Abid Şərifovun sözünü eşitmədilər
Abid Şərifovun sözünü eşitmədilər

Baş nazir müavininin iki il əvvəlki xəbərdarlığı niyə söz olaraq qaldı?

Baş nazirin müavini Abid Şərifovun iki il əvvəl bəzi məmurlara etdiyi xəbərdarlıq söz olaraq qalıb. Söhbət Şərifovun Nəqliyyat Nazirliyində avtomobillərlə yükdaşımaların tənzimlənməsinə həsr olunmuş toplantıdakı sərt çıxışından gedir.

Xatırladaq ki, həmin çıxışında baş nazir müavini bildirmişdi ki, normadan artıq yük daşıyan avtomobillərin sahiblərinə və yük sahiblərinə qəti xəbərdarlıq edib: "Həddən artıq yüklənmə yolların tez sıradan çıxmasına səbəb olur. Xüsusən qum, daş, çınqıl daşıyanlar avtomobillərə normadan artıq yük vurmamalıdır. Bundan sonra heç kəsə güzəşt olunmayacaq. Biz bilirik ki, bəzi karxanaların arxasında ictimai təsir imkanları olan adamlar dayanır. Lakin onlara, vəzifəli şəxslərin heç birinə güzəşt olunmayacaq və onlar məsuliyyətə cəlb olunacaqlar".
Həmin toplantıda həmçinin yolların qorunması üçün qanunların sərtləşdirilməsi təklif edilmişdi. Bildirilmişdi ki, Azərbaycan isti ölkə olduğundan, bu da yolların tez sıradan çıxmasına səbəb olur. Normalara əməl olunmasa, yollar yenidən əvvəlki qaydasına qayıdacaq. Hər şeyi yolların keyfiyyətsiz tikilməsi ilə əlaqələndirmək lazım deyil. Çünki bütün yol tikintiləri xarici mütəxəssislərin nəzarəti altında aparılır. Gürcüstanda normadan artıq yük aparan maşın hər 1 kq-a görə 1 lari cərimə olunur. Almaniyada isə cərimə bir neçə min dollar olur.
Baş nazir müavininin xəbərdarlığının üstündən iki il keçməsinə rəğmən hələ də həddən artıq yüklənmələrlə yola çıxan yük maşınlarının sayı-hesabı yoxdur. Bu istiqamətdə Nəqliyyat Nazirliyinin müəyyən təşəbbüslərinin olmasına rəğmən (məsələn, nazirlik iri yük maşınlarının yalnız gecələr yola çıxması üçün gecə karvanlarının formalaşdırılmasına başlamışdı, amma sonradan bu prosesin davam edib-etmədiyi qaranlıq qaldı, hər halda indi görünən odur ki, iri və həddən artıq yüklənmiş yük maşınları günün istənilən vaxtı yollarda istədiyi kimi hərəkət edir, hətta son vaxtlar yük maşınlarının bais olduğu ağır yol qəzalarının da artdığı görünür və belə qəzalar heç də gecə vaxtı baş vermir), vəziyyət müsbətə doğru heç də ciddi dəyişməyib və bu da yolların istismar müddətindən daha tez sıradan çıxmasını şərtləndirən əsas amillərdən birinə çevrilib.
Maraqlı olan isə Abid Şərifovun bu məsələ ilə bağlı səsləndirdiyi qəti xəbərdarlığın üzərinə sonrakı müddətdə bir daha heç vaxt qayıtmaması, "vəzifəli şəxslərin heç birinə güzəşt olunmayacaq və onlar məsuliyyətə cəlb olunacaqlar" sözlərinin isə faktiki olaraq havadan asılı qalmasıdır.
Ekspertlər hesab edir ki, bunu iki səbəblə izah etmək mümkündür. Birinci səbəb yolların tez sıradan çıxmasının hökumətdə, xüsusilə yolların çəkilişinə, təmirinə məsul olan qurumlara sərf etməməsidir, çünki Azərbaycanda "təmir və yenidənqurma" adı altında bir çox qurumların və iri məmurların külli miqdarda dövlət vəsaitini istədiyi kimi xərcləmək ənənəsi geniş yayılıb.
İkinci səbəb odur ki, Abid Şərifovun qəti xəbərdarlıq etdiyi məmurlar öz təsir imkanlarına görə baş nazir müavinindən daha güclü çıxıblar və nəticədə hörmətli vitse-premyerin iki il əvvəl sözügedən məsələ ilə bağlı kəskin çıxışı elə söz olaraq da qalıb.
Azər Aslan