“Primadonna”dan daha bir tacsız kəlam
“Primadonna”dan daha bir tacsız kəlam

“Azərbaycan şou-biznesinin böyüyü mənəm”

Yerli şou-biznes təmsilçilərinin (və onların duzsuz əcaibliklərini həvəslə və təbii ki, özəl maraqlar əsasında işıqlandıran media mənsublarının) gündən-günə ölkə KİV-ndə tirajlayıb sosial psixologiyaya sırıdığı mənasız mətləblər artıq adamı bıqdırmağa başlayıb. Səsləri özlərindən, özləri səslərindən ucuz olan bu müğənniciklərin KİV-də təqdim edilən qarderobları, yemək və geyim ədaları, sevişmə macəraları, küsüşüb-barışmaları, istirahət guşələri yalnız və yalnız bir şeyə xidmət edir: sosial şüurun bayağılaşmasına, bayağı həyat tərzi ilə yaşayan kütlənin formalaşmasına.

Desək ki, orta statistik vətəndaşımız hər hansı məşhur idmançımızdan və yaxud siyasətçimizdən daha çox onlarla maraqlanır, güman ki, mübaliğə olmaz. Necə deyərlər, bazarda qızğın alver gedir: alınan bayağılıq, satılan əndazəsizlikdir.
Buyurun, xalq (?-red.) artisti İlhamə Quliyevadan daha bir əndərabadi açıqlama:
“Fəxri adları sənətkarlara cənab prezidentimiz verir. Amma şou biznes aləmində söz sahibi olduğum üçün qeyri-fəxri adları mən verirəm”.
O, bəzi müğənnilərin süni qiymət artımlarına münasibət bildirib, heç kimin tanımadığı müğənniləri cırtdan adlandıraraq öz statuslarını qaldırmaq üçün qiymətlərini şişirtdiklərini söyləyib: “O, ifaçılar cırtdan müğənnilərdir. Təbii ki, hamı kimin qiymətinin nə olduğunu yaxşı bilir. Onları ölkədə heç kim tanımır və bunu ört-basdır etmək üçün özlərindən qiymət uydururlar”.
Və müğənni şedevr kəlamını lap sona saxlayıb: “Azərbaycan şou-biznesinin böyüyü mənəm və mənim ətrafımda olan insanlara heç kim söz deyə bilməz”.
Nə baş verir şou-biznes deyilən aləmdə? Və onların ucundan tutub ucuzluğuna getdikləri didişmələri, dalaşları nədən xəbər verir?
“Seçim” psixoloji mərkəzinin direktoru Türkan Azadın “Unikal”a verdiyi açıqlamaya görə, “Yaşı keçmiş müğənnilərin əksəriyyəti xalqın, insanların sadəlövhlüyündən istifadə edib onların heysiyyatı ilə oynayıb ələ salırlar. Onlar camaatı avam yerinə qoyurlar. Halbuki insanlar hörmət qoyub, onlara pərəstiş edirlər. Gündə də bir əcaib bəyanatla, başqasını alçaltma ədası ilə gündəmə çıxırlar. Biri çıxır deyir xəstəyəm, biri deyir filan orqanımı satıram, ya orqanımı çıxartmışam”.
Ekspertin söğzlərinə görə, “Klip adı ilə teletamaşaçılara təqdim edilən bir sıra mahnılı kadrlarda açıq şəkildə əxlaqsızlıq təbliğ edilir. Belə kliplərdə normal sevgidən yox, əxlaqsızlıqdan söhbət gedir. Camaatın ailəsi, uşağı var. Dəyərləri bir qəpiklik etməklə cəmiyyətə də, onların psixologiyasına da mənfi təsir edirlər. Məgər hamının sevgilisi olmalıdır, bunu niyə standarta çevirirlər? Özlərinin də psixologiyası pozulub, millətin də psixologiyasını pozurlar”.
Psixoloq Dəyanət Rzayev isə mövzu ətrafında “Unikal”a fikrini belə şərh edib: “Hərədə bir cür problem olur. Biz daima insanların problemlərini araşdırırıq. Mənə müraciət edən müğənnilər də az deyil. Konkret ad çəkmədən onların da problemlərinin çox olduğunu deyə bilərəm. Onların iş rejimləri də buna təsir edir. Elə olur ki, gecə işdə olurlar, səhər yatırlar. Rejimləri dəyişir. Qadın müğənnilərin daha çox psixoloji problemləri yaranır. Onlar yaradıcı insan olduqlarından bu kimi məsələlərə daha həssas yanaşırlar. Şəxsi münasibətlərdən başqa, yorğunluq, narahatlıq, həyəcan, münaqişəli məqamlar onlara pis təsir edir, stress yaşayırlar. Onların ailədaxili problemləri də bu sənətlə əlaqədar çox yaranır. Elə müğənnilər var ki, psixoloqa ehtiyacı olsa da onlara müraciət etmirlər. Onlar bu gün başqa cür, sabah isə tam başqa cür olurlar. Stabil həyat yaşamamaları müəyyən problemlər yaradır”.
Nadir Əfqanlı