Azərbaycanda vətəndaşların kənd qatığı qorxusu
Azərbaycanda vətəndaşların kənd qatığı qorxusu

Adamlar infeksion xəstəlik qorxusundan ya kənd qatığı yeməkdən imtina edirlər, ya da onu inandıqları alverçilərdən alırlar

İndi Bakının Badamdar qəsəbəsində kənd qatığı tapmaq xeyli çətinləşib. Marketlər və meyvə-tərəvəz dükanları kənd yerlərindən qatıq-süd gətirənlərdən baytar arayışı tələb edirlər ki, bunu da hər qatıq alverçisi təmin edə bilmir (anspress).

Qəsəbənin məhəllələrindən birində ərzaq dükanı işlədən 30 yaşlı Samir kənd qatığı satmaqdan özü imtina etdiyini deyir. “Sənədi olmayandan qatıq götürmürəm. Bir nəfərlə işləyirdim, onun baytarlıqdan sənədi vardı. Amma o, inəklərini satdı. İndi baytar arayışı olan daimi təhizatçı tapa bilmirəm”,- deyə Samir bildirib.
Əslində, indi bütün Bakıda baytarlıq arayışına malik qatıq-süd alverçisi tapmaq çox çətin məsələdir. Adətən qatıq-süd alveri ilə rayonla əlaqəsi olan, amma Bakıda yaşayan insanlar məşğul olur. Onların isə kənd yerində baytar həkimindən arayış alması qeyri-mümkündür. Çünki baytar həkimlər zonada yaşayan və mütəmadi olaraq xidmət göstərdiyi fermerlərin qatıq-süd və ət məhsullarına görə arayış verirlər. Verilən arayışda həmin məhsulların qida üçün yararlı olması göstərilir.
Bakı Baş Baytarlıq İdarəsinin rəisi Aslan Aslanovun verdiyi məlumata görə, Bakıda ticarət şəbəkəsinə çıxarılan hər partiya mal üçün ayrıca arayış tələb edilir. Yəni kəndli bazara çıxardığı mal üçün hər dəfə arayış təqdim eləməlidir. Aslan Aslanovun sözlərinə görə, əgər kəndlinin belə arayışı olmazsa, birinci dəfə onun malı analizə götürülür, tərkibində infeksion xəstəliklər olub-olmadığı yoxlanılır. Malı yararlı olarsa, bazara büraxılır və ona qəti şəkildə tapşırılır ki, təkrar bazara mal gətirmək üçün mütləq yerli baytardan arayış götürsün.
Amma bu, nəzəri cəhətdən belədir. Əslində isə indi Bakıda bazardan qatıq-süd alan çox az adam tapılar. Adamlar infeksion xəstəlik qorxusundan ya kənd qatığı yeməkdən imtina edirlər, ya da onu inandıqları alverçilərdən alırlar.
Mağazalarda satılan fabrik istehsalı qatıqlar isə elə də populyar deyil, həmin qatıqların quru süddən istehsal edildiyi dərhal aydın olur. Belə quru südün tərkibində nişastadan tutmuş soya südünə qədər çox şey olduğu bəllidir. Nəticədə, əhali arasında qatıq istehlakı normadan 6 dəfəyə qədər aşağı düşüb. Əgər insan bir gündə cəmi 200 qram, yəni 1 stəkan qatıq yeyərsə, bu, 9 milyonluq Azərbaycan üçün 657 min ton südün qatıq istehsalına yönəldilməsi deməkdir. Amma rəsmi statistikaya görə, 2012-ci ildə ölkədə 119 min ton süd qatıq istehsalında işlədilib. Və bu qatığın böyük hissəsi kənd yerlərində - təsərrüıatda heyvan saxlanan ailələrdə istehlak edilir. Şəhər yerlərində isə, qatığın böyük hissəsi quru süddən hazırlandığından və təbii süddən hazırlanmış qatıq həddindən baha (litri 1,2 manat) olduğundan, camaatın bu məhsula marağı olmur. Əksər şəhər ailələri qatığı yalnız düşbərə, xəngəl, yarpaq dolması və s. kimi yeməklər bişirən zaman sarımsağa qatmaq üçün alırlar. Dietoloqların hər yeməkdən sonra ən azı 200 qram qatıq istehlak etmək barədə verdiyi tövsiyyələr isə sadəcə işə yaramır.
Həkim-dieteoloq Ləman Süleymanovanın fikrincə, insan gün ərzində 600 qrama yaxın, yəni üç stəkan qatıq istehlak edərsə, bu, orqanizmdə maddələr mübadiləsi üçün böyük dəstək olar. “Qatıq, süd və kefirin tərkibində insan üçün çox faydalı olan bakteriyalar - bifidobakteriyalar var. Onlar bağırsaqların mikroflorası üçün çox önəmlidir. Günorta yeməkdən sonra və gecə yatmazdan qabaq kefir içmək çox faydalıdır. Amma yağlılığı 0,5%-dən yüksək olmamalıdır. Qidadan 20 dəqiqə sonra kefir içilərsə, bu, həzmi sürətləndirir. Həmçinin yatmazdan öncə kefir içilməsi bağırsaq mikroflorası üçün çox önəmlidir, qəbizliyin qarşısını alır”,- deyə dietoloq bildirib.
Onun sözlərinə görə, mütəmadi qatıqla və ya kefirlə qidalanan insanlarda maddələr mübadiləsi ilə bağlı problemlər olmur. “Həmçinin ağartı məhsulları kalsiumla zəngindir. Kalsium da sümükləri bərkidir. Qış fəslində bizim orqanizmimizin buna böyük ehtiyacı var”,- deyə Ləman Süleymanova vurğulayır.
Yəni həkimin təsvir etdiyi və qatıq istehsalı üçün adambaşına gündə 600 qram süd yönəldildiyi ideal istehlak mənzərəsində Azərbaycanda 1,97 milyon ton süd qatıq istehsalında işlədilməli idi. Amma reallıqda 0,119 milyon ton süd bu məqsədlə istifadə edilir. Deməli, qatıq istehlakı üzrə orta göstəricimiz ideal vəziyyətdən 16 dəfə aşağıdır. Bu məsələnin ən arzu olunmayan tərəfi şəhərlərdə yaşayan əhalinin qatıq istehlakının, ümumiyyətlə, sıfır səviyyəsində olmasıdır. Azərbaycanda qatığı əsasən inəyi olan kənd ailələrində istifadə edirlər. Statistikaya görə, 2012-ci ildə ölkədə 2,23 milyon ton süd ekvivalentində süd və süd məhsulları istehlak edilib. Ölkənin öz istehsalı isə cəmi 1,72 milyon ton süd olub. Deməli, ölkənin süd emalı zavodları keçən il 0,5 milyon ton süd ekvivalentində süd məhsulunu, o cümlədən qatığı quru süddən istehsal edib.
Dietoloq Ləman Süleymanova isə quru süddən istehsal edilmiş qatığı saxta məhsul sayır, çünki tərkibində canlı bifido-bakteriyalar olmur. Yəni kəndlərdə az da olsa istehsal edilən yararlı məhsul şəhərlərə çatmır və Dövlət Baytarlıq Xidmətinin bəzən də haqlı baytar arayışı tələbi bu məhsulun Bakı və iri şəhərlərin bazarlarına girişini daha da çətinləşdirir.
Amma keçmiş sovet təcrübəsini, qardaş Türkiyədə və bir sıra Şimali Avropa ölkələrində tətbiq edilən praktikanı nəzərə almaqla vəziyyəti ildən ilə düzəltmək olar. Yəni kəndli ilə şəhər bazarları arasında daim fəaliyyət göstərən və sovet illərinin “Azərittifaqı”na bənzər təchizat şikrətləri yaradılmalıdır ki, Dövlət Baytarlıq Xidməti ilə də bütün əngəlləri bu qurum rahatlıqla aşa bilər. Yəni Xidmət mütəmadi olaraq gətirilən məhsulun monitorinqini apara bilər, təchizat təşkilatı isə isə daima kəndlidən müasir qablaşdırma ilə götürdyü və üzərində öz etiketi olan məhsulların keyfiyyətini nəzarətdə saxlaya bilər. Gəlir isə Şimali Avropanın əfsanəvi şəhid lideri Uolf Palmanın təbirincə 70% + 15% + 15% nisbətində bölünər. Yəni 70% kəndliyə, 15% təchizat şirkətinə, 15% isə mağazalara qalar. Bu, Azərbaycan kəndini daha çox süd istehsalına rəvac verə bilər. Hər halda, indi Bakıda kənd qatığının litri 1,2 manatdır, kəndlərdə isə 20-30 qəpiyi keçmir -alverçilər dükanlara qatığı 3-4 dəfə baha qiymətə paylayırlar.
Bu məsələdə təchizat şirkətlərini yaratmağı stimullaşdırmaqdan başqa, rəsmi qurumların bir dəstəyi də ola bilər - hökumət sadəcə südçülüq sektorunda giqantamaniyadan əl çəkməlidir və yerlərdə nəhəng südçülük zavodlarının açılması barədə raportları dayandırmalıdır. Əsasən quru süddən məhsul “qayıran” o zavodların Bakıdakılardan fərqi sadəcə coğrafi yerləşməsindədir. Əvəzinə o müəssisələr bütün rəsmi və qeyri-rəsmi üsullardan istifadə edərək bazara kəndlərdən gətirilən keyfiyyətli məhsulun yolunu bağlamağa çalışırlar ki, öz məhsullarını itələsinlər.

Çingiz Rüstəmov