Oqtay Şirəliyev rayon xəstəxanalarındakı korrupsiya şübhəsindən xəbərdardırmı?
Oqtay Şirəliyev rayon xəstəxanalarındakı korrupsiya şübhəsindən xəbərdardırmı?

Bununla bağlı səsləndirilən ittihamlar bir qayda olaraq cavabsız qalır

Azərbaycanın bir çox rayonlarının mərkəzi xəstəxanalarında büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə dair şübhələr var. Bu isə ortada iri məbləğlərlə müşahidə olunan korrupsiya hallarının baş verdiyinə dair ehtimallara yol açır.

Son vaxtlar mətbuatda bununla bağlı bir çox faktlar səslənməkdədir. Məsələn, ötən ay demokratiya.org saytı Yevlax rayon Mərkəzi Xəstəxanasına ayrılmış 500 min manatın xərclənməsi ilə bağlı maraqlı məqamları üzə çıxarmışdı. Yazılanlardan belə məlum olurdu ki, adıçəkilən Mərkəzi Xəstəxananın cari təmir işləri üçün "Osmanoğlu" MMC-yə 19800 manat ayrılıb. Ardından əsaslı təmir işlərinin aparılmasına da 73 min manat ayrılıb ki, onu da eyni şirkət reallaşdırıb. Azərbaycan reallığında isə təmir işlərinin yeyinti üçün ən münbit vasitələrdən biri olduğu şübhəsizdir.
Sözügedən Mərkəzi Xəstəxana yumşaq inventarların satın alınması üçün nə az, nə çox, 42 min manat, avadanlıqların satın alınmasına 72100 manat, eyni vaxtda inventarların satın alınması isə 74600 manata başa gəlib ki, bu böyük rəqəmlər də şübhələrə yol açır.
Ən təəccüblü rəqəmlər isə dəftərxana ləvazimatları və ərzaq məhsullarının alınması zamanı ortaya çıxır; belə ki, "Planet 2013" MMC tərəfindən dəftərxana ləvazimatları və təsərrüfat materiallarının satın alınmasına nə az, nə çox, düz 39850 manat sərf olunub! Ərzaq mallarının alınması üçün isə "Avalon-12" adlı MMC-yə 94205 manat ayrılıb. Halbuki Yevlax şəhər Mərkəzi Xəstəxanasında xəstələr bir qayda olaraq yaxınlarının, ailə üzvlərinin gətirdikləri qidaları, meyvə-tərəvəzi qəbul edir.
Maşın və avadanlıqların satın alınması üçün sərf olunmuş 46400 manatın, avtomobil ehtiyat hissələrinin satın alınması üçün isə 10240 manat sərf edilməsi də şübhəli görünür.
Son bir neçə ayda mətbuatda həmçinin Ağdam, Qazax, Şəmkir, Goranboy, Bərdə kimi rayonların da Mərkəzi Xəstəxanalarının adı korrupsiya ilə bağlı kifayət qədər hallanıb. İnternetdə kiçik bir axtarış kifayətdir ki, adıçəkilən və çəkilməyən bir çox rayonlarda yerli sakinlərin Mərkəzi Xəstəxanalarda üzləşdikləri qanunsuzluq və özbaşınalıq halları ilə bağlı kifayət qədər şikayət xarakterli müraciətləri ilə qarşılaşasan.
Qeyd etmək lazımdır ki, əvvəlki illərlə müqayisədə hökumət rayon Mərkəzi Xəstəxanalarının istər tibbi avadanlıqlarla təchizatında, istərsə də yüksək təmirli binalarla təminatında xeyli məsafə qət edib. Hazırda əksər rayonlarda Mərkəzi Xəstəxanaların nə uçuq-sökük binalarda yerləşdiyini görmək olar, nə də sovet dövründən qalma müayinə-müalicə avadanlıqlarını.
Bu təqdirəlayiq haldır. Amma təəssüf doğurur ki, bu irəliləyişlərə rəğmən rayonlarda həkim terrorunun qurbanına çevrilən, oradakı müayinə və müalicənin effektsizliyindən, səhv diaqnoz qoyulub düzgün müalicə aparılmamasından gileylənən, Bakıya, bu da kifayət etməyəndə İran, Gürcüstan, Türkiyə, Rusiya kimi qonşu ölkələrə üz tutan xəstələrin sayı nəinki azalır, hətta artır.
Bu da bir çox rayonların Mərkəzi Xəstəxanalarında rüşvət və korrupsiyanın dözülməz həddə çatmasının məntiqi yekunlarından biridir.
Eyni zamanda təəssüfləndirici haldır ki, Səhiyyə Naziri rayon Mərkəzi Xəstəxanalarının maddi-texniki təchizatındakı müəyyən irəliləyişləri kölgədə qoyan hərəkətlərə yol verilməsinə, mətbuatda həmin xəstəxanalarla bağlı davamlı şəkildə korrupsiya ittihamlarının səsləndirilməsinə həssaslıq nümayiş etdirmir. Ekspertlər də hesab edir ki, Oqtay Şirəliyevin nazirliyi bəzi rayon Mərkəzi Xəstəxanalarında baş verən neqativliklərə
obyektiv və operativ münasibət sərgiləyərsə, bu, Azərbaycan səhiyyəsinin problemlər məngənəsindən qurtulmasında faydalı addımlardan biri olardı.
Elə biz də bu cür düşünürük.
Günel Əkbər