"Vurulan" oliqarxlar niyə Azərbaycandan gediblər?
"Vurulan" oliqarxlar niyə Azərbaycandan gediblər?

Üç eks-məmurun bu günlərdə ölkədə olmamasının pərdəarxası

Son prezident seçkilərindən sonra vəzifələri ilə vidalaşan sabiq müdafiə naziri Səfər Əbiyevlə keçmiş "gəmiçilik şefi" Aydın Bəşirov Azərbaycanı tərk ediblər. Bunu dünən müxtəlif mənbələrdə yayılan məlumatlar əsasında demək olar.

Belə ki, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov oğlunun ov edərkən internetdə yayılan fotolarına münasibət bildirərkən hazırda Azərbaycanda olmadığını da ağzından qaçırıb. ""Biz Dubayda olmuşuq. Məgər Dubayda ov edirlər? Bütün Bakı Dubayda idi, nə ov? Dubayda ov edirlər? Heç ovçu olduğumuzu bilmirdim. Oğlum və nəvələrim yanımda olublar, biz qaban ovlamamışıq" deyən Bəşirov bununla, bir müddət əvvəl oğlunun internetdə yayılan qəribə fotolarına təpki göstərib. Belə ki, oğul Bəşirov fotolarda əlindəki müxtəlif silahlarla görüntülənib. Sabiq "gəmiçilik şefi" açıqlamasında sözarası "Hazırda Türkiyədəyəm" deməklə Azərbaycanda olmadığını göstərmiş olub. O, ölkəni niyə tərk etdiyi və Türkiyədə nə işlə məşğul olması barədə heç nə deməyib.
O da maraqlıdır ki, təxminən bir ay öncə bəzi KİV-lər belə məlumat yaymışdılar ki, "ləğv olunan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (CASPAR) sabiq rəisi Aydın Bəşirovu Bakı Beynəlxalq Hava Limanından geri qaytarıblar. Sabiq CASPAR şefi Almaniyaya gedirmiş. Hava alanında saxlanan A.Bəşirov ağır xəstə olduğunu və Almaniyaya müalicəyə getdiyini söyləsə də, onu eşidən olmayıb. A.Bəşirova deyiblər ki, əmr yuxarıdan verilib, onun ölkədən çıxmasına qeyri-rəsmi qadağa var. Buna görə də A.Bəşirov aeroportdan geri qayıtmalı olub. Hava limanında əsəbiləşən A.Bəşirov bir neçə saat sonra Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Sabiq rəisin hazırda həmin xəstəxanada müalicə olunduğu bildirilirdi.
Böyük ehtimalla indi Bəşirov əvvəlcə Dubayda, hazırda isə Türkiyədə olmasını deməklə həm vaxtilə yayılan məlumatların yalan olmasını gözlər önünə sərir, həm də vəzifəsindən uzaqlaşdırıldıqdan sonra belə haqqında davamlı mətbuata kompromatlar ötürən bədxahlarına "yıxılmadım, ayaqdayam" ismarıcı göndərir.
Azərbaycanın sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin də ölkədə olmadığı bəllidir. Belə ki, onun Çexiyada səfərdə olduğu deyilir. İddialara görə sabiq nazir yeni ili bu ölkədə qarşılayıb. Məlumatlarda bildirilir ki, S.Əbiyev Azərbaycana bu həftə dönəcək. Amma bunun nə qədər reallaşıb-reallaşmayacağını qəti demək çətindir və yəqin ki, bunu zaman göstərəcək.
"Vurulan" oliqarxlardan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Füzuli Ələkbərovun da yeni il ərəfəsində ölkədə olmadığı barədə iddialar var. Onun yeni ili xaricdə qarşılamaq üçün gedib-getmədiyini dəqiq demək çətindir, amma bilinən odur ki, o, hazırda da Qərbi Avropa ölkələrindən birindədir.
Təbii ki, hər üç eks-məmurun Azərbaycanı tərk etməsi maraq doğurmaya bilməz. Burada iki variant önə çıxır.
Birinci versiya, hər üç keçmiş iri məmurun yeni il münasibətilə Azərbaycandan getməsi və bayramı xarici ölkələrdə qeyd etməyə üstünlük verməsidir. İstər Əbiyevin, istərsə də Bəşirov və Ələkbərovun Azərbaycanda olmadığına dair məlumatların məhz Yeni il bayramı günlərində ortaya çıxması bu versiyanın inandırıcılıq gücünü kifayət qədər artırır.
İkinci versiya isə hər üç keçmiş məmurun vaxtilə vəzifədə olduqları dövrdəki fəaliyyətlərinin gizli təftişinin davam etməsinə dair çeşidli kütləvi informasiya vasitələrində yer alan bilgilərdir. İddialara görə, bu təftişlərin nəticəsində ortaya çoxsaylı korrupsiya faktlarının çıxacağı şübhəsizdir. Məsələn, A.Bəşirovun vaxtilə tutduğu posta təyin edilən Rauf Vəliyevin təhvil aldığı qurumda ciddi yoxlamalar başlatdığı barədə məlumatlar hələ ötən ilin sonlarından səslənirdi. Bildirilirdi ki, təhvil-təslim prosesindən bu yana hər bir sənəd çox diqqətlə araşdırılır, gəmilərdə və quruma aid bütün obyektlərdə yoxlamalar aparılır. Bundan başqa yeni müdafiə naziri Zakir Həsənovla yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da təhvil aldıqları qurumların fəaliyyətinin təftişini həyata keçirdiklərinə dair də mediada çoxsaylı informasiyalara rast gəlmək olar. Bütün bunlar isə son nəticədə həmin "vurulan" məmurlar barədə ciddi ölçülərin götürülə biləcəyinə dair təxminlərdir. Mümkündür ki, belə narahatlıqlar adını çəkdiklərimiz oliqarxlarda da olsun və onlar hər ehtimala qarşı ölkə xaricinə üz tutmaqla prosesin sonunu gözləsinlər, əgər hansısa təhlükə hiss edərlərsə yenidən Azərbaycana qayıtmaqdan imtina etsinlər.
Əlbəttə, bütün bunlar fərziyyələrdir. Reallığın necə olduğu isə yəqin ki, qısa vaxtda hamımıza aydın olacaq. Odur ki, yaşayarıq, görərik.
Günel Əkbər