"Cəmiyyət demokratiyaya maraq göstərmir"
"Cəmiyyət demokratiyaya maraq göstərmir"

Asəf Quliyev: "Müxalifət düşərgəsində hakimiyyətin sızdırdığı kifayət qədər ünsürlər var"

Son günlərdə radikal müxalifət düşərgəsində, xüsusən də alovlanmaqda olan AXCP-Müsavat savaşı barədə suallarımızı "Xalq arzusu" hərəkatının rəhbəri Asəf Quliyev cavablandırır.

-Asəf bəy, Sizcə, bu gün tam şəkildə kəskinləşən Müsavat-AXCP qarşıdurmasının təməlində hansı maraqlar durur?
-Sözügedən durumu prezident seçkilərinin nəticələri ilə əlaqələndirmək yanlışlıq olardı. Bu qarşıdurmanın kökü dərinlərdən gəlir. Və bu amilləri bütün təfərrüatı ilə ortaya qoymağın xeyri də yoxdur. Ancaq bir məsələ də var ki, keçmişdə nələr baş veribsə, hamısı keçmişdə də qalıb. Hazırda hər iki partiyaya mənsub olan funksionerlərin siyasi təcrübəsi kifayət qədərdir, siyasi dünya görüşləri xeyli genişlənib. Yəni ölkənin indiki vəziyyətində bu cür qarşıdurmaya getməyə yaxşı hal kimi baxmıram. Sözsüz ki, iki aparıcı partiyanın bir-birinə qarşı bu cür ittihamlar irəli sürməsi cəmiyyətə kifayət qədər mənfi təsir göstərir. Bu hal təkcə AXCP ilə Müsavata yox, ümumiyyətlə, gələcəkdə istənilən hər hansı bir siyasi qüvvənin bu iki partiya ilə siyasi əməkdaşlıq meyllərinə də pis təsir göstərəcək. Belə hadisələr cəmiyyətin siyasi cəhətdən aktivləşməsinin qarşısının alınmasında da mənfi rol oynayır.
-Bildiyimə görə, Siz Əbülfəz Elçibəyin sovet vaxtı yaratdığı gizli "Varlıq" təşkilatının dönəmindən üzübəri gələn hərəkatçılardansınız. Sizcə, Azərbaycan müxalifətinin birlik cəhdləri niyə həmişə uğursuzluğa düçar olur, cəmiyyətin gözlədiyi səviyyədə qurulmur və istənilən nəticəni verə bilmir?
-Siyasi mübarizənin müxtəlif üsulları var. Məncə, son iyirmi ildə keçdiyimiz mübarizə yolunda taktiki gedişlərin düzgün müəyyən edilməməsi başlıca səbəb olub. Bu sıraya qarşıya qoyulan hədəfin tam şəkildə aydın olmaması da daxildir. Tutaq ki, hamı deyir ki, biz demokratiya istəyirik. Demokratiya anlayışı kifayət qədər dinamik, hər cür yozula bilən bir ifadədir və bəzən bu barədə yozumlar ona çox da yaxın gəlmir və cəmiyyət də buna maraq göstərmir. Bu durumda bütün məsələləri təkcə müxalifətin üzərinə qoymaq olmaz, təkcə onu günahlandırmaq olmaz. Hakimiyyətin də böyük təsiri və rıçaqları var. Onun müxalifəti aşağılamaq imkanları daha genişdir. Müxalifət barədə şayiələrin yayılması, əks-təbliğatın aparılması da öz işini görməkdədir. Eyni zamanda etiraf etmək lazımdır ki, müxalifət düşərgəsində hakimiyyətin sızdırdığı kifayət qədər ünsürlər də var. Bu adamların təsiri ilə müxalifətin hər hansı bir planının həyata keçirilməsində əngəllər meydana çıxır və yaxud hər hansı bir hədəfə çatmaqda yetərincə destruktiv rol oynayırlar. Müxalifətin indiki uğursuzluqlarının bir səbəbi də buradan qaynaqlanır. Mənə elə gəlir ki, müxalifətdə aparıcı adamların və partiya sədrlərinin bu cür məsələləri müzakirə edib vəziyyətdən çıxış yolları tapması, hakimiyyətin müxalifətə təsir imkanlarını neytrallaşdırma yollarını tapmaları çox vacibdir. Düşünmürəm ki, həyatda insanın öhdəsindən gələ bilməyəcəyi müşküllər ola bilər. Fikrimcə, müxalifət ötən ilin yazında cəmiyyətdə müəyyən bir tərpənişə nail ola bilərdi. Amma bunu etmədi. Sonradan da Milli Şurada baş verən proseslər, vahid namizədin vaxtında müəyyən edilməməsi cəmiyyətdə bir narazılıq yaratdı. Necə deyərlər, müxalifət cəmiyyəti özündən kənara itələdi. Buna görə də radikal müxalifətin prezident seçkilərində məğlubiyyətə uğrayacağı əvvəlcədən bəlli idi. Gerçəkliyə çevrilən də elə bu oldu.
-Radikal müxalifət prezident seçkiləri kampaniyası başlayandan və Milli Şurada birləşmək ideyası ortalığa çıxandan bəri kimi daha çox tənqid edib: öz həmkarlarını, yoxsa iqtidarı?
-Bəlkə də, bu barədə dəqiq statistika aparmaq olar. Amma hər halda bu bir real faktdır ki, müxalif həmkarlarım öz enerjilərinin əsas hissəsini bir-birlərini aşağılamağa yönəldiblər. Bunu danmaq olmaz. Milli Şura yaranan gündən qarşılıqlı ittihamlar daha çox oldu. Mən bu sözləri deyərkən deyirlər ki, AXCP-dən getdiyinə görə əleyhimizə danışır. İstər müxaliflərdən olsun, istərsə də cəmiyyətdən, məsələnin kökünü araşdırmadan kiminsə üstünə getmək olmaz. Baş verən proseslərin kökünü araşdırmasaq, reallığı dərk etməsək, hər hansı bir müsbət nəticə əldə edə bilmərik. Amma müxalifət də neçə illərdir ki, bu cür savaşları davam etdirir. 1998-də olub, 2005-də baş verib. Amma sonradan bu iki partiya yenə də bir yerdə olub. Amma dəfələrlə tarix təkrar olunacaqsa və yenə də bir yerdə olacaqsınızsa, bu gün bütün körpülərin yandırılması ağıllı addımdırmı? Buna nə ehtiyac var? Bu gün Azərbaycan cəmiyyətində ağır sosial-iqtisadi problemlər meydana çıxıb, əhalinin vəziyyəti getdikcə pisləşir, insanların hüquqları pozulur. Bu cür ağır problemlər qalıb bir kənarda, başlayıblar bir-birlərini ittiham etməyə. Bu, yolverilməz addımdır. Elə bütün bunlara görə də xalq müxalifətə yaxın gəlmir.
-1989-cu ilin oktyabrında Vaqif Səmədoğlu Batabat yaylağında dedi ki, "Mənim Etibar Məmmədova və Nemət Pənahlıya böyük hörmətim var. Amma sabah onlardan biri Azərbaycanda hakimiyyətə gəlsə, çamadanımı yığışdırıb Hollandiyaya köçəcəyəm. Onların başçı olduğu ölkədə mən yaşamaram". İndi mən deyirəm: bu gün bir-birinə qarşı bu cür iyrənc savaş açan Müsavatla AXCP-nin demokratiya qurmaq istədiyi ölkədə yaşamaq istəmərəm... Və artıq çoxları mənim kimi düşünür...
-Bilirsiniz, əvvəllər hər bir siyasi partiyanın öz mətbuat orqanı var idi və mövqeyini, maraqlarını orada ifadə edir, öz təbliğatını aparırdı. Amma artıq bir şeyi dərk eləmək lazımdır ki, sosial şəbəkələr mətbuatı tamamilə sıxışdırıb. Partiyaların qəzet adlı tribunaları yavaş-yavaş əllərindən çıxır. Artıq cəmiyyət sosial şəbəkələrdə prosesləri müzakirə edir və mətbuata çıxmağa ehtiyac duymur. Sosial şəbəkələrdə bu qarşıdurma haqqında gedən statuslara fikir versəniz, görərsiniz ki, cəmiyyətin böyük hissəsi bundan narazılıq edir. Əslində, bu cür proseslərin baş verməsi çox yaxşıdır və cəmiyyət tədricən durulur. Kimin kim olduğunu cəmiyyət açıq şəkildə görür və bu partiyalara münasibət də aydınlaşır. Bu əsasda da cəmiyyət seçim edir. Ona görə də düşünürəm ki, hər ziyanda bir xeyir var. Bu gün Müsavatla AXCP-nin qarşıdurmasının son nəticəsi o olacaq ki, xalq özü seçim edəcək. Ya xalq bu partiyalardan birini seçib onun arxasınca gedəcək, ya da heç birini qəbul etməyəcək. Ən ağlabatan variant üçüncü bir qüvvənin ortalığa çıxacağıdır. Cəmiyyət də elə bu üçüncü qüvvənin ardınca gedəcək. Bu bir faktdır ki, cəmiyyətdə narazı kəsimin həcmi böyüməkdədir. Cəmiyyətin inkişafı ziyalılara bağlıdır. Ziyalıların əksəriyyəti heç bir siyasi qüvvəni qəbul etmir və çəkilib bir kənarda durub . Bu gün, heç olmasa, o ziyalıların fikirlərini ortalığa qoymalıyıq. Bu gün siyasi qüvvələrdən heç birini qəbul etməyib kənardan müşahidəçi rolunda çıxış edən ziyalıları da təqdir etmirəm. Ölkənin taleyinə biganə qalmaq düzgün deyil. Artıq elə bir dövr gəlib çatıb ki, ziyalı təbəqəsinin, gənclərin söz demək zamanı yetişib. Bu baxımdan yanaşarkən düşünürəm ki, AXCP-Müsavat qarşıdurmasının cəmiyyət üçün müsbət nəticəsi olacaq.
-Rüstəm İbrahimbəyovun yenidən Milli Şuranın sədrliyinə seçilməsi gündəmə çıxardılıb və indiki sədr Cəmil Həsənli bu ideyaya müsbət yanaşdığını bildirib. Sizcə, Rüstəm İbrahimbəyovun yenidən bu posta qayıtması dərin böhran içində olan Milli Şuranın fəaliyyətində canlanma yarada bilərmi?
-Cəmil bəy facebook-dakı statusunda bu barədə düşündürücü bir ideya ortalığa qoyub. Mənə elə gəlir ki, həmin fikrini bir az da genişləndirsə, Milli Şuranın fəaliyyətini fərqli bir biçimə salmaq olar. Mənim Rüstəm bəyə böyük hörmətim var. Vaxtilə onun namizədliyi irəli sürülərkən etirazımı bildirmişəm. Amma o, sədr seçildikdən sonra Milli Şuranın sədri kimi ona hörmətlə yanaşmışam. Sonrakı proseslərdə Rüstəm İbrahimbəyovun fəaliyyətinin görünməyən tərəflərini izlədikcə ona rəğbətim artdı. Onu bir ziyalı kimi müsbət dəyərləndirirəm. Düşünürəm ki, Rüstəm İbrahimbəyov Cəmil Həsənli ilə əl-ələ verib Milli Şuranın işini qura bilsələr, bundan ancaq cəmiyyətimiz uda bilər.
-Bəs Siz və yaratmaqda olduğunuz siyasi qurum Milli Şuraya qoşula bilərmi?
-Hər şey qarşıya qoyulacaq məqsəddən asılı olacaq.

Söhbətləşdi:
Fərzuq Seyidbəyli