Azərbaycanda kommunal xidmətlər bahalaşır?
Azərbaycanda kommunal xidmətlər bahalaşır?
Cəmiyyətdə yaradacağı sosial
psixoloji yükün təsirini yaxşı anlayan hökumət adətən qərarlarını gecə ilə qəbul edir

Ölkədə qiymət artımı ilə bağlı yenidən məlumatlar yayılmağa başlayıb. Bu dəfə kommunal xidmətlərin bahalaşacağı xəbəri verilir. Benzin və dizel yanacağının qiymətinin bir ay əvvəl kəskin şəkildə artırılmasından sonra nəqliyyat, komunal sektorda qiymətlərinə yenidən baxılması gözlənilən idi. Qiymət artımı ilə bağlı yayılan qeyri rəsmi məlumatların nə dərəcədə həqiqliyini araşdırmışıq.
Şuranın qərarına əsəsən hazırda kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı hər 1000 kubmetr üçün 80 manatdır.
Tarif Şurasının qərarı ilə ölkədəki elektrik stansiyaları təbii qazı yeni topdansatış qiymətlərlə alır. Bu isə o deməkdir ki, təbii qazla işləyən istilik elektrik stansiyalarında istehsal etdiyi elektrik enerjisinin maya dəyəri yüksəlir. Həmçinin avtomatik olaraq yeni qiymətlərlə yanacaq alan digər xidmət sahələrinində xərcləri artırıb. Real qiymətləri bazar tənzimlədiyindən yeni ildə köhnə qiymətləri qoruyub saxlamaq da çətinləşib. Elə hökumət də tariflərlərə yenidən baxmaqda kifayət qədər maraqlı görünür. Məsələn 2014-cü ilin büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifovun tariflərə baxmaq labüddür ifadəsini, cəmiyyətə ötürülən mesaj da hesab etmək olardı. Sonuncu dəfə komunal xərclərə 7 il öncə baxıldığını xatırladan nazir qiymətlər artarsa hökumətin görəcəyi qabaqlayıcı tədbirlər kimi strateji planları da bəyan eləmişdi.
Maliyyə naziri Samir Şərifov: “Bu vəziyyətin aspektlərindən biri odur ki, gəlirləri yüksək vətəndaşlar daha yüksək tarifləri ödəyə bilərlər, lakin daha az təminatlı insanlar üçün müəyyən edilmiş dərəcə üzrə ödəyirlər. Tariflərin artırılması zamanı ünvanlı yardım ayırmaqla bu məsələni həll etmək olar”.
Əslində maliyyə nazirinin təklifi hökumətin çoxdandır həyata keçirmək istədiyi, amma hələ ki, risklərdən çəkinərək uzun illərdir təxirə saldığı mühim bir iqtisadi sosial planın tərkib hissəsidir. Və bu planın reallaşmasını hətta beynəlxalq maliyyə qurumları da çoxdan gözləyir.
Kommunal qiymətlərin dünya qiymətlərinə çatdırılması, ödənişlərdən büdcəyə daxil olmaları artırmaq qarşıya qoyulan ilk mərhələdir. Bunun ardınca isə əlaqədar qurumlara büdcədən ayrılan subsiydiya və dotasiyalar dayandırılır. Əksinə bu vəsaitlər daha şəffaf istiqamətdə, yəni əhalinin kommunal xərcləri ödəməkdə çətinlik çəkən hissəsinə ünvanlı yardımlar şəklində verilir.
Qiymətlər qalxarsa, hökumət ölkədə yaşayış minumumu, ehtiyac meyyarı və istehlak səbətində yenidən baxmalı olacaq. Çünki hazırki istehlak səbəti qüvvədə olan qiymətlərə uyğun hesablanıb. Onların yenilənməsi isə büdcəyə təsirsiz ötüşməyəcək. Hələliksə Tarif Şurası qiymətlərə yenidən baxılması ilə bağlı quruma heç bir təklifin gəlmədiyini israrla bildirir. Amma təcrübədən o da məlumdur ki, rəsmilər, o cümlədən bahalaşma qərarını elan edən Tarif Şurasıda heç vaxt qiymətlərin artırılacağın öncədən də demir axı. Belə açıqlamaların cəmiyyətdə yaradacağı sosial psixoloji yükün təsirini yaxşı anlayan hökumət adətən qərarlarını gecə ilə qəbul edir.
Amma səhər sürprizlərinə hazır olmaq istəyiriksə unutmayaq, heç vaxt “Heç vaxt!” deməyək.
Aliyə