Müdafiə Nazirliyinin Axtarışda olan sabiq əməkdaşı Moskvada saxlanılıb
Müdafiə Nazirliyinin Axtarışda olan sabiq əməkdaşı Moskvada saxlanılıb

O, dələduzluqda ittiham olunur

Beynəlxalq axtarışda olan Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı Rusiya paytaxtının "Domodedovo" hava limanında saxlanılıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

O, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən dələduzluq ittihamı ilə axtarışa verilib. O, 2010-cu ildə Müdafiə Nazirliyində çalışarkən xidməti vəzifəsindən istifadə edərək saxta mühasibatlıq sənədləri əsasında dövlətə, təxminən, 125 min dollar miqdarında ziyan vurmaqda ittiham olunur. 2011-ci ildə həmin şəxs saxta sənədlərlə Rusiya sərhədini keçib və İrkutsk vilayətinin Nijneudinsk rayonunun Xudoelansk kəndində fəhlə kimi işə düzəlib. İrkutsk polisi onun şəxsiyyətini müəyyənləşdirdikdən sonra Azərbaycan vətəndaşı gizlənməyə çalışıb və Moskvaya uçaraq oradan Rusiyanı tərk etməyə cəhd göstərib. İrkutsk polisi bu barədə Rusiya DİN-in "Domodedovo" aeroportundakı idarəsinə məlumat verib və azərbaycanlı hava limanında saxlanılıb.
Azərbaycan Müdafiə Nazirliyi Rusiyada həbs olunan keçmiş hərbi qulluqçu barədə açıqlama verib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Rusiyada tutulan keçmiş hərbi qulluqçu, Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Yadigarov İlqar Heydər oğludur. O, 1986-cı ildə Yaroslav Ali hərbi Maliyyə Məktəbini bitirib. 4 aprel 2011-ci ildə isə xidməti uyğunsuzluğuna görə Silahlı Qüvvələr sıralarından tərxis olunub. İ. Yadiqarov Müdafiə Nazirliyinin əməkdaşı olmayıb, Silahlı Qüvvələrin müxtəlif hərbi hissələrində çalışıb.
İ. Yadigarovun ittiham olunduğu maddələr açıqlanıb. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə təqsirləndirilir.
Azərbaycan hüquq-mühafizə orqanları ötən ilin noyabrında onun tutulması üçün İnterpola müraciət.