Bəzi rektorların 2014 narahatlığı
Bəzi rektorların 2014 narahatlığı
Bir çox ali məktəb rəhbərlərinin dəyişdirilməsi nədən xəbər verir?

Misir Mərdanovdan boşalan təhsil naziri postuna gətirilmiş Mikayıl Cabbarov Azərbaycanın bəzi ali məktəblərindəki durumdan narahatdır. Bu səbəbdən də yeni təhsil naziri ali təhsil müəssisələrində kadr islahatlarına ciddi önəm verir. Bu haqda təhsil sahəsinə yaxın məlumatlı qaynaqlardan xəbər almışıq.
Qaynaqlarımızın sözlərinə görə, qısa müddətdə ölkənin iki tanınmış ali məktəbinin rəhbəri dəyişdirilib: "Əvvəlcə neqativ hallara, xüsusilə də rüşvət məsələsinə görə Adı mətbuatda həddən artıq hallanan və barəsində ciddi ittihamlar səslənən Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov vəzifəsindən azad edildi. İki gün əvvəl isə Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yadigar Əliyev vəzifəsindən azad olundu. Müvafiq qaydalara uyğun olaraq, universitetin rektoru vəzifəsinin icrası müvəqqəti olaraq GDU-nun tədris işləri üzrə prorektoru Yusif Yusibova həvalə edildi. Maraqlıdır ki, Yadigar Əliyev bu ilin fevralında rektor təyin edilmişdi və onun cəmi 10 ay sonra vəzifəsindən kənarlaşdırılması Təhsil Nazirliyinin hazırki rəhbərliyinin bu ali təhsil müəssisəsindəki idarəçilikdən ciddi narazı olduğunun göstəricisidir".
Bu barədə məlumatlarda həmçinin vurğulanır ki, cəmi 10 ay rektor görəvində çalışan Yadigar Əliyevin qəfil şəkildə yola salınması müxtəlif versiyalar doğurub. Bəzi məlumatlara görə, o, kollektivlə yola getməyib. Digər məlumatda yeni rektorun yeni təhsil naziri ilə dil tapa bilmədiyi səbəb kimi göstərilir.
Gəncədəki məlumatlı şəxslərin dediyinə görə, təxminən bir ay bundan öncə bir qrup tələbə universitetdəki rüşvət hallarına etiraz olaraq dərslərə girməyib. Məsələ Təhsil Nazirliyinə çatandan sonra nazirlik rektoru əvvəlcə məzuniyyətə göndərib, daha sonra işdən çıxması ilə bağlı ərizə yazmasını tələb edib.
Maraqlıdır ki, vəzifəsindən uzaqlaşdırılmamışdan bir ay öncə Yadigar Əliyev məzuniyyətə çıxıbmış. Dekabrın 13-də məzuniyyətdən qayıdıb və bu vaxt Təhsil Nazirliyindən də GDU-ya məktub gəlib. Həmin məktubda nələrin yazıldığının detalları bəlli olmasa da, bundan cəmi beş gün sonra - dekabrın 18-də Yadigar Əliyevin işdən çıxması ilə bağlı ərizə yazması çox şey deyir.
Bundan başqa, Mikayıl Cabbarov Müəllimlər İnstitutunun bir çox filiallarının rəhbərlərinin dəyişdirilməsi istiqamətində də ciddi addımlar atmaqdadır. Bütün bunlar da Təhsil Nazirliyinin ölkənin dövlət ali təhsil müəssisələrinin idarəçiliyində önəmli dəyişikliklər edilməsi vaxtının çatdığını bildiyindən və bu istiqamətdə lazım olan addımların atılmasına səy göstərdiyindən xəbər verir.
İddialara görə, Azərbaycanda dövlət ali məktəblərinin bəzilərində də rektor dəyişikliklərinə gedilməsi gözləniləndir. Elə qısa fasilələrlə iki rektorun dəyişdirilməsi də bunun bariz göstəricisi hesab edilir. Bəzi rektorların 2014-cü ildə vəzifələri ilə vidalaşacaqlarına dair narahatlıqları var. Söhbət adı ictimai rəydə, KİV-də rüşvət və korrupsiya məsələlərində daha çox hallanan ali təhsil müəssisələrinin rəhbərlərindən gedir. Onlar son bir ayda iki rektorun əvəzlənməsindən sonra növbənin özlərinə yetişə biləcəyindən əndişəlidirlər.
Bu arada Milli Məclisin bəzi deputatlarının həm rektor, həm millət vəkili olan ali təhsil müəssisə rəhbərləri ilə bağlı tələblər səsləndirməsi, bir çox universitet rektorları ilə bağlı müxtəlif KİV-lərdə davamlı şəkildə tənqidlər səsləndirilməsi və ifşaedici materialların intensivləşməsi də təsadüfi hesab olunmur. İddia edilir ki, bütün bunlar ölkədə ali təhsilin vəziyyətinin yaxşılaşdırılması üçün bəzi dövlət ali təhsil müəssisələri rəhbərlərinin əvəzlənməsi prosesinin davam etdirilməsi üçün ictimai rəyi hazırlamaq məqsədi daşıyır.
Bu ehtimalların doğru olub-olmadığını isə bizə 2014-cü il göstərəcək. Yaşayıb görərik.
Günel Əkbər