Milli Şura dağılacaq?
Milli Şura dağılacaq?
Əks mövqedə duran müşahidəçilərin hamısı bu qurumun gec-tez iflasa uğrayacağını bildirirlər
Fəzail Ağamalı: “İnsanlar da radikal müxalifətin deyil, ölkəmizi inkişaf etdirən liderin yanında olmağa üstünlük verirlər”
Zahid Oruc: Müxalifətdə stabil birləşdirici mərkəz yoxdur və təşəbbüslərin uzağa getmək perspektivi olmadığından antihakimiyyət düşərgəsi ideyaların makulaturasına çevrilib”
Milli Şura yarandığı gündən onun daxilində gedən proseslər mətbuatın və analitiklərin, siyasətçilərin diqqət mərkəzindədir. Və maraqlıdır ki, əks mövqedə duran müşahidəçilərin hamısı bu qurumun gec-tez iflasa uğrayacağını bildirirlər.
Milli Şuranın ən barışmaz tənqidçilərindən biri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. O, qurum barədə növbəti açıqlamasında bildirib ki, “Əgər tezliklə Milli Şurada aydınlıq yaranmasa, siyasi gündəm müəyyən olunmasa və daxili islahatlar aparılmasa, bu qurum dağılacaq. Hər şey islahatlardan asılıdır. Hazırkı vəziyyətdə isə islahatların olacağı ehtimal olunmur. Çünki Müsavatın təklifləri qəbul olunmadı. Müsavat təklif edirdi ki, Rüstəm İbrahimbəyov həmsədr olmasın, həmsədrlərin biri AXCP-dən, digəri Müsavatdan olsun. Bu təkliflərin heç biri qəbul olunmadı. Bundan başqa, qurumda strukturların yaranması məsələsində də razılıq yoxdur".
ADP sədrinin mülahizələri nə dərəcədə həqiqətdir?
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının “Unikal”a söylədiyinə görə, “Faktiki olaraq, Milli Şuradakı siyasi qurumlar bəyanat partiyalarına, Bakıda yerləşən ofis partiyalarına çevriliblər. Onların sosial bazaları tam tükənibdir. Azərbaycan xalqı göz önünə 1990-cı illərin əvvəllərini gətirir və həmin zaman baş verən hadisələrin məsuliyyət daşıyıcısı kimi İsa Qəmbəri, Azərbaycan Xalq Cəbhəsi hərəkatını bütövlükdə mənimsəyən Əli Kərimlini və digərlərini görür. Dərhal insanların təsəvvüründə yenidən xaos, vətəndaş müharibəsi, hər yerdə qarmaqarışıqlıq, böhran, insanların ümidsizliyi və sair canlanır. Başqa bir tərəfdə isə ulu öndərimiz Heydər Əliyevdən sonra Azərbaycanda baş vermiş hadisələr, o cümlədən müsbət tendensiyalar, Azərbaycan dövlətinin qurulması, güclənməsi, hərtərəfli islahatlar və bunların vermiş olduğu konkret nəticələr dayanır. Belə hadisələri müşahidə edən və müqayisələr aparan bəzi insanlar da radikal müxalifətin deyil, ölkəmizi inkişaf etdirən liderin yanında olmağa üstünlük verirlər. Təbii ki, bu da müxalifətin təxris olunmasında və zəifləməsində çox ciddi bir faktor kimi çıxış edir. Prezident İlham Əliyevin liderlik qabiliyyəti, xarizmatik keyfiyyətləri, real dəyərlərə söykənmiş olan islahatlara sədaqəti, dünya miqyasında Azərbaycanın nüfuzunun və qüdrətinin güclənməsi, Azərbaycan ordusunun ən müasir orduya çevrilməsi, eləcə də digər buna bənzər faktlar Azərbaycan xalqının diqqətini özünə cəlb edir. Bu da müxalifətin çox acınacaqlı vəziyyətə düşməsində, onun sosial bazasının tükənməsində mühüm rol oynayır”.
Millət vəkilinin sözlərinə görə, “Mən müxtəlif rayonlarda çoxsaylı insanlarla görüşürəm. Onlar deyirlər ki, insanlara sakitlik lazımdır. Bu gün artıq sülh problemi, qaz, su, işıqla bağlı çətinliklər həll olunub, yollar çəkilir, rayonlarda, regionlarda yeni-yeni müəssisələr tikilir. Hərtərəfli inkişaf göz qabağındadır. Hətta ucqar rayonların mərkəzləri belə Bakı səviyyəsinə yaxınlaşdırılır. Azərbaycanın regionları sözün həqiqi mənasında çox böyük sürətlə inkişaf edir. Bunlar faktdır. Belə olan halda hansı partiyanın üzvü olmasına baxmayaraq, sadə vətəndaşlar inkişafı kənara qoyub, onları xaosa sürükləyən, yenidən ölkədəki vəziyyəti 1990-cı illərin əvvəllərinə aparıb çıxaran, yalan vədlər verən insanların dalınca getməzlər. Bu, çox mühüm rol oynayır. Radikal müxalifətin, bütövlükdə müxalifətin sosial bazasının olmamasında, tükənməsində ölkədəki inkişaf, tərəqqi, yüksəliş və İlham Əliyev faktoru çox mühüm rol oynayır”.
Millət vəkili Zahid Orucun “Unikal”a bildirdiyinə görə, “İqtidarın alternativi olmaq istəyənlərin söykəndiyi dəyərlər nədən ibarətdir və onlar nə qədər monolit bir qüvvədirlər ki, Azərbaycan insanı öz gələcək taleyini bu şuraya bağlasın? Uzun illər əks cinahın fəaliyyətini izləyənlərdə belə bir qənaət möhkəmlənib ki, müxalif cameə bir-birinin ardınca yeni birlik adları istehsal etməyə aludədir. Stabil birləşdirici mərkəz yoxdur və təşəbbüslərin uzağa getmək perspektivi olmadığından antihakimiyyət düşərgəsi ideyaların makulaturasına çevrilib. Demkonqresdən İctimai Palatayadək bəlağətlə təqdim olunan xilas formatlarının hamısı tarixin qəbiristanlığına gömülüb və adamlarda artıq “yeni ölümlərə” mənəvi bir hazırlıq formalaşıb”.
Məzahir Avşar