Laçın köçkünləri Avropa Məhkəməsində Ermənistana qarşı
Laçın köçkünləri Avropa Məhkəməsində Ermənistana qarşı

Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarların icrası Ermənistan üçün məcburidir

Avropa İnsan Haqları Məhkəməsi yanvarın 21-də Azərbaycan vətəndaşı Çıraqovun Ermənistan Respublikasına qarşı qaldırdığı iddiaya baxacaq. Laçın rayonundan məcburi köçkün olan 6 iddiaçı-Fəxrəddin Paşayev, Ramiz Cəbrayılov, Sağatel Cəbrayılov, Akif Həsənov, Adışirin Çıraqov və Elxan Çıraqov işğalçı Ermənistan tərəfindən onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsini tələb edib.
Laçınlıların şikayət məktubunda yer alan əsas müddəalardan biri onların doğma torpaqlarına qayıtmaq tələbidir. Onlar həmçinin məhkəmədən ermənilərin Azərbaycana və digər azərbaycanlılara vurduğu maddi-mənəvi ziyanın ödənilməsini də tələb ediblər.
Bu faktın Azərbaycanın haqq işi üçün, yəni Dağlıq Qarabağ probleminin həlli fonunda önəmini araşdırmaq üçün ekspertlərə müraciət etdik.
Tanınmış hüquqşünas Fuad Ağayev mövzu ilə bağlı “Unikal”a açıqlamasında bildirdi ki, “Həm Azərbaycan, həm də Ermənistan respublikaları Avropa İnsan Haqları Məhkəməsinin yuridiksiyasına daxildir. Qeyd edim ki, Azərbaycan İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Konvensiyasına qoşulmuşdur. Konvensiya Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Avropa Şurasına üzv olma ərəfəsində - 25 yanvar 2001-ci ildə Strasburqda imzalanmış və 25 dekabr 2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. Azərbaycan Respublikası tərəfindən İnsan Hüquqları haqqında Konvensiyanın ratifikasiya edilməsilə bağlı sənəd Avropa Şurasının Baş Katibinə təqdim edilmiş və 15 aprel 2002-ci ildə depozitə edilmişdir. Həmin tarixdən etibarən respublikamızın yurisdiksiyası altında olan hər bir şəxsin Avropa İnsan Hüquqları Məhkəməsinə Konvensiya ilə müəyyən edilmiş şərtlər daxilində müraciət etmək hüququ yaranmışdır. Bununla əlaqədar olaraq ölkə ictimaiyyətinin Strasburq məhkəməsinə marağı artmışdır. Laçın qaçqınlarının da bu məhkəmədə Ermənistana qarşı qaldırdığı iddia bu motivlərdən güc alıb. Bu fakt özlüyündə bir presedent kimi diqqətəlayiqdir”.
Hüquqşünasın sözlərinə görə, “Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarlar və yaxud hökmlər həm Azərbaycan, həm də Ermənistan üçün məcburidir. Buna görə də Laçın qaçqınlarının iddiaları əsasında çıxardılacaq qətnamə Ermənistan tərəfindən hökmən və məcburi qaydada icra ediləcək. Məndə olan məlumata görə, digər qaçqınlarımız da eyni iddia ilə Avropa Məhkəməsinə müraciət ediblər. Avropa Məhkəməsi yanvarın 21-də çıxardacağı qətnaməni avtomatik şəkildə həmin iddialara da şamil edəcək”.
Müstəqil hüquqşünas Namizəd Səfərov “Unikal”a verdiyi açıqlamada bildirdi ki, “Laçın qaçqınlarının Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırdığı iddianı çox düzgün və təqdirəlayiq hal hesab edirəm. Lakin düşünürəm ki, bu addım lap çoxdan və kütləvi şəkildə atılmalıydı. Çünki Avropa İnsan Haqları Məhkəməsində baxılmalı işlər çox olduğundan baxılma növbəsi çox gec yetişir. Həm də vaxtında müvafiq hökumət strukturları bu cür iddiaların qaldırılmasını kütləvi şəkildə etməliydilər ki, beynəlxalq aləmdə konkret hüquqi və siyasi dəyər alması üçün zəmin yaransın. Bununla belə hesab edirəm ki, yenə də gec deyil. Laçın rayonunun işğalından iyirimi ildən çox müddət keçsə də, yurd-yuvasından, mülkündən məhrum olmuş vətəndaşlarımızın təzminat ala bilməsi üçün real şanslar yaranacaq”.
Hüquqşünasın fikrincə, “Deyirik ki, bir milyondan çox qaçqınımız var. Amma gəlin, görək, onların hüquqlarının bərpa edilməsi üçün hansı işləri görməyə cəhd etmişik? Zamanında bütöv kəndlərin, rayonların Ermənistanın təcavüzü nəticəsində qaçqın düşmüş sakinlərinin adından kütləvi şəkildə bu cür iddia ərizələri təşkil etmək Dağlıq Qarabağ probleminin həll edilməsində olduqca pozitiv rol oynaya bilərdi. Bir hüquqşünas kimi bu fikirdəyəm ki, hələ də gec deyil. Hökumətin müvafiq strukturları bu istiqamətdə intensiv şəkildə iş aparmalıdır”.
Nurlan Gündüzlü