Müsavat – AXCP qarşıdurması Əli Kərimlini ifşa etdi
Müsavat – AXCP qarşıdurması Əli Kərimlini ifşa etdi


AXCP sədrinin xəyanətləri xatırlanır; AXCP düşərgə daxilində sərt ittihamlarla üz-üzə qalıb

Əslində gözlənilən idi. Hələ sonuncu prezident seçkiləri ərəfəsində, müxalifət düşərgəsindəki pafos və eyforiyanın pik həddə olduğu dövrlərdə ekspertlər seçkilərdən dərhal sonra hər şeyin tərsinə olacağını, Milli Şuranın dağılacağını proqnozlaşdırırdılar. Doğurdan da bu düşüncədə olanların proqnozları özünü tam olaraq doğrultdu. Amma proqnozlaşdırılmayan bəzi nüanslar da yox deyil, məsələn kimsənin ağlına da gəlməzdi ki, seçkilərdən bir neçə ay keçdikdən sonra ən yaxın müttəfiq sayılan, Milli Şuranın “qaymaqları” hesab edilən AXCP və Müsavat funksionerləri bir – birinə hətta qurşaqdan aşağı zərbələr də vuracaqlar.

Qarşılıqlı ittihamlar və təhqirlər necə başladı?

Hər şey son prezident seçkilərində müxalifətin aparıcı birliyi olan Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin məğlubiyyətindən başladı. Düzdür, ilkin vaxtlar özlərini bir qədər tox tutaraq hansısa saxtakarlıqdan və ya “mənəvi qələbə”dən ağız dolusu danışdılar. Amma bütün eyforiya səngidikdən və necə deyərlər, daşlar bir birinin üzərinə tam oturduqdan sonra gözlənilən ziddiyyətlər meydana çıxmağa başladı. Hər şey isə Müsavat partiyasının Milli Şuradan çıxmaq istəyi ilə başladı. Milli Şuranın bir seçki bloku olduğunu və bu blokun artıq öz işini yekunlaşdırdığını iddia edən Müsavatdan fərqli olaraq AXCP müttəfiqinin bu addımını “top-tüfənglə” qarşılamağa və müsavatçıları xəyanətdə ittiham etməyə başladı.
Başda İsa Qəmbər olmaqla bütün Müsavat personalına qarşı yönələn təhqir, təhdid və şantajlarda ən çox “pay alan” isə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu oldu. Səbəb isə aydın idi: Rauf Arifoğlu Müsavat cinahında azsaylı şəxslərdən idi ki, hətta ilk vaxtlardan Milli Şura ideyasına isti yanaşmamış və Rüstəm İbrahimbəyova qarşı fikirlər işlətmişdi. Baş redaktor hələ o vaxtlar bu şəxsin müxalifəti birləşdirmək keyfiyyətlərinin olmadığını açıq şəkildə bildirmiş və seçkidən sonra mövqeyinin nə qədər haqlı olduğunu ictimailəşdirməyə çalışmışdı. Müsavatın Milli Şuranı tərk etməsinin ardınca Rauf Arifoğlunun öz ifadəsiylə desək, Əli Kərimlinin zombi dəstələrinin onu hədəfə alması da təsadüfi deyildi. Amma Rauf Arifoğlu bütün bunları cavabsız buraxmadı və Əli Kərimlinin bütün tarixi xəyanətləri bu dəfə onun qələmindən çıxaraq ictimaiyyətə təqdim olundu. O, bir müddət baş verənlərlə bağlı susmağa üstünlük versə də son yazısı ilə səbrinin hüdudsuz olmadığını da şəxsən Əli Kərimlinin diqqətinə çatdırdı.

Rauf Arifoğlu:
“Əli Kərimli
dözəmməyəcək,
çatlayacaq, əminəm”

Baş redaktor isə indi təqdim edəcəyimiz yazısı ilə necə deyərlər, son nöqtəni qoymuş oldu. “Unikal”qəzeti olaraq Rauf Arifoğlunun böyük qalmaqal yaradacaq həmin yazısından bəzi hissələri olduğu kimi oxucularına təqdim edir:
“Əli Kərimli bütün potensialını üstümə salıb. Sağ ikən özünü, öləndən sonra ruhunu incitdiyi Elçibəyi mənə qarşı apardığı öz çirkin kampaniyasına alət edib... Ondan mötəbərliyi şübhəli olan sitatlar düzəldib, sanki Bəydən mənə qarşı ifadə alıblarmış kimi, veriblər “Azadlıq”a... Elçibəyin Əli Kərimli haqda Kələkidə və Bakıda mənə dediklərini yaxın günlərdə dərc edəcəm. Dözəmməyəcək, çatlayacaq, əminəm... Onun məni iki dəfə Baş prokurora şikayət etməsinin səbəbini və prokurorluq əhvalatlarının Bəylə bağlılığını da aça bilərdim... Elçibəy ölən günü “Azadlıq” qəzetində onun haqqında çıxan o təhqiramiz, unudulmaz biabırçı məqalə də əlimin altındadır. Lakin bu hörmətli, sevimli lideri bir daha o yazı ilə incitmək istəmirəm. Xatırlayırsanmı, Əli Kərimli, o yazını? Onu kimin yazdığını da bilirsənmi? Bəs, niyə ayıbına kor olub, heç olmasa bu məqamın üstündən keçmirsən? Bu mövzu prinsipcə sənə sərf etmir, axı.
Hələlik Elçibəyin Kələkidə Arzu Səmədbəylinin, Oqtay Qasımovun, Əli Həziquliyevin yanında dediklərindən yalnız birini yada salıram: “Əli Kərimlinin bir əlindən Asim tutub, dartır hakimiyyətə tərəf. O biri əlindən də mən tutmuşam, dartıram özümə tərəf...Mənə bir az kömək edin, daha gücüm çatmır...” ( Kələki, 26 avqust 1997-ci il, saat 23.30. “Kələki gündəliyindən”...)
...Gözünü mənə nifrət elə bürüyüb ki, deyəsən mənim qəzetdə işlədiyimi də unutmusan? Mən partiya başqanıyam? Səni şiddətlə qınayıram, Əli Kərimli, mənə qarşı aylardır apardığın bu şantaj kampaniyasına görə! Bəlkə, bir az yavaşıyasan? Bunun sonu sənin üçün yaxşı görünmür; demədi demə...
Sənə e-posta ilə yazdığım son məktubum yadındamı? Unutma ki, artıq o dediyim son etap gəlib və daha aramızda heç bir körpü, heç bir mənəvi bağ, heç bir baryer qalmayıb. Bunun da suçu məndə deyil..”

“Bu nə rəzillikdir,
Əli Kərimli?”

Yarımbaşlığa çıxartdığımız fikir də Rauf Arifoğluna məxsusdur. Ötən gün baş redaktorun Mərdəkandakı bağının fotosunu çəkdirib onu şantaj etmək istəyən AXCP sədrinə hələlik son cavabıdır. Bunu da dərc edirik və düşünürük ki, Əli Kərimlinin bundan böyük ifşası ola bilməz. Siz də diqqətlə oxuyun, Rauf Arifoğlu Əli Kərimli və dəstəsini belə ifşa etdi:
“Səni və adamlarını bu iqtidardan, onun video görüntü terrorundan müdafiə edən bir qəzeti hədəfə aldığın yetmir, indi də öz aləmində gəlib guya mənim Mərdəkandakı evimi çəkib, öz aləmində məni şantaj edirsən? Əli Kərimli! Sən nə günə qalmısan! Özünü haraya qədər buraxmısan! Ev-eşik güddürürsən, qapı pusdurursan. Sənə ar olsun... Mən sənin evinin, mülkünün haqqında gedən o yazını dərc etmədim, qarşılığı budurmu? Yazdırmısan ki, Mərdəkanda villası var. Mərdəkanda evi, villası, hətta tövləsi olanın da ata-ba-atasına lənət olsun! Bunu bilib-bilməyərək yazanın da!
Lap bir də var! 10 dənədir, heç bir də deyil. Allah olmayanlara da nəsib etsin. 25 ildir qəzet redaktoruyam, 26 ildir siyasətdəyəm, müharibədə olmuşam, batalyonlar, özünümüdafiə dəstələri və həmin zamanlar bir dənə də qəzet qurmuşam... İndi də günün 18 saatını işləyirəm. 2005-in aprel ayından 2012 -nin may ayına qədər qəzetimin hər ay gəliri 10-12 min manat olub. Bəzən hətta 20 min qazançımız olan ay yaşamışıq! Düz 5 il 11 ay gəlirlə işləmişik. Və bütün bunlar şəffafdı, sənədlidi! Tiraj məlum, satış məlum, dövriyyə məlum. Evim, bağım, maşınım olmasın, istədiyin və təklif etdiyin bumu? Ölkənin ən böyük qəzetində 61 nəfər müxalifətçi ailəsinin təmsilçisi işləyir. Babat da maaş alırlar. Dostlarımı da bilirsən, hansılar ki, bəzilərini sənə tapşıranda gözünü qırpmadan onlardan yazmamaq üçün məndən açıq tekstlə rüşvət istəmisən! (Burada hələlik “stop” edirəm, bir daha qayıdacam bu mövzuya).
Bəs sən? Sənsə 21 ildi işləmirsən! O halda, sənin bu villan, milyonların, 250 min manata aldığın qərargahın haradandır? Üstəlik, ayda 2500 manat kirayə verib, ikinci bir qərargah da saxlayırsan”.

Tahir Kərimli:
“”Yurd” AXC-də “dövlət içində dövlət idi”

AXC sədri Əli Kərimliyə qarşı olan xəyanət ittihamının hansı dərəcədə doğru olmasını aydınlaşdırmaq məqsədilə AXC hakimiyyəti dövründə Ali Məhkəmənin sədri olmuş, o zaman siyasi oyunlardan tam xəbərdar olan Tahir Kərimliylə əlaqə saxladıq. Tahir Kərimli “Unikal”a verdiyi açıqlamada bildirdi ki, Müsavatın Milli Şuradan çıxması ilə AXC-çilərlə müsavatçılar arasında başlanmış soyuq savaş, əslində, indiyə qədər baş vermiş proseslərin nəticəsidir və bu savaşın kökü Elçibəy hakimiyyəti zamanı vəzifələr uğrunda başlanmış amansız “Yurd-Müsavat” rəqabətindən qaynaqlanır:
“Məlum olduğu kimi, Elçibəy hakimiyyətə gələndən sonra İsa Qəmbər AXC-dən ayrılıb Müsavat Partiyasına başçılıq etməyə başladı. Əli Kərimli isə həm AXC-də, həm də Elçibəyin komandasında “yurdçu”ların maraqlarını və mümkün qədər daha çox miqdarda hökumət postlarına yerləşdirilməsini güdürdü. O zamanlar ”Yurd” təşkilatı, faktiki olaraq, AXC-də dövlət içində dövlət kimi davranırdı və təsirli qüvvəyə çevrilmişdi.”
Keçmiş hərəkatçının dediyinə görə, hələ AXC hakimiyyəti dövründə bu qarşıdurmanın başlandığı və onun gələcəkdə ümumi işə ziyan vuracağı barədə AXC-nin o zamankı rəhbərliyinə xəbərdarlıq etmişdi: “Amma bu xəbərdarlıq nəzərə alınmadı. Görünür, bu konfliktin olması və müəyyən həddə qədər qızışması AXC rəhbərliyində müəyyən adamlara sərf edirdi. Nəticəsi isə göz qabağındadır”.
Fərəc Quliyev:” :-“ Əslində biz də illərlə bunu deyirik görünən odur ki, axırda hamı biz deyənə gəlir”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevdə “Unikal”a məsələ ilə bağlı maraqlı açıqlama verdi:-“ Əslində biz də illərlə bunu deyirik görünən odur ki, axırda hamı biz deyənə gəlir və kimin kim olduğunu görür. Xəyanətkarların kim olduğu gün kimi açıq ortadadı. Elçibəyə xəyanət edənləri də, dar gündə onun yanında olanları da xalqımz yaxşı tanıyır. Baş verən son hadisələrdən sonra isə hər şey daha qabarıq olaraq görsənməyə başladı. Mən vaxtımı, enerjimi bu kimi şeylərə xərcləmək istəmirəm. Onsuz da Əli Kərimli kimi xəyəanətkarlar gec-tez ifşa olunmalı idilər.”
Göründüyü kimi, Milli Şuranın dağılması prosesi heç də fəsadsız ötüşmür. Milli Şuranın uçan dağıntıları altında qalan isə AXCP sədri Əli Kərimlidir. Onun indiyə qədərki bütün siyasi xəyanətləri açıq tekstlə ifşa olunur, həm də keçmiş müttəfiqləri tərəfindən.

Seymur Quliyev