"Müxalifətin kifayət qədər əhəmiyyətli hissəsi Milli Şurada təmsil edilmirdi"
"Müxalifətin kifayət qədər əhəmiyyətli hissəsi Milli Şurada təmsil edilmirdi"

Əli Əliyev: "Müsavat Partiyası 2015-cü ilin parlament seçkilərinə start verib"

Müsavat Partiyasının Milli Şuradan çıxması gözlənilən olsa da, müxalifət düşərgəsində geniş şəkildə müzakirə olunur və bu addıma yanaşmalar fərqlidir. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevlə bu günki söhbətimiz də bu yöndə olacaq...

-Müsavat Partiyası Milli Şuranı tərk etdi. Bu "qalaqurma" radikal müxalifət düşərgəsində nəyi dəyişəcək?
-Bu, qalaqurma deyildi, qala qapılarının açılması idi. Qalanın təhvil verilməsidir. Bu addım gözlənilən idi. Əslində, bir az geniş baxanda, seçkilər göstərdi ki, Milli Şura onsuz da mahiyyət etibarilə cəmiyyətin böyük hissəsinin maraqlarını ifadə etmir. Xüsusən də Moskva həmin təşkilatın üzərindən əlini çəkdikdən sonra tamamilə zəif düşdü. Müsavatın yerdəyişməsi isə müxalifətin və cəmiyyətin ovqatında heç bir dəyişiklik etmir və etməyəcək də. Baş verən hadisə daha çox Müsavat Partiyasının praqmatik seçki siyasəti yürütdüyünü göstərir. Təbii ki, mən bu siyasəti təqdir etmirəm. Çünki hər bir siyasi addımın, siyasi davranışın arxasında mənəvi prinsiplər durmalıdır. Hələ 2010-cu ildə "Azadlıq" blokunun dağıldığı ərəfədə də Müsavat Partiyası eyni rolu oynamışdı. 2005-ci il hadisələrindən sonra nə bizim partiya, nə də Lalə xanımın rəhbərlik etdiyi partiya həmin partiya ilə əməkdaşlıq etdi. Çünki Müsavat Partiyası 2005-ci ildən 2010-cu ilə qədər Azərbaycan hakimiyyətinə legitim parlamentə malik olmağa şərait yaratdı. Biz isə siyasətdə ardıcıllığın tərəfdarı kimi çıxış edirdik. Ancaq o zamankı müttəfiqimiz 2009-cu ildən başlayaraq Müsavatın reabilitasiyasına baş vurdu və 2013-cü ilə qədər buna nail ola bildi. Mənə elə gəlir ki, indi də bu davranışın acı bəhrəsini yaşamaqdadır. Bu, bir növ, həmin siyasi xəttin, prinsipsizliyin fiaskoya uğramasının bariz göstəricisidir. Həmin addımın içərisində çox məqamlar axtarmaq olar. Mənə elə gəlir ki, bu, siyasi qeyri-ardıcıllığın uğursuzluqla nəticələnəcəyinin ən tipik nümunəsidir. Hadisənin mahiyyətinə gəldikdə isə, Müsavat Partiyası 2015-cü ilin parlament seçkilərinə start verib. Əvvəlcə heç bir arqument olmadan, məntiqsiz surətdə Rüstəm İbrahimbəyovun sədrlikdən istefasına nail oldular. Bu, çox güman ki, hakimiyyətin maraqlarına uyğun idi. Bu vəzifəni yerinə yetirdikdən sonra isə özlərinin də vahid namizədi olmuş Cəmil Həsənlinin arxasından qaçdılar. Görünür, bu da kiminsə istəyidir. Həm də faktiki olaraq, radikal kəsimin parçalanmasına səbəb oldular. Və bir çox insanları yarıyolda qoydular. Mənim fikrimcə, onlar çalışırlar ki, 2005-ci ildəki kimi parlamentdə təmsilçilik hüququ əldə etsinlər. Bu addımı atırlarsa, deməli, həmin seçkilərin də hökumətin iradəsi lə keçəcəyinin fərqindədirlər və çalışırlar ki, hakimiyyətin 2015-ci il lütfünə sahiblənə bilsinlər.
-Milli Şurada bu gün faktiki olaraq əsas güc mərkəzi kimi AXCP qalıb. AXCP bu quruma əlavə qüvvələr cəlb edib onu real siyasi gücə çevirə bilərmi?
-Mən, əslində, ilk gündən Milli Şuranın əleyhinə olmuşam. Ötən ilin fevral ayından ta ki bəzi partiyalar danışmağa başlayana qədər təkbaşına ona qarşı mübarizə aparmışam. Radikal siyasi xətti mən məqbul hesab etmirəm və seçkilər dönəmində həm hakimiyyət tərəfindən, həm də Milli Şuranın namizədi tərəfindən nümayiş etdirilən radikal davranışları qəbul etmirəm. Çünki mübarizə siyasi xarakterdə olmalı, şəxsi müstəviyə keçməməlidir. Bu gün də hesab edirəm ki, Milli Şura Rusiyanın eqidasından çıxandan sonra da perspektivsiz qurum idi və bütün müxalifəti təmsil etmirdi. Kimin onu necə təmsil etməsindən asılı olmayaraq Azərbaycan müxalifətinin kifayət qədər əhəmiyyətli hissəsi o qurumda təmsil edilmirdi və o, tam olaraq müxalifəti təmsil edə bilməzdi. Azərbaycanda nə qədər ki ikiqütblü siyasi müstəvinin yaranmasına nail ola bilməmişik, hansısa bir uğurlu siyasi layihədən danışmağın yeri yoxdur. Bu, təbii ki, mənim yanaşmamdır. Hər bir fəaliyyət nəticə ilə ölçülür. Milli Şuranın da prezident seçkilərində məğlubiyyətə uğraması hamının gözü önündə baş verib. Bu, təkcə mənim deyil, həm də cəmiyyətin seçkilərdə həmin quruma göstərdiyi münasibətdir. Bundan sonra da ciddi bir dəyişikliyin olacağına inanmıram. Milli Şura brend olaraq kimin sərəncamında qalmasından asılı olmayaraq hansısa nəticəyə nail olacağına inanmıram. Azərbaycanda yalnız ikiqütblü siyasi müstəvi müəyyən nəticələr verə bilər. Qalan siyasi layihələr uğursuzluğa düçar olacaq.
-Analitiklər (məsələn, politoloq Qabil Hüseynli və s.) hesab edirlər ki, ölkədəki bütün siyasi partiyalarda siyasi böhran yaşanır. Bir müşahidəçi və bir partiya sədri kimi bu fikirlə razısınızmı?
-Mən həmin adamı tərəfsiz şəxs saymıram. O, son dövrlərdə daha çox hakimiyyətin mövqeyinin ifadəçisi kimi çıxış etməyə çalışır. Bu onun işidir və onun addımlarını təqib etmək niyyətim yoxdur. Amma həqiqətən də, Azərbaycan siyasi müxalifətində böhran mərhələsi yaşanır. Hesab edirəm ki, bu daha çox prinsipsizliklə əlaqədardır və ardıcıl olmayan siyasətin nəticəsidir. Azərbaycan müxalifəti kifayət qədər marginallaşıb. Demək olar ki, siyasi partiyaların əksəriyyəti mövcud hakimiyyətin idarəçiliyi dövründə onun maraqlarına xidmət edən siyasət sərgiləyib. İstənilən təşkilatın ünvanına bu ittihamı səsləndirmək olar. Buna görə də hər bir təşkilatla görüşərkən bizim partiyanın ünvanına əsaslı hesab edə bildikləri ittihamı səsləndirmələrini xahiş edirəm. Biz Azərbaycanda konkret ideoloji prinsiplərə söykənən və ardıcıl olan siyasətin aparılmasının tərəfdarıyıq. Və mən hesab edirəm ki, böhran məhz siyasi müxalifətin ideoloji prinsiplərə söykənmədən yürütdüyü qeyri-ardıcıl siyasətin nəticəsidir ki, cəmiyyətin də dəstəyini itirib. Cəmiyyətdə narazı kəsim kifayət qədər geniş miqyası əhatə edir, lakin onlar heç bir siyasi təşkilatı müdafiə etmirlər. Bu da siyasi mübarizənin ön cərgəsində olan təşkilatların və təbii ki, müxalifətin aparıcı şəxslərinin yanlış qərarlarından qaynaqlanır. Bu məqamda siyasi proseslərin bu günki vəziyyətinə digər amillər də öz təsirini göstərir. Amma hesab edirəm ki, əsas faktor müxalifətin özünün buraxdığı səhvlərdir.
-Parlament seçkilərinə iki il qalır və bu, siyasi proseslərin gəlişməsi baxımından o qədər də çox zaman deyil. Başçılıq etdiyiniz partiya bu iki ildə siyasi blok yaratmağı və yaxud hansısa siyasi birliyə qoşulmağı planlaşdırırmı?
-Seçkilərdən sonrakı dönəm bizim üçün bir analitik mərhələ idi. Biz bu arada şüurlu surətdə fəaliyyətimizi bir qədər zəiflətmişdik, mətbuatla təmaslarımızı azaltmışdıq. Seçkidən sonrakı dönəmin dəyərləndirilməsi nöqteyi-nəzərindən bizə bu mərhələ vacib idi. Xüsusən də seçkinin nəticələrinin Azərbaycan cəmiyyətindəki inikası, ictimaiyyətin seçkinin nəticələrinə verəcəyi reaksiya bizim üçün maraqlı idi. Biz həm də Vilnüs sammitinin nəticələrini gözləyirdik. Hal-hazırda Ukraynada baş verən proseslərin Azərbaycana birbaşa bağlılığı var. Hesab edirəm ki, Avropa Birliyi yaxın gələcəkdə mütləq genişlənmə qərarı qəbul edəcək və bu proses davam edəcək. Ukrayna məsələsi bitdikdən sonra bu proses Azərbaycanı da haqlayacaq. Fikrimcə, beynəlxalq ictimaiyyətin proseslərə müdaxiləsi son dərəcə vacibdir. Hələlik Azərbaycanın "dincə qoyulması" daha çox Avropa Birliyinin enerji təhlükəsizliyi ilə bağlı idi. Odur ki, Azərbaycan seçkilərdən dərhal sonra TANAP layihəsinin icrasına razılıq verdi. Artıq bununla bağlı sənədlərin əksəriyyəti imzalanıb. Bundan sonrakı mərhələdə Azərbaycanın Qərbə inteqrasiya edib-etməyəcəyi bilinəcək. Azərbaycan Avrasiya İttifaqı ilə AB arasında seçim etməlidir. Bu mərhələ Azərbaycanın siyasi həyatı üçün çox vacib dönəm olacaq. Buna görə də parlament seçkiləri ərəfəsində Azərbaycanın siyasi mühitində xeyli canlanma müşahidə olunacaq. 2015-ci ildə seçiləcək parlament önəmli bir parlament olacaq və hesab edirəm ki, ölkədəki demokratikləşmə prosesləri məhz həmin parlamentin üzərinə düşəcək. Bu baxımdan bizim üçün parlament seçkiləri çox böyük əhəmiyyət kəsb edir və bu seçkilərlə bağlı ciddi planlarımız var. Bu planların davranışımıza nə dərəcədə yansıyacağını hələlik proqnoz edə bilmirəm. Çünki hadisələrin bir-birinə bənzəməyən inkişaf variantları meydana çıxa bilər.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli