, Milli Məclisin deputatı isə 70 faizi həcmində əmək haqqı alır.
Beləliklə, parlamentarilər üçün maaşların artımı aşağıdakı kimi olacaq:
Milli Məclisin sədri 1950 manatdan 2250 manata, I müavin 1755 manatdan 2025 manata, sədr müavini 1650 manatdan 1912 manata, komitə sədri 1560 manatdan 1800 manata, komitə sədrinin müavini 1462 manatdan 1687 manata, sıravi deputat 1365 manatdan 1575 manata.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının “Unikal”a bildirdiyinə görə, “Bir müddət əvvəl hökumət qulluqçularının əməkhaqlarının artırılması barədə söhbət və müzakirələr başlanmışdı. İndi isə Milli Məclisin üzvlərinin maaşlarının qaldırlmasının gündəmə gətirilməsi ondan xəbər verir ki, hökumət əhaliyə münasibətdə ayrı-seçkiliyə yol verir və bu qəbuledilməzdir”.
Sədr müavininin sözlərinə görə, “Ölkədə enerji daşıyıcılarının qiymətinin artırılması əhalinin yoxsul təbəqəsini çətin duruma salıb. Gözləmək olardı ki, hökumət onların sosial müdafiəsini yaxşılaşdırmaq üçün təxirəsalınmaz tədbirlər görəcək. Lakin baş verən hadisələr göstərir ki, bu ümidlər doğrulmayacaq. Hesab edirəm ki, hökumət bilə-bilə cəmiyyətdə qütbləşmə və etimadsızlıq siyasəti yürüdür”.
Fuad Qəhrəmanlı hesab edir ki, “Milli Məclisin üzvləri onsuz da maddi cəhətdən kifayət qədər təmin edilmiş insanlardır və indiki sosial-iqtisadi durumda onların maaşlarının artırılması, ən azı, təəccüb doğurur”.
Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə “Unikal”a verdiyi yumoristik açıqlamada bildirdi ki, “Deputat xalqın nökəridir. Nökərin öz xalqına yaxşı xidmət etməsi üçün onu bəsləyib qayğısına qalmaq lazımdır. Buna görə də deputatlarımızın maaşlarının artırılmasına çox yaxşı baxır və bu addımı heyranlıqla təqdir edirəm. Hətta hesab edirəm ki, onların maaşlarını az artırırlar, Daha çox eləmək lazımdır. Bir halda ki, yanacağın qiyməti otuz faiz qaldırılıbsa, deməli, deputatların da maaşlarını otuz faiz artırmaq lazımdır ki, onların gəlirləri ilə xərcləri arasında uyğunsuzluq yaranmasın. Belə uyğunsuzluq yaransa, millətimizin vəkilləri özlərini diskomfort şəraitdə hiss edəcəklər. Bu isə deputatlarımızın səhhətləri üçün ziyanlıdır”.
Məzahir Avşar