“Azəristiliktəchizat” vətəndaşlarda narazılıq yaradır
“Azəristiliktəchizat” vətəndaşlarda narazılıq yaradır

Səhmdar Cəmiyyətdən şikayətlərin arası niyə kəsilmir?

Azərbaycanda havaların soyuması ilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətindən (ASC) şikayətlər də intensivləşib. Artıq iki aya yaxındır ki, bu qurumla bağlı mətbuatda - istər yazılı, istərsə də elektron KİV-lərdə şikayətlərin ard-arası kəsilmir.

Hələ ötən ayın əvvəllərində məlumat yayıldı ki, noyabrın 15-dən etibarən "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti qış rejiminə keçib. Qurumun abonent və müştəri xidmətləri şöbəsinin müdiri Rafiq Əliyev həmin vaxt KİV-ə açıqlamasında bildirmişdi ki, payız-qış mövsümünə start verilib. Onun sözlərinə görə, bu il 515 qazanxana vasitəsilə 3120 yaşayış binası istiliklə təmin ediləcək: “O cümlədən, "Azəristiliktəchizat” mənbəyinə qoşulmuş məktəb, uşaq bağçası, səhiyyə müəssisələri də istiliklə təmin olunacaqdır”.
Amma mətbuatda istiliklə bağlı şikayətlərə rastlanması, xüsusilə ötən ayın sonlarından etibarən havaların kəskin soyuması nəticəsində belə şikayətlərin intensivləşməsi diqqətdən qaçmır. Onlardan bir neçəsini xatırlayaq.
Üç gün əvvəl Zara Süleymanova adlı oxucu tərəfindən day.az saytına daxil olan şikayət məktubunda bildirilirdi: "Biz Çəmənzəminli küçəsi 125 ünvanında yaşayırıq. Sentyabr ayında binamızdakı hər bir mənzilə boru çəkdilər. Otaqların sayından asılı olmayaraq bütün mənzil sahiblərindən 70 manat aldılar. Binamızın birinci mərtəbəsində "Topaz"ın ofisi var. Bu ofisdən boru çəkmək istəmədilər və ustaları zəbt etdikləri, bütün kommunikasiya xətlərinin keçdiyi zirzəmiyə də buraxmadılar. İstilik idarəsinə və mənzil istismar idarəsinə nə qədər şikayət etsək də, xeyri olmadı. Nəticədə indi binanın birinci blokunda istilik yoxdur. Əgər bizdə istilik olmayacaqdısa, onda nəyə görə pul ödədik? Xahiş edirəm bu məsələnin həllində köməklik göstərəsiniz".
Həcər Əfəndiyeva adlı oxucunun 10 gün əvvəl milli.az saytında yer alan şikayətində isə deyilirdi: “Biz artıq bilmirik ki, kimə müraciət edək. Məlum olduğu kimi, hər il noyabrın 15-də istilik sistemləri işə düşür. İki həftə öncə cəmi 5-6 gün istilik oldu. Söhbət Xətai rayonu, Telnov küçəsi bina 3 ünvanından gedir. "Azəristiliktəchizat" ASC-yə zəng etmək və yazmağın faydası yoxdur. İdarənin qaynar xətti həmişə məşğuldur. Bu özbaşınalığa görə kim cavabdehdir?”.
Belə şikayətlərin sayını xeyli artırmaq da olar. Amma elə yuxarıdakı nümunələrdən də görünür ki, hazırda “Azəristiliktəchizat” ASC vətəndaşlarda narazılıq yaratmaqdadır və paytaxtda istilik təchizatı sahəsində kifayət qədər köklü problemlər var. Qeyd etmək yerinə düşər ki, “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncam əsasında yaradılmış “Azəristiliktəchizat” ASC istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətləri sahəsində fəaliyyət göstərir. Real vəziyyətdə isə Bakı şəhərində sovet dövründə tikilmiş bəzi binalar hələ də istilik üzünə həsrətdilər. Elə yeni tikilən binaların əksəriyyətində də vəziyyət fərqli deyil. Həmin binaların əksəriyyətində otaqları qızdırmaq üçün qaz və ya elektrik sobalarından istifadə olunur. Bu isə həm kommunal xərclərin artmasına, həm də hər zaman təhlükəli vəziyyətin yaranmasına səbəb olur. Heç kəsə sirr deyil ki, mavi yanacaq hesabına mənzillərin qızdırılması təhlükəlidir. Həm də orqanizm üçün zərərlidir. Ekoloji cəhətdən daha təmiz olan kombi istilik sistemlərindən təəssüf ki, bu gün bütün binalar yararlana bilmirlər.
Maraq doğuran isə odur ki, paytaxtda sakinlərin çoxsaylı narazılıqlarına yol açan “Azəristiliktəchizat” niyə işinin öhdəsindən gəlməkdə çətinlik çəkir. Axı Səhmdar Cəmiyyətə öz fəaliyyətini həyata keçirmək üçün külli miqdarda vəsait ayrılır. Məsələn, 2012-ci il büdcə layihəsində ölkə ərazisinə istilik sistemi üzrə yaranan zərərin ödənilməsinə, istilik sistemi və təchizatı obyektlərinin istismarına və təmirinə 31,6 milyon manat vəsait ayrılıb. 2011-ci ildə isə ayrılan vəsait 19 milyon manat olub. Umumilikdə 2005-2010 illərdə isə istilik sisteminə üst-üstə təxminən 77 milyon manat ayrılıb.
Bu qədər iri vəsaitlərin qarşılığında paytaxtın istilik sisteminin böhran vəziyyətində olması maraq doğurur.
Qeyd edək ki, ötən ilin sonlarında bu məsələ ilə bağlı millət vəkili Adil Əliyev sərt danışmış və adıçəkilən ASC-ni korrupsiyada günahlandırmışdı, hətta araşdırma aparılması üçün Hesablama Palatası ilə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəyini demişdi. Amma görünən odur ki, tənqidlər də nəticəsizdir, çünki vətəndaşların davamlı şikayətləri bu qış mövsümündə də istilik sarıdan vəziyyətin fərqli olmayacağını deməyə əsas verir.
Günel Əkbər