İran prezidentindən sensasion Urmiya gölü bəyanatı
İran prezidentindən sensasion Urmiya gölü bəyanatı
Həsən Ruhani: "Urmiya gölü ilə bağlı əvvəllər tətbiq olunan siyasət düzgün olmayıb"

İran prezidenti Həsən Ruhani vilayət rəhbərləri ilə görüş keçirib. "İRİNN" saytının verdiyi məlumata görə, görüşdə prezident bir sıra məsələlərə toxunub.
İranın nüvə proqramı ilə bağlı əldə olunan razılaşmalardan danışan prezident bildirib ki, İranla dost olan ölkələr bu razılaşmanın əldə olunmasından məmnunluq bildiriblər.
Daha sonra H.Ruhani hökumətə ünvanlanan tənqidlərdən söz açıb: "Konstruktiv tənqid alqışlanmalıdır. Biz bundan qorxmamalıyıq. Hökumət milli maraqlar üçün hər şeydən keçməlidir".
Ölkənin siyasi həyatına toxunan prezident bildirib ki, ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar qanunlara riayət etməlidirlər: "Konstruktiv əməkdaşlıq vacibdir. Vilayət rəhbərlərinə məsləhət görürəm ki, siyasi partiyalarla və qruplarla əməkdaşlıq etsinlər. Hər iki tərəf bu əməkdaşlıqdan faydalanmalıdır ki, ölkə daha da irəli getsin. Lakin siyasi partiyalar da oyunun qaydalarına hörmətlə yanaşmalıdırlar. Hazırda partiyaların fəallığı ötən illərlə müqayisədə daha yüksəkdir və biz çalışacağıq ki, onlara daha yaxşı şəraitlər yaradaq".
Ölkə iqtisadiyyatı barədə danışan H.Ruhani vurğulayıb ki, inflyasiya ilə bağlı məsələ hökumət üçün ən vacib məsələlərdən biri idi və bu istiqamətdə atılan addımlar gözləntiləri doğruldub.
Görüşdə H.Ruhani Urmiya gölü məsələsinə də toxunub. O bildirib ki, Urmiya gölü ilə bağlı əvvəllər tətbiq olunan siyasət düzgün olmayıb və müəyyən addımlar atılmalıdır ki, bu təbii hövzə qurumasın: "Əgər göl qurusa, bu, müqayisə olunmaz təhlükə olacaq. Milyonlarla insan yaxınlıqda olan əraziləri tərk etməyə məcbur olacaq".
İranda yaşayan millətlər arasında münasibətlər barədə danışan H.Ruhani deyib ki, ölkədə yaşayan hər bir millət bərabər hüquqlara malikdir: "İrqindən, milli mənsubiyyətindən, cinsindən asılı olmayaraq, hamı qanun qarşısında bərabər olmalı, onlara eyni imkanlar yaradılmalıdır. Farslar, türklər, bəluclar, ərəblər, lorilər və digər millətlər İran bayrağı altında yaşayırlar və onlar öz hüquqlarını bilməlidirlər".
"İran əvvəlcədən heç bir şərt qoymadan Suriya ilə bağlı Cenevrə-2 danışıqlarında iştirak etməyə hazırdır". Bu barədə isə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Əfxəm bildirib.
O əlavə edib ki, region ölkələri İranın bölgədə vacib rol oynadığını bildiriblər və heç bir şübhə yoxdur ki, İran Suriya münaqişəsinin həllində köməklik göstərə bilər: "Ona görə də İranın danışıqlarda iştirakı ilə bağlı əvvəlcədən şərtlərin qoyulması bizim tərəfindən rədd olunacaq və bu görüşlərin nəticəsi olmayacaq".
"İranla "altılıq" ölkələri arasında ekspertlər səviyyəsində keçirilmiş son nüvə müzakirələrində yaxşı nəticələr əldə edilib". Bunu isə İran Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bildirib.
Onun sözlərinə görə, hazırda bəzi məsələlər qalıb: "Həmin məsələləri də həll etmək məqsədilə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı Cenevrəyə gedib".
Ə.Salehi Cenevrə razılaşmasına uyğun olaraq birgə fəaliyyət planının həyata keçirilməsi üçün ilkin addımların atılacağına ümid etdiyini deyib: "Yanvar ayının sonlarına doğru bu planın tətbiq olunmasına şahid olacağıq".
Vitse-prezident həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin üç həftə sonra İrana gələcəklərini də vurğulayıb: "Məqsəd Geçin uran mədəninə baxış keçirməkdir. Hələlik tarix tam olaraq müəyyənləşdirilməyib. Ancaq məsələnin yanvar ayının sonu fevral ayının əvvəllərinə qədər reallaşacağını hesab edirəm. İranla AEBA arasında əməkdaşlıq davam etdiriləcək. İranla agentlik arasında 6 maddə üzərində uzlaşma təmin edilib. İran bu razılaşmaya bağlıdır. Ərak ağır su nüvə reaktoru və Geçin uran mədəninə baxış keçirmək həmin 6 maddəlik anlaşmanın ikisini özündə ehtiva edir. Artıq Ərak ağır su nüvə reaktoruna agentlik müfəttişləri tərəfindən baxış keçirilib və bununla bağlı hesabat müsbətdir".
Ə.Salehi AEBA-nın icraçı direktoru Yukiya Amanonun İranla bağlı son hesabatının da əvvəlki hesabatlara nisbətən daha müsbət olduğunu bildirib: "Ümumiyyətlə, İranla "altılıq" ölkələri arasındakı nüvə müzakirələri, həmçinin İranla AEBA arasındakı əməkdaşlıq müsbətdir".
Eyni zamanda vitse-prezident Buşəhr Atom-Elektrik Stansiyasının (AES) fəaliyyətinin müvəqqəti olaraq dayandırılacağını söyləyib: "Stansiyanın fəaliyyətinə yaxın günlərdə ara veriləcək və ona illik yanacaq doldurulmasına başlanılacaq. Bu vəziyyət stansiyanın son bir ildə işinin müvəffəqiyyətli bir şəkildə reallaşdığını ortaya qoyur. Stansiya hər 7 min saatda bir yanacaq doldurulması üçün işinə ara verir. Bu vəziyyət də Buşəhr AES-də ilk dəfə baş verəcək".
Ə.Salehi uranın 60% həddində zənginləşdirilməsini nəzərdə tutan qanun layihəsinin İran parlamentinin gündəmində olması məsələsinə də reaksiya verib: "Ölkə parlamenti hansı qərarı qəbul edəcəksə, biz də ona əməl edəcəyik".
Murad İbrahimli