Ərdoğan sərvətini açıqladı
Ərdoğan sərvətini açıqladı

Türkiyənin baş naziri, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanın əmlakı açıqlanıb. AK partiyanın mətbuat katibi Hüseyin Çelik Ərdoğanın əmlakının "Başbakanlık.gov.tr" saytında qoyulduğunu bildirib.

Həmin saytda 2011-ci il iyunun 16-a olan məlumata əsasən, baş nazirin Güneysu-Dumankaya kəndində 10 min lirə dəyərində 2000 kvadratmetrlik torpaq sahəsi, banklarda 3.390.384 lirə, 25000 funt sterlinq və 199.867 dollar əmanəti və 500000 lirə alacağının olduğu yazılıb.
Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu Ərdoğandan əmlakını açıqlamasını tələb edib.

Avropa Birliyi Türkiyədəki istefalardan narahatdır

Avropa Birliyi Türkiyədə polis məmurlarının işdən çıxarılması üçün böyük narahatlıq keçirir.
Rusiya mətbuatının verdiyi məlumata görə, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Olivye Bayn bildirib. Onun sözlərinə görə, Türkiyə Avropa birliyinə üzv olmaq üçün bir namizəd kimi üzərinə düşən hüququ dövlət prinsiplərinə riayət etməli, bəzi rəsmilərin cinayət işlərini qərəzsiz araşdırmalı və ayrı-seçkiliyə yol verməməlidir.
Xatırladaq ki, Türkiyə rəhbərliyi son günlər Ankara polisinin 350 əməkdaşını işdən çıxarıb. Medianın yazdığına görə, bu, dekabrın 17-də ölkədə keçirilən "Böyük rüşvət" əməliyyatı ilə bağlıdır.

"Böyük rüşvət işi"ndə
ilişən iş adamı haqqında ilginc faktlar!

Türkiyənin ən varlı 10 adamından biri, inşaat mogikanı, sevgi macəraları, avtomobil hobbisi və "Yapdım, olacaq" devizli reklam çarxları il tanınan Əli Ağaoğlu son günlər rüşvət qalmaqalı və həbs xəbəri ilə gündəmdədir. "Forbes"in 2013-cü il mart ayında açıqladığı rəsmi məlumatlara əsasən 2,7 milyard dollar sərvət sahibi olan Ağaoğlu haqqında maraqlı faktları təqdim edirik.
Əli Ağaoğlu 1954-cü il martın 3-də Trabzonun Of rayonunda dünyaya gəlib. Atası Mithat Ağaoğlu paytaxt İstanbulda inşaat sektorunun tanınan simalarından idi. Atasının təsiri və tələbi ilə məktəbdə oxuyan Əli, təhsili ilə yanaşı hələ yeniyetməlik illərindən inşaat işi ilə məşğul olub, tikinti obyektlərinə nəzarət edib. 1975-ci ildə atasının səhhətində yaranan ciddi problemlərdən sonra 11-ci sinifdə təhsil alan Ağaoğlu atasının istəyi ilə məktəbi yarımçıq qoyub, ailə biznesinin başına keçib. 2 il ərzində, az yaşına və təcrübəsinə baxmayaraq atasının qurduğu şirkəti məharətlə idarə edib.
Sərt və mühafizəkar xarakterə malik atası ilə yaşadığı çəkişmələr və fikir ayrılıqlarından sonra, 1977-ci ildə ailəsinin yanından ayrılıb, İstanbula gəlib. İllər öncə, 1946-cı ildə Ofdan İstanbula gəlib hər şeyi sıfırdan başlayan atası kimi, Əli Ağaoğlu qısa müddət ərzində Türkiyənin inşaat, turizm və xidmət sektorunun parlaq simalarından birinə çevrilib. Bu günə qədər qazandığı bütün uğurlarına və dəyəri milyard dollarlarla ölçülən sərvətinə görə atasına, atasının ona aşıladığı məsuliyyət və dəqiqlik prinsiplərinə borclu olduğunu deyir: "Ən böyük idealım atamdır. İşləmək əzmini, sağlam rəqabəti və riskə getməyi ondan öyrənmişəm. Atamın "pulu başının üstünə qoysan, səni alçaldar, amma pulu ayağının altına qoysan, səni ucaldar" sözü mənim həyat fəlsəfəmə çevrilib..."
80-ci illər Türkiyənin inşaat sektorunda böyük canlanma var idi. Hündür mərtəbəli binalar, dəbdəbəli yaşayış kompleksləri yeni-yeni dəbə minirdi. 1981-ci ildə bu tip yaşayış komplekslərinin tikintisinə start verən Ağaoğlu şirkəti xüsusən 1990-cı illərdə başladığı "My World", "My Towerland", "Eltes Gold Residence", "Eltes Güneşi", "My Roseville", "My Town", "My Country", "My Dream", "My Home", "My Village", "My City" kimi layihələri ilə Türkiyənin inşaat sektorunun gələcəyini müəyyənləşdirən ada, brendə çevrilib.
İnşaat sektorunda bu günə qədər 5 milyon kvadrat metrdən çox ərazidə tikinti işləri aparan, satışını reallaşdıran Ağaoğlu İstanbuldakı nəhəng layihələri ilə ümumilikdə 20 mindən çox binanın tikintisinə imza atıb. Son illər Türkiyə ilə kifayətlənməyən Ağaoğlu Dubayda dəbdəbəli binalar tikməklə məşğuldur.
Uludağ qış turizm rayonunda ("Ağaoğlu My Resort", "My Mountain") və Türkiyənin nəhəng turizm mərkəzlərində inşa etdirdiyi Ağaoğlu otelləri ilə Əli Ağaoğlu turizm sektorunun da uğurlu simalarından biridir.
Ötən il Türkiyənin digər nəhəng tikinti şirkəti DAP Yapı ilə ortaq layihələrə imza atan Ağaoğlu indi də İstanbulda yeni yaxta limanının tikintisi ilə məşğuldur.
Hər zaman artan xətlə inkişaf etməyən, uğurlarla yanaşı, uğursuzluqlar da yaşayan Ağaoğlu şirkəti bütün bu iqtisadi böhran və çətinliklərdən gec ya tez, amma çıxmağı bacarıb: "Həmişə pul qazanmaq mümkünsüzdür. Buna görə də pulu deyil, müştərini düşünməli, müştərinin ehtiyacları və tələbatlarını ödəməlisiniz. 2001-ci il böhranı zamanı bütün layihələr dondurulduğu bir vaxtda biz dayanmadan 5 layihəyə imza atdıq və 2 mindən çox bina satdıq. "Böhran illərində satış olmur" streotiplərini dağıtmağı bacardıq. Həm biz, həm də müştərilərimiz qazandı. Risk etmək heç vaxt gec deyil".
300 memar və minlərlə mühəndis ordusu ilə gündə 15-17 saat işləyən Ağaoğlu şirkətə hamıdan əvvəl gəlir, olduğu kimi görünməyə və işçiləri ilə səmimi olmağa çalışır. "Olduğum kimi görünürəm. Ənənəvi rəhbər, müdir stereotiplərini dağıtdığımı düşünürəm. Tikintidə çalışan adi fəhlə ilə söhbətdən də zövq alıram. Türk cəmiyyətində belə bir fikir var ki, varlı adam pis adamdır. Onların fikrincə, varlılar qapalı yaşamağı, cəmiyyətdən uzaq olmağı sevir. Mən elə deyiləm, maşınımı özüm sürürəm, hər zaman insanların içərisində oluram və tanımadığım insanlarla belə uzun-uzadı söhbət etməkdən doymuram".
Holdinqin arxa bağçasında yaratdığı xüsusi ərazidə ceyran, tovuz quşu və kəklik saxlayan Ağaoğlu təbiəti çox sevir və müəllifi olduğu bütün layihələrdə ətraf mühitin təmizliyi və qorunmasına xüsusi diqqət ayırır.
Şirkətin reklam çarxlarında rol almaqla xalq ilə yaxın və isti münasibət quran Ağaoğlunu medianın dostu adlandırmaq olar.
Onun haqqında çox zaman "iş yox, şou-biznes adamıdır" deyirlər. Çünki Ağaoğlu iş həyatı və layihələri ilə yanaşı, şəxsi həyatı və lüks avtomobil sevgisi ilə tez-tez gündəmə gəlir.
Şirkətin həyətində "Ferrari", "Tesla", "Lamborghini", "Rolls Royce" və "Bentley" kimi onlarla klassik və idman stilində olan 10 milyon dollar dəyərində maşınların yer aldığı qaraj var. Maşın kolleksioneri olan və bütün maşınlarına "AGA" nömrəsi taxan iş adamı bu nömrələri tapmaq üçün bəzən saatlarla yol gedir, nömrə sahiblərini satmaq üçün razı salır: "Qadınlar olmasa, həyat çox standart və darıxdırıcı olardı. Qadınsız həyatı təsəvvür etmək belə istəmirəm. Hər şeydən əvvəl analarımız var, analarımız olmasaydı, biz də olmazdıq. Allah nə yaxşı ki, qadınları yaradıb. Hobbilərim isə o qədər də çox deyil. Amma etiraf edim ki, maşın xəstəsiyəm. Maşını da həmişə özüm sürürəm. Yaxşı və keyfiyyətli şeyləri sevirəm. Maşına və geyimlərimə çox pul xərcləyirəm".
Murad İbrahimli