Müxalifət düşərgəsində nə baş verir?
Müxalifət düşərgəsində nə baş verir?
Yaxud kim kimdən nə umur?

Müsavat Partiyasının Milli Şuradan çıxmaq barədə qərarı ölkə mətbuatında gen-bol şəkildə müzakirə edilməkdədir. Müsavatçılar növ-növ üsullarla haqlı olduqlarını sübut etməyə çalışır, AXCP-çilər isə növ-növ üsullarla onların yanlış qərar qəbul etdiklərini sübut etməyə cəhd edirlər. Və hər iki tərəfin söz cəbbəxanası kifayət qədər zəngindir. Necə deyərlər, onların yazılarını oxuyarkən darıxmırsan - təhqir, ittiham, olan və olmayan detallar...
Fikrimizcə, bu dartışmaların gedişatında incə bir məqam nəzərdən qaçırılır: hansısa bir qərarın qəbul edilməsi və icrası Müsavatın (o cümlədən istənilən siyasi qurumun) özəl hüququdur və dartışdırıla bilməz!
Bəs əvəzində nə baş verir? Ölkəni demokratikləşdirmək naminə özlərini yeganə qüvvə kimi təqdim edən müxalifət mənsubları seçimə sayğı ilə yanaşa bilmədiklərini sərgiləyirlər.
Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, AXCP-nin lideri Əbülfəz Elçibəyin vəfatından sonra Müsavatla AXCP arasında müxalifət düşərgəsindəki birincilik uğrunda ölüm-dirim savaşı başlandı. Bu rəqabət həm Demkonqresdə, həm SİDSU-da, həm də Azadlıq blokunda zaman-zaman ən müxtəlif formalarda meydana çıxmağa başladı.
İctimai Palatada gedən açıq rəqabət də uzaq zamanın işi deyil və hamının yadındadır. Amma prezident seçkiləri öncəsi ölkədə siyasi proseslər elə şəkildə davam etməyə başladı ki, Rüstəm İbrahimbəyovun Milli Şurasının yaranması Müsavat-AXCP qarşıdurmasını arxa plana keçirtdi. Amma bu, çox çəkmədi. Milli Şuranın ehtiyat vahid namizədi Cəmil Həsənli seçkilərdə məğlub olandan sonra savaş yenidən qızışdı... Nəticəsi isə göz qabağındadır.
Bizim üçün maraqlı olan başqa bir çalardır. Müsavat Partiyası Milli Şuradan getməklə sərgiləməyə çalışır ki, müxalifət düşərgəsində ən real qüvvə odur. O olmayan yerdə real siyasi gücdən danışmaq mənasızdır.
(Əsil həqiqət isə bundan ibarətdir ki, müxalifət partiyalarının heç biri real sosial bazaya və gücə malik deyil. Onların təşkil etdikləri kütləvi etiraz aksiyalarına qatılanların sayı da bundan xəbər verir. Bu müxalifət dekorativ naxışlar təşkil etməkdən artıq bir gücə sahib deyil və bunu özləri də bilir.)
Amma mötərizədəki qeydlərimizi bir kənara qoyub AXCP-nin nə istədiyini izah etməyə çalışanda fərqli bir mənzərə alınır. Yuxarıda qeyd etdiyimiz kimi, bu iki partiya həmişə birincilik uğrunda mübarizə aparıb.
Necə deyərlər, Müsavat Partiyası Milli Şuranı tərik edib? Çox əcəb! Buyursun AXCP digər müxalifət partiyalarını da başına yığıb ən real siyasi qüvvə olduğunu sübut etsin! Meydan qalıb ona...
Amma biz bunu da görmürük. AXCP-nin fəryadı, əslində, "Niyə bizi tək qoydun?" harayıdır.
Əgər AXCP Milli Şuranı tərk edib bir kənara çəkilsəydi, o zaman Müsavat Partiyası da hay-haray salmağa başlayacaqdı ki, "AXCP siyasi kursunu dəyişdirib və konstruktiv müxalifət rolunu oynamağa hazırlaşır".
Başqa bir çalar... Klassiklərdən tutmuş liberallara qədər, millətçilərdən tutmuş sosdemlərə qədər (əslində, bu adlar şərtidir, bu ölkədə nə sosdem var, nə millətçi, nə liberal, nə də müsavatçı) hamı açıqca və yaxud gizlində deyir ki, Müsavat Partiyası iqtidarla separat danışıqlara gedib və 2015-ci ilin parlament seçkilərində mandat əldə etmək üçün Milli Şuranı tərk edib. Və bu da əlavə olunur ki, Müsavat Partiyası həmişə müxalifət daxilində dağıdıcı rol oynayıb və bununla da hakimiyyətin maraqlarına xidmət edib.
Bu fikrin nə dərəcədə həqiqət olub-olmadığını müsavatçıların və digər müxaliflərin öz vicdanlarına buraxaq.
Bu fikrə həm inanırıq, həm də inanmırıq. Amma Müsavat Partiyası, liberalların rəhbəri Əvəz Temirxan demişkən, Prezident Aparatının bir qanadıdırsa, o zaman digər müxalifət partiyaları niyə onunla İctimai Palatada, Milli Şurada əməkdaşlıq edirdi?
Müsavatın funkisonerləri satqındırlarsa, sadiq müxalifətçilərin onlarla zaman-zaman bir arada, bir formatda təmsil olunmasını necə anlayaq?
Və ən qəribəsi budur ki, bu müxaliflər bir-birlərini ittiham edərkən elə tonla, elə ifadələrlə danışırlar ki, iqtidarın ünvanına heç zaman bu cəsarətlə danışmayıblar...
Bütün bunalrı düşünəndən sonra bu qənaətə gəlirsən: bu adamlar elə bir müxalifətçilik modeli yaradıblar ki, cəmiyyət "müxalifət" anlayışına ikrahla yanaşsın və həmişə fatal bir əhavli-ruhiyyənin köləliyində qalsın...
Savalan